Aida Eyvazlı GÖYTÜRK, Jurnalist, İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri.
6 gün əvvəl Qazaxıstandan qayıtmışam. Bu qardaş ölkədə gördüyüm, təsadüfən söhbət etdiyim insanların çoxundan bir söz eşitdim: “Sizin prezidentiniz kişi adamdır! Azərbaycanı çox sevirik!”.
Toylarında iştirak etdiyim Balanbayevlər ailəsinin qonaqlarının hamısı Azərbaycandan gəldiyimizi biləndə bizə yaxınlaşır və ürək sözlərini çatdırırdılar. Azərbaycana səfərlərindən xoş təəssüratlarını bölüşürdülər.
İyulun 4-7-si arası isə Şuşada təşkilatçılarından biri olduğum "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda Xankəndidə keçirdiyimiz beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan, çərkəz xalqını təmsil edən qonaqlarımız Azərbaycanın hünərindən, zəfərindən bugünkü geniş qlobal meydandakı rolundan, ölkə başçısının beynəlxalq aləmdəki nüfuzundan danışdılar. Azərbaycan Prezidentinin əzmi və döyüşçülərimizin rəşadəti ilə geri aldığımız torpaqlarda gəzərkən, “Kaş biz də öz doğma yurdlarımıza belə qayıda biləydik,” - deyə, ağ həsəd apardıqlarını söylədilər.
Onlar da Vətənlərindən ayrıdırlar. Onlar də Vətən həsrəti çəkirlər. Lakin çərkəzlərin dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələri Vətənə xəyanət etməyib, hər zaman Vətəni rus imperiyasının əlindən almaq mücadiləsi aparıblar.
Biz isə o boyda İmperiyanın caynağından xilas olmuşuq!!!
Dünyanın hər yerində Vətənindən gedib mühacir həyatı yaşayanlar olub. 100 il bundan əvvəl də Azərbaycandan hicrətə mühacir kimi gedənlər az olmayıb. Onlar Vətəndən kənarda Vətənin təəssübünü çəkib, vətəni satmayıblar.
Son 20-25 ildə Ramiz Mehdiyev və digər dövlətimizi içəridən yeyənlərin maaliyyələşdirdiyi bir qrup xəyanətkar dəstə, Azərbaycandakı üzdəniraq şəxslərdən maliyyə alaraq, Vətəni, vətəndaşlarımızı təhqir edir, dövlətimizə ləkə yaxır, öz tərbiyələrini sosial şəbəkələrdən nümayiş etdirirlər. Onların sosial şəbəkələrdə yaydıqları hədyanlar isə əhalimizin böyük hissəsi üçün maraqlı deyil. Dəfələrlə Vətənin qədrini bilənlər onların cavabını verib və verməkdədirlər.
Lakin, dünən Almaniyanın paytaxtında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vətəni və vətəndaşlarımızı aşağılayan, əxlaqsız videoları, dezinformasiya xəbərləri ilə ürək bulandıran, yüksək tribunaların aşağılarında və ya hasar dalında dayanıb Azərbaycana həqarətlər yağdıran özünü “jurnalist” hesab edən məxluqa və onun kimilərinə kim olduqlarını bir daha xatırlatdı.
Bu gün 22 iyul Milli Mətbuat günündə biz əsil qələm sahibləri, jurnalistlər cənab Hikmət Hacıyevin vətəni satan, vətənə xəyanət edənlərin ümumi obrazını bir neçə cümləlik dialoqda dəqiq təsvir etməsinin həzzini yaşayırıq.
Mən uzun illər Vətəndən kənarda Azərbaycan televiziyasını təmsil etdim. Dünyanın hər yerindən Vətənimə dost qazandırdım. Bu gün o dostlar Azərbaycanın haqq səsini dünyaya yayır. 400 illik tarixdə işğalşçı rus impertiyasının əlindən torpaqlarımızın geri alınmasını öz zəfərləri sayırlar.
İnsan ac da olar, işsiz də... Bunlar keçib gedir.
Lakin vətənsizlik çox ağırdır, bayrağı olmamaq böyük dərddir. Bizim Vətənimiz var... Bizim bayrağımız var!!!
Qarabağ döyüşlərində həlak olan oğlanlarımız, igidlərimiz döyüşə gedəndə düşünmədilər ki, vətən mənim üçün nə edib. Onların bir düşüncəsi var idi: mən Vətən üçün gedirəm. Təki Vətən yaşasın.
Biz Vətənimizi sevirik, yolunda canımızım verməyə hər zaman hazırıq!!!
Yazıq o şəxsdir ki, adı vətən xaini, xəyanətkarıdır!!!