Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistan və Azərbaycan arasında yeni yolların tikintisinin region üçün faydalı olduğunu bildirib və bu infrastrukturun Gürcüstanla rəqabət yaratmayacağını vurğulayıb.
Bakupost.az xəbər verir ki, nazir bu fikirləri “Imedi LIVE” proqramında səsləndirib.
Maka Boçorişvili qeyd edib ki, regionda yeni nəqliyyat bağlantılarının yaranması Gürcüstanın strateji mövqeyini zəiflətməyəcək:
“Biz bu yolları Gürcüstan üzərindən keçən mövcud yol ilə rəqabət olaraq görmürük. Yeni yollar regionun nəqliyyat əlçatanlığını artıracaq. Lakin heç bir yol Gürcüstanın rolunu əvəz edə bilməz. Yük dövriyyəsi hər il artır ki, azalmır. Hətta əlavə üç dörd yol açılsa da, bu, Qərb və Şərq arasında baş verən bütün nəqliyyat axını üçün kifayət etməyəcək”.
Nazir həmçinin Ermənistan və Azərbaycan arasında mövcud prosesləri müsbət qiymətləndirdiklərini bildirib. Onun sözlərinə görə, regionda ticarət və nəqliyyat əlaqələrinin inkişafı Gürcüstan üçün əlavə üstünlüklər yaradacaq.
Cavid, BakuPost