“Zəngəzur dəhlizi”nin Amerika şirkətlərinin iştirakı ilə açılması gözlənildiyi kimi, İran və Rusiyada etirazlarla qarşılanıb. İranın ali dini-siyasi rəhbərinə yaxın mühafizəkar siyasətçilər çox açıq şəkildə öz mövqelərini bildirirlər. Hətta İran tərəfindən müəyyən qədər hədələr də səslənməyə başlayıb. Lakin bu gözlənilən idi. Güman ki, bu açıqlamalar yenə davam edəcək.”
Bu fikirləri
Bakupost.az-a siyasi şərhçi
Zaur İbrahimli Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiyanın Ermənistana gözlənilən təzyiqlərini şərh edərkən bildirib.
Z. İbrahimlinin sözlərinə görə, hazırkı mərhələdə rəsmi Tehran tərəfindən Azərbaycana və ya Ermənistana qarşı konkret addımların atılması və ya yeni təşəbbüslərin irəli sürülməsi gözlənilmir:
“Hazırda ABŞ-İran gizli danışıqları gedir. İsraillə12 günlük müharibədən sonra İran həm geosiyasi mövqe, həm də hərbi potensial baxımından zəifləyib. Eyni zamanda prezident Pezeşkiyanın da açıqlamaları göstərdi ki, rəsmi Tehranda fərqli düşünənlər də var və Zəngəzur dəhlizinin açılmasını İranın geosiyasi maraqları kontekstində dəyərləndirirlər”.
Z.İbrahimli bildirib ki, Ermənistan İranla məsləhətləşmələr aparıb və onun maraqlarının nəzərə alınacağını bəyan edib:
“Bu barədə İran prezidenti məlumat verib. Zəngəzur dəhlizi reallıqda İran üçün də geniş imkanlar açır. İran Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan dəmir yolu şəbəkəsinə, Ermənistan dəmir yollarına çıxış əldə edir. Həmçinin Gürcüstan, Türkiyə dəmir yolu şəbəkəsinə əlavə çıxış əldə olunur. Yəni prinsip etibarilə Zəngəzur dəhlizi regionun bütün ölkələrini birləşdirən qovşaq rolunda nəzərdən keçirilə bilər. Sadəcə, İran süni, daha çox ideoloji klişelərə söykənən maraqları önə çəkərək bu mövqedən çıxış edir. Amma bir daha qeyd edirəm, Tehranda fərqli düşünən dairələr də var və son günlər bu, daha açıq şəkildə özünü göstərir. Həmçinin İran Prezidentinin Ermənistana səfəri gözlənilir. Bu səfər zamanı Ermənistan daha detallı şəkildə İranı məlumatlandıracaq və güman edirəm ki, zəmanət verəcək ki, yalnız tikinti-quraşdırma və idarəetmə işlərində ABŞ şirkətləri cəlb olunacaq. Hər hansı hərbi komponentdən, təhlükəsizliklə əlaqəli məsələlərdə hərbi iştirakdan söhbət gedə bilməz”.
Rusiya ilə bağlı vəziyyətin isə daha mürəkkəb olduğunu deyən ekspert bildirib ki, hələlik Rusiya rəsmiləri təmkinli mövqedən çıxış edirlər:
“Əvəzində Rusiya təbliğatçılarının Azərbaycana yönəlik ittihamları daha da artıb. Hətta hərbi təhdidlər də səslənməkdədir. Rusiya rəsmilərinin təmkini, gözlənilən Tramp–Putin danışıqları ilə əlaqələndirilə bilər. Bu danışıqlar ərəfəsində görünür ki, rəsmi Kreml prezident Trampın da şəxsən iştirak etdiyi və maraqlandığı layihə ilə əlaqədar sərt açıqlamalar vermək istəmir. Hesab edilir ki, bu, gələcək danışıqlara kölgə sala bilər. Lakin Rusiya təbliğatçıları bunun əksinə olaraq Azərbaycana yönəlik təhdidləri, yalanları daha da artırıb və intensivləşdiriblər. Ermənistana münasibətdə isə Rusiya təzyiqləri davam etdirir. Bu, yalnız Zəngəzur dəhlizi ilə bağlı deyil. Gələn il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və gözlənilir ki, artıq yay tətili, məzuniyyət mövsümündən sonra daxili siyasi proseslərə yeni dinamika gələcək. Açıq görünür ki, Rusiya Paşinyanın əleyhinə müxalifəti təşkilatlandırır, ona təbliğat dəstəyi verir və eyni zamanda kilsənin Paşinyanın əleyhinə fəaliyyətinin daha da güclənəcəyi gözlənilir. Həmçinin Rusiya təbliğat vasitələri də Paşinyanı hədəf götürüblər”.
Z. İbrahimli vurğulayıb ki, sentyabrdan etibarən İran və Rusiya daha intensiv və sərt addımlar ata bilər və bu halda Paşinyanın Qərbin dəstəyinə ehtiyacı artacaq:
“Rusiya və İranın təzyiqlərini yalnız Qərb ölkələrinin dəstəyi ilə neytrallaşdırmaq mümkündür. Bu, həm də Ermənistan cəmiyyətini öz tərəfinə çəkmək üçün olduqca vacibdir. Paşinyan mütləq nümayiş etdirməlidir ki, dünyanın aparıcı ölkələri - ABŞ, Fransa onun komandasının təşəbbüslərini dəstəkləyir, o cümlədən Zəngəzur dəhlizinin amerikalıların iştirakı ilə açılmasını müdafiə edirlər və bu, reallıqda Ermənistanın gerçək milli maraqlarına cavab verir. Həmçinin Azərbaycanla artıq paraflanmış sülh sazişi də Paşinyanın aktivinə yazıla bilər. Paşinyan regional kommunikasiya xətlərinin açılmasını Ermənistanın iqtisadi rifahının yüksəldilməsi kimi təqdim edəcək. Onun bu addımları Qərbdə, xüsusən Avropa İttifaqı və ona üzv ölkələrdə dəstəklənərsə, artıq Paşinyan üçün əlavə imkanlar yaranacaq.
Ümumiləşdirsək, deyə bilərik ki, sentyabr ayından etibarən İran və Rusiyanın aktivləşdiyini görəcəyik, onlar Ermənistan və Azərbaycana təzyiqləri artırmağa başlayacaqlar. Təbliğat və informasiya təzyiqinin artacağını gözləyə bilərik”.
Ekspert qeyd edib ki, Azərbaycan bu təzyiqləri neytrallaşdırmaq üçün kifayət qədər imkanlara malikdir:
“Azərbaycan keçmiş təcrübədə bunu nümayiş etdirib. Həm İrana, həm Rusiyaya münasibətdə Azərbaycanın kifayət qədər təsir mexanizmləri mövcuddur. Azərbaycan–Türkiyə ittifaqı, Türk Dövlətləri Təşkilatının dəstəyi, Azərbaycanın müttəfiqlər alyansı bu təzyiqləri neytrallaşdırmaq üçün ölkəmizə böyük imkanlar verir. Həmçinin Azərbaycanın iqtisadi potensialı da bu təzyiqlərin neytrallaşması üçün zəmin yaradır. Ermənistan isə xarici təsirlərə daha həssasdır və onun üçün xarici təsirləri kompensasiya etmək üçün əsas vasitə Qərb ölkələrinin dəstəyidir. Proqnozlaşdırmaq olar ki, Ermənistan növbəti dəfə qlobal geosiyasi rəqabət mərkəzlərindən biri olacaq. Paşinyanın indiki mövqeləri pis deyil. Azərbaycanla razılaşmaları, Vaşinqtonun dəstəyi, Vaşinqtonda əldə olunan razılaşmalar və imzalanan sənədlər də onun aktivinə yazıla bilər”.
Lalə Novruz,
BakuPost