Ayda gələcəkdə daimi bazalar və böyük şəhərlər qurmaq üçün enerji baxımından imkanların olduğu, lakin su ehtiyatlarının ciddi problem yarada biləcəyi açıqlanıb.
“Bakupost” xəbər verir ki, Ayın qütblərindəki bəzi kraterlərin dibləri milyardlarla ildir Günəş işığı almır. Temperaturun mənfi 163 dərəcədən aşağı olduğu bu ərazilərdə su tərkibli buz uzun müddət qorunur. Bu ərazilər “soyuq tələlər” adlandırılır.
Əvvəlki hesablamalarda Ayda 910 milyon metrik tona qədər suyun ola biləcəyi ehtimal edilirdi. Lakin yeni qiymətləndirmələr su ehtiyatlarının bu rəqəmdən təxminən 30 dəfə az ola biləcəyini göstərir.
Tədqiqatçılar 100 min və 1 milyon nəfərlik yaşayış məntəqələrinin davamlılığını araşdırıblar. Hesablamalara görə, enerji istehsalı əsas problem olmayacaq. Ayın qütblərindəki bəzi ərazilərdə günəş panelləri vasitəsilə təxminən 3 giqavat elektrik enerjisi istehsal etmək mümkündür.
Əsas problem isə sudur. Su təkrar emal edilmədikdə böyük yaşayış məntəqələrinin ehtiyatları cəmi bir neçə il ərzində tükənə bilər. Hətta suyun 98 faiz səmərəliliklə təkrar emalı mümkün olsa belə, 1 milyon nəfərlik şəhərin mövcud ehtiyatları bir əsrdən bir qədər çox müddətdə tükədə biləcəyi hesablanır.
Mövcud su ehtiyatlarının daha az olduğu təsdiqlənərsə, kiçik şəhərlər belə təxminən 10 ildən sonra su çatışmazlığı ilə üzləşə bilər. Alimlər problemi azaltmaq üçün suyun təkrar emalının təkmilləşdirilməsi, şaquli əkinçilik və Ayın daha dərin qatlarında su ehtiyatlarının axtarılmasını mümkün həllər kimi göstərirlər.
Vüsalə Hüseynova,
BakuPost