Ru
16:31 / 27 Yanvar 2026

1,7 milyon nəyə xərclənəcək? – Turizm agentliyi böyük tender elan etdi

1,7 milyon nəyə xərclənəcək? – Turizm agentliyi böyük tender elan etdi
Eye

Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Dövlət Turizm Agentliyi dörd irimiqyaslı tender elan edib. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin (info-turların) təşkili nəzərdə tutulur.
Tenderlər üzrə ümumi məbləğ 1 milyon 705 min 801 manat təşkil edir.

Maraqlıdır, bu addım Azərbaycanın turizm sektorunun inkişafı baxımından nə dərəcədə effektivdir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Dövlət Turizm Agentliyi hazırda ölkənin turizm siyasətini həyata keçirən və bu sahədə əsas koordinasiyaedici qurumdur:


“Xarici ölkələrdə – Çin, Türkiyə, Rusiya, İsrail kimi bazarlarda turizm nümayəndəliklərinin açılması ölkənin turizm potensialının tanıdılması baxımından mühüm rol oynayır. Təbii ki, bu cür fəaliyyətlər müəyyən maliyyə tələb edir və bir çox ölkələr bu xərcləri qarşılayır. Əsas hədəf bazarlarından ölkəyə daha çox turist cəlb etmək üçün müxtəlif təbliğat işləri aparılır, əlaqələr qurulur və bunların hamısı müəyyən maliyyə vəsaiti tələb edir. Bu xərcləmələrin nə dərəcədə effektiv olduğunu ölçə bilmərik, amma dünyada istənilən məhsulun və ya ölkənin tanıdılması üçün reklam xərcləri olur. Nəticəsi isə hər zaman dərhal görünməyə də bilər”.

Ekspertin sözlərinə görə, son illər bloqerlərin, yutuberlərin və tanınmış şəxslərin müxtəlif ölkələrə dəvət olunması geniş yayılmış trendə çevrilib:

“Onların səfər zamanı çəkdikləri videolar, paylaşdıqları görüntülər sosial şəbəkələrdə geniş auditoriya tərəfindən izlənilir və bu da həmin məkanlar haqqında real təsəvvür formalaşdırır. Məşhur şəxslərin getdikləri əraziləri canlı şəkildə təqdim etməsi, oradakı adət-ənənələri, mətbəxi, restoranları və ümumi atmosferi göstərməsi izləyicilər üçün kifayət qədər maraqlıdır. Bu baxımdan, görülən xərclərin effektivliyinin qarşıdakı illərdə daha aydın şəkildə özünü göstərəcəyi ehtimal olunur”.

C.Aşurov xatırladıb ki, rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycanın turizm sektorunda 2 faiz azalma qeydə alınıb:

“Xüsusilə Bakı şəhərində yerləşən hotellərin doluluq səviyyəsində təxminən 30 faizə yaxın azalma müşahidə olunub. Bu da göstərir ki, regionda mövcud olan gərginliklər, müharibələr və xüsusilə hədəf bazarlarla bağlı problemlər ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərir”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar