Göyçayda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimin şagirdə xəsarət yetirdiyi iddia olunur.
Bakupost.az xəbər verir ki, bu barədə Metbuat.az-a rayon sakini müraciət edib. İddiaya görə, Göyçay şəhərində repetitorluq edən coğrafiya müəllimi evində dərs hazırlığı zamanı 17 yaşlı şagird A.E-nun sağ qoluna taxta parçası ilə vurub.
Bildirilib ki, hadisədən sonra şagirdin qolunda ağrılar artdığından valideyni onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparıb: "Müayinələr zamanı yeniyetmənin sağ qolunda sınıq və dərialtı qansızma aşkarlanıb. İkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".
Şagirdin anası Aidə Şirinova iddia edib ki, müəllim Günəş Quliyeva hadisə ilə bağlı üzr istəməyib. Valideynin sözlərinə görə, övladının qolundan xəsarət alması onun yaxın günlərdə keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək. Valideyn övladının imtahanda iştirak etməsi üçün aidiyyatı qurumlardan xahiş edir.
Məsələ ilə bağlı müəllim G.Quliyevanın mövqeyini öyrənmək mümkün olmayıb. Belə ki, çəkiliş qrupu onun yaşadığı ünvana getsə də, qapını açan olmayıb. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 17 yaşlı Göyçay rayon sakininin xəsarət alması ilə bağlı daxil olmuş müraciət üzrə polis əməkdaşları tərəfindən prosessual araşdırma aparılır. Tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.