Avropada müşahidə olunan rekord isti hava dalğası iqlim dəyişikliyinin gözləniləndən daha sürətlə irəlilədiyini göstərir.
Bakupost.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki, 2014-cü ildə 2050-ci il üçün hazırlanan temperatur proqnozlarında nəzərdə tutulan göstəricilər artıq 2026-cı ildə qeydə alınır.
Məlumata görə, Fransanın bəzi bölgələrində havanın temperaturu 44,3 dərəcəyə çatıb. Ölçmə aparılan 34 məntəqənin 19-da 2050-ci il üçün proqnozlaşdırılan temperatur həddi aşılıb, bəzi ərazilərdə isə göstəricilər proqnozdan 2 dərəcədən çox yüksək olub.
İqlimşünas Robert Rode bildirib ki, bu, istisna hal deyil və Qərbi Avropada belə ekstremal istilər gələcəkdə daha tez-tez müşahidə olunacaq. Fransanın meteorologiya xidməti Meteo Frans xəbərdarlıq edib ki, mövcud tendensiya davam edərsə, əsrin sonuna qədər isti hava dalğaları iki aya qədər fasiləsiz davam edə bilər.
Fransanın Milli İctimai Sağlamlıq Agentliyinin məlumatına görə, isti hava dalğasının ən şiddətli olduğu günlərdə ölkədə 1000-dən çox insan həyatını itirib. Ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslər olsa da, bütün yaş qruplarında ölüm hallarının artdığı bildirilib. Rekord istilər gündəlik həyata da ciddi təsir göstərib. Qatar reyslərində gecikmələr yaşanıb, bəzi məktəblər bağlanıb, iş saatları məhdudlaşdırılıb.
Sərinlənmək üçün çay və göllərə girənlər arasında boğulma halları da artıb. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, son 1 həftədə 74 nəfər boğularaq ölüb.
Dünya Səhiyyə Təşkilatı (DSÖ) isə bildirib ki, 21 iyundan etibarən Avropada istilə bağlı 1300-dən çox ölüm qeydə alınıb. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus “İsti səssiz qatildir. Avropadakı evlər, iş yerləri və məktəblər belə yüksək temperaturlara uyğun inşa edilməyib” - deyə, xəbərdarlıq edib.
Röya Rizvanzadə, BakuPost