“The Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ ordusu İrana qarşı həyata keçirilən hücumlarda 850-dən çox “Tomahawk” tipli qanadlı raketdən istifadə edib. Bildirilir ki, raketlərin böyük hissəsi hücumların ilk günlərində buraxılıb və bu vəziyyət Pentaqon rəsmiləri arasında narahatlıq yaradıb.
Bakupost.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, istifadə olunan “Tomahawk” raketlərinin sayı Pentaqon tərəfindən diqqətlə izlənilir. Qeyd olunur ki, mövcud ehtiyatlar yalnız İran əməliyyatları üçün deyil, həm də gələcək hərbi tapşırıqlar baxımından strateji əhəmiyyət daşıyır.
Rəsmilərdən biri Yaxın Şərqdəki “Tomahawk” ehtiyatlarını “narahatlıq doğuracaq dərəcədə az” kimi qiymətləndirib. Digər bir rəsmi isə bildirib ki, tədbir görülməzsə, ehtiyatlar hərbi terminologiyada “Winchester” adlandırılan – yəni sursatın tam tükənməsi həddinə çata bilər.
ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi Şon Parnell Yaxın Şərqdə istifadə olunan və ya qalan “Tomahawk” raketlərinin dəqiq sayı ilə bağlı suallara birbaşa cavab verməyib. O bildirib ki, ABŞ ordusu Prezidentin istədiyi vaxtda, istədiyi yerdə və istənilən tapşırıq üçün lazım olan bütün imkanlara malikdir. Eyni zamanda, bəzi media orqanlarının ordunun gücünü zəif göstərməyə çalışdığını iddia edib.
Məlumata görə, müasir “Tomahawk” raketləri 2004-cü ildən etibarən istifadə olunur. Bu raketlər GPS vasitəsilə əvvəlcədən proqramlaşdırılmış hədəfləri vurmaq, peyk vasitəsilə əlaqə saxlamaq və zərbə nəticələrini komandanlığa ötürmək imkanına malik kameralarla təchiz olunub.
Xəbərdə həmçinin qeyd olunur ki, istifadə edilən raketlərdən ən azı biri Minab şəhərində yerləşən bir qız ibtidai məktəbinin ətrafına düşüb.
Cavid, BakuPost