İran Çindən səsdən sürətli gəmi əleyhinə qanadlı raketlərin alınması ilə bağlı razılaşmaya yaxınlaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan altı mənbə Reuters agentliyinə məlumat verib. Sözügedən proses ABŞ-nin mümkün zərbələrlə əlaqədar İran sahilləri yaxınlığında genişmiqyaslı dəniz qüvvələri cəmləşdirdiyi bir vaxta təsadüf edir.
Mənbələrin bildirdiyinə görə, Çin istehsalı olan “CM-302” raketlərinin alınması ilə bağlı razılaşma yekun mərhələyə çatıb. Hələlik tədarük tarixləri razılaşdırılmayıb. Təxminən 290 kilometr məsafəyə malik bu raketlər aşağı hündürlükdə və yüksək sürətlə uçmaqla gəmi müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Hərbi ekspertlər bildirirlər ki, bu silahların İrana verilməsi ölkənin zərbə potensialını əhəmiyyətli dərəcədə artıraraq regiondakı ABŞ hərbi-dəniz qüvvələri üçün ciddi risk yarada bilər.
Danışıqların ən azı iki il əvvəl başladığı, lakin İsrail–İran arasında baş vermiş 12 günlük müharibədən sonra kəskin şəkildə sürətləndiyi qeyd olunur. Mənbələr arasında İran hökuməti tərəfindən məlumatlandırılmış üç rəsmi şəxs və üç təhlükəsizlik rəsmisi var. Onların sözlərinə görə, ötən yay danışıqların final mərhələsində İranın yüksək rütbəli hərbi və hökumət nümayəndələri Çinə səfər edib. Bu səfərlər sırasında İranın müdafiə nazirinin müavini Məsud Orayeinin də olduğu bildirilir. Bu məlumat indiyədək ictimaiyyətə açıqlanmamışdı.
“Əgər İran gəmi hədəflərinə qarşı səsdən sürətli zərbə imkanları əldə edərsə, bu, oyunun qaydalarını dəyişə bilər. Bu raketləri vurmaq olduqca çətindir”, – deyə israilli təhlükəsizlik analitiki Danni Tsitrinoviç bildirib.
“Reuters” razılaşmanın maliyyə dəyərini, alınacaq raketlərin sayını və ya Çinin artan regional gərginlik fonunda bu müqaviləni icra edib-etməyəcəyini dəqiqləşdirə bilməyib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə agentliyə bildirib ki, Tehran müttəfiqləri ilə hərbi və təhlükəsizlik sazişlərinə malikdir və hazırkı mərhələdə bu razılaşmalardan istifadə üçün uyğun vaxtdır.
Çinin Xarici İşlər Nazirliyi “Reuters”in məlumatına dair verdiyi şərhdə, belə bir raket satışı ilə bağlı danışıqlardan xəbərdar olmadığını bildirib. Çin Müdafiə Nazirliyi isə sorğuya cavab verməyib. Ağ Ev də İran–Çin raket danışıqları barədə birbaşa mövqe açıqlamayıb. ABŞ prezidenti Donald Trampın İrana ya razılaşma, ya da “çox sərt addımlar” arasında seçim imkanı verdiyi xatırladılıb.
Potensial razılaşma Çinin İranla hərbi əlaqələrinin dərinləşdiyini göstərir və Vaşinqtonun İranın raket proqramını məhdudlaşdırmaq səylərini çətinləşdirir. Eyni zamanda, ABŞ regionda hərbi mövcudluğunu artırır. İran sahilləri yaxınlığında “USS Abraham Lincoln” aviadaşıyıcısı və onun zərbə qrupu yerləşdirilib, “USS Gerald R. Ford” aviadaşıyıcısının da bölgəyə doğru hərəkət etdiyi bildirilir. Bu iki gəmi birlikdə 5 mindən çox hərbçi və 150-dən artıq aviasiya vasitəsi daşıya bilir.
Ekspertlərin fikrincə, Çinin İrana bu cür qabaqcıl silah sistemləri satması BMT-nin silah embarqosuna meydan oxuyur. 2006-cı ildə tətbiq olunan embarqo 2015-ci il nüvə sazişindən sonra dayandırılsa da, ötən ilin sentyabrında yenidən qüvvəyə minib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun tədqiqatçısı Piter Veçeman qeyd edib ki, “CM-302” raketləri ötən ilki müharibədən sonra zəifləyən İran arsenalı üçün ciddi gücləndirmə olacaq.
Bundan başqa, mənbələr İranın Çindən hava hücumundan müdafiə sistemləri, ballistik raketlərə qarşı vasitələr və hətta anti-peyk silahları almaq imkanlarını da müzakirə etdiyini bildirirlər.
Cavid, BakuPost