ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO
130
ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkəmizə dünyanın 163 ölkəsindən 337 mindən çox əcnəbi gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.
Mütəxəssislərin sözlərinə görə, bu tip münaqişələr zamanı turistlərin əsas qərar amili təhlükəsizlik olur. Nəticədə bəzi istiqamətlərə maraq azalır.
Bakupost.az xəbər verir ki, bu barədə Turizm eksperti Rəhman Quliyev Baku TV-yə danışıb.
O bildirib ko, Dünya Turizm Şurasının açıqlamasına görə, müharibə dövründə qlobal turizm sektoruna gündəlik 600 milyon dollardan çox zərər dəyib:
"Bu zərərdə Azərbaycanın da payı var. Körfəz ölkələri müharibədən əvvəl ən çox turist qəbul edən istiqamətlər sırasında idi. Hazırda isə həmin ölkələrə turist axını azalıb. Bu isə alternativ istiqamət kimi Azərbaycanın imkanlarını artırır".
Ekspertin sözlərinə görə, qarşıdan gələn yay mövsümündə yerli turistlərin ən çox üz tutacağı istiqamətlər Türkiyə, Yunanıstan, Misir və Monteneqro olacaq. Eyni zamanda bu ölkələrdən Azərbaycana da turist axını gözlənilir:
"Türkiyə istiqamətində - Antalya və Bodrum üçün 2 nəfərlik gediş-dönüş bileti, transfer və gündə üç dəfə qidalanma daxil olmaqla 1 həftəlik tur paketlərin qiyməti 850 dollardan başlayır. Yunanıstanın Krit adasına tur paketlər 2 000-2 500 avro civarındadır. Misirin Şarm əl-Şeyx istiqamətində isə qiymətlər nisbətən daha münasibdir - iki nəfər üçün 1 həftəlik paket 1 300-1 500 dollar təşkil edir. Monteneqroda isə qiymətlər 2 500-3 000 avrodan başlayır".
Beləliklə, mövcud vəziyyət fonunda maraq daha çox ölkədaxili turizmə yönəlir. Quba, Qusar, Qarabağ və cənub bölgələrinə tur paketlərinə tələbat artıb. Hazırda regionlarda hotel qiymətləri bir gecə üçün 100-250 manat arasında dəyişir.