“Azərbaycanla Ermənistan arasında münaqişənin sona yetməsi, hansısa sülh sənədinin imzalanması müsbət hadisədir. Bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər alqışlanmalıdır. İkincisi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırıldı və elan edildi ki, mətn hazırdır. Burada hansısa bir ölkənin gəlib nəsə fəallıq göstərməsi məntiqlə uyuşmur”.
Bu sözləri
Bakupost.az -a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində Rusiya və İranın təxribatlara əl atması ehtimalları barədə danışarkən bildirib.
Z.Əlizadənin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasının qarşısında iki əsas maneə vardı. Bunlardan biri, iki dövlətin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməsi, digəri isə Ermənistan Konstitusiyasının müqəddiməsindəki müstəqillik bəyannaməsinə istinadın götürülməsi idi:
“Bu maneələr aradan qalxdıqdan sonra heç bir əngəl qalmayacaq. Belə bir məlumat var ki, Azərbaycan və Ermənistan birgə bəyanat verəcəklər ki, Minsk qrupunun qalmasına ehtiyac yoxdur. Bu, müsbət haldır. Əgər Ermənistanla Azərbaycanın Minsk qrupunun buraxılması müraciətinə Amerika da qoşulacaqsa, dünyanın ən qüdrətli dövləti bu məsələdə iki kiçik, kompakt dövlətə dəstək verəcəksə, bu, özü müsbət hadisədir”.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının aradan qaldırılmasının isə müəyyən zamana ehtiyacı olduğunu bildirən ekspert, ola bilsin ki, bunun 2026 və ya 2027-ci illərdə baş tuta biləcəyini qeyd edib:
“Buna görə də məncə, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi deyil, onun imzalanması niyyəti barədə hansısa birgə sənəd imzalanacaq. Bu sənədə də Amerika qoşula bilər. Tramp özünün Nobel sülh mükafatı almaq istiqamətində istəyinə əlavə bir dəstək ala bilər. Vəssalam.”
Z.Əlizadənin fikrincə, ABŞ-nin daha bir istəyi Zəngəzur dəhlizinə nəzarəti əldə etməkdir və Ermənistanın bu təklifi qəbul edəcəyi gözlənilir:
“Əgər belə olarsa, əlbəttə ki, bu, İranın qəzəbinə səbəb olacaq. Eyni zamanda Azərbaycan bu zaman İranla razılaşıb Araz çayının sağ sahili boyunca Araz dəhlizini aça bilər. Dəmiryolu da tikiblər, şosse yolu da açıla bilər. O zaman Ermənistan könüllü blokadada qalacaq. Çünki bu Transxəzər dəhlizinin mənası odur ki, Çin istəyir, Avropaya gedən mallar quru yolla maneəsiz keçsin. Bu, Çinlə çənələşməyə çalışan Amerikaya əl vermir. Amerika çalışır ki, mane olsun. Buna görə gətirib 42 km-lik Zəngəzur dəhlizinə hansısa bir Amerika şirkətini yerləşdirmək istəyir. Bu nəticə nə Avropaya, nə Azərbaycana, nə Gürcüstana, nə Türkiyəyə, nə Mərkəzi Asiya ölkələrinə lazımdır”.
Zərdüşt Əlizadə vurğulayıb ki, Ermənistan dost tapmaq və Zəngəzur dəhlizini ABŞ-nin nəzarətinə vermək niyyətindədirsə, bu, onun Transxəzər yol-rabitə layihəsindən kənarda qalması deməkdir:
“Biz də şəxsən imkan vermərik ki, bu qədər xərc, əziyyət çəkib yaratmağa çalışdığımız dəhlizə dünyanın o biri tərəfindən Amerika, Atlanta gəlib nəzarət etsin. Əgər bu yola nəzarət etməyə Amerika gəlsə, bu o deməkdir ki, Çinin Avropa ilə maneəsiz quru yolu ilə rabitəsi layihəsinə ölümcül zərbə vurular. Bu isə bizə lazım deyil”.
Lalə Novruz,
BakuPost