Ru
13:06 / 30 Oktyabr 2026

Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub

Ağdamda ev bölgüsü parlamentdə  mübahisəyə səbəb olub
Eye

Milli Məclisin deputatı Aqil Abbas Ağdam və Füzulidən olan, lakin hazırda başqa ərazilərdə yaşayan şəxslərin doğma yurdlarında tikilən evlərdən yararlana bilməməsi məsələsini gündəmə gətirib.

"Bakupost" xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı çıxışında bildirib ki, Ağdamda və Füzulidə aparılan tikinti-quruculuq işləri çərçivəsində sakinlərin mərhələli şəkildə köçürülməsi müsbət haldır.

Aqil Abbas qeyd edib ki, atasından qalma ev Ağdam şəhərinin mərkəzində yerləşib, 6 otaqdan və 8 sot torpaq sahəsindən ibarət olub, amma ailədə beş bacı və iki qardaş olmasına baxmayaraq, onların heç birinə ev düşmür:

“Ağdam və Füzulidə aparılan tikinti-quruculuq işlərini, sakinlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsini müsbət haldır. Amma burada bir məsələ var. Mən 1970-ci ildən Bakıda yaşayıram. Qaçqın və ya məcburi köçkün statusu daşımıram. Bəs atamın mülkünün yerində tikilən evlərdən niyə mənə və ailə üzvlərimə pay düşməməlidir? Ağdamdan, eləcə də Füzulidən olan çoxsaylı insanlar bu məsələ ilə bağlı mənə müraciət edirlər. Onlar da soruşurlar ki, niyə doğma yurdlarında onlara ev verilməsin? Xahiş edirəm, gələcəkdə bu məsələnin həllinə kömək göstərəsiniz. Milli Məclis də qaçqın və məcburi köçkün statusu ilə bağlı bu məsələyə yenidən baxmalıdır. Belə çıxır ki, mənim Ağdamda atamdan qalma yurdun yerində bina tikilir, amma həmin binadan mənə ev verilməyəcək. Mən də gedib öz cibimdən pul xərcləyərək Ağdamdan ev almalı olacağam. Niyə? Axı mənimlə yanaşı, qardaşımın və beş bacımın da heç birinə ev düşmür”.

Deputat bildirib ki, ailə üzvlərinin bir qismi evlilik və işlə əlaqədar başqa şəhərlərə köçüb.

Qardaşı isə iş yerini dəyişərək Ağcabədidə qeydiyyata düşüb. Nəticədə onların Ağdam üzrə əvvəlki qeydiyyatları ləğv edilib.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və bu çıxışla görülən işlərə ləkə saldığını bildirib:

“Bu qədər iş görülür, niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. O zaman da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız. Siz də, Bəxtiyar müəllim də deputatdır, ayrı tribuna yox idi ki, bu qanun müzakirə olunanda deyəydiniz? Sizin başqa imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız?”

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar