Avropa İttifaqı iki Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bunan səbəb kimi həmin şəxslərin - Tələt Səfərov və Etibar Eyyubun "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorlarda iştirakı" göstərilir.
Tələt Səfərov əvvəllər "Coral Energy" kimi tanınan və neft ticarəti ilə məşğul olan "Rivers" şirkətlər qrupunda yüksək vəzifə (CEO) tutur . Bu qrup, xüsusən də Rusiyanın dövlət neft şirkəti Rosneftin neft tədarükü və ixracını həyata keçirir
Etibar Eyub, "Coral Energy" daxil olmaqla, bir sıra şirkətlər şəbəkəsini təsis edib və idarə edir.
"Bu şirkətlər şəbəkəsi vasitəsilə o, neftin əsl mənşəyini gizlədərkən , xüsusən də Rusiyanın dövlət neft şirkəti Rosneftdən Rusiya neftinin tədarükünü və ixracını asanlaşdırır. Eyub həmçinin Krımın ilhaqına və Ukraynanın qeyri-sabitliyinə görə məsul olan Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorlarda da iştirak edir” - Aİ-nin məlumatında qeyd olunur.
Qeyd edək ki, bu il oktyabrın 15-də Böyük Britaniyanın Rusiyaya qarşı açıqladığı sanksiya paketində də hər iki azərbaycanlının adları olub.
Həmin sanksiya siyahısında “Lukoil”in prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov, onunla əlaqəli olan Zarax İliyev, “Coral Energy Group” neft ticarət şirkətinin rəhbərləri Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub və Tahir Qarayevin, həmçinin “Zəngəzur” şirkətinin rəhbəri Şükürovun və azərbaycanlı telejurnalist Nailə Əsgərzadənin adları yer alıb.