Ru
14:56 / 16 Avqust 2025

Putinə Tramp üçün Ukraynadan daha vacib məsələlər var - Zərdüşt Əlizadənin şərhi

Putinə Tramp üçün Ukraynadan daha vacib məsələlər var - Zərdüşt Əlizadənin şərhi
Eye

Alyaska görüşü, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan ən diqqətçəkən diplomatik hadisələrdən biri oldu. Görüş ətrafında çoxsaylı ehtimallar, gözləntilər və şərhlər formalaşsa da, nəticə etibarilə konkret siyasi irəliləyiş əldə olunmadı. İctimaiyyət və media görüşün daha çox Trampın imicinə və Putinin siyasi legitimliyini gücləndirməyə xidmət etdiyini vurğulayır. Siyasi şərhçilər bu görüşün Ukrayna müharibəsinin həllinə real təsir göstərmədiyini bildirirlər. Həmin ekspertlərdən biri də politoloq Zərdüşt Əlizadədir.

O, Bakupost.az -a müsahibəsində Alyaska görüşünün nəticələri və tərəflərin məqsədlərini şərh edib:

“Görüş iştirakçılarının hər ikisi öz mənfəətlərini götürdü. Vladimir Putinin qazancı o oldu ki, dünyaya təcrid olunmadığını, onunla hesablaşıldığını göstərdi. Donald Tramp isə göstərdi ki, Nobel sülh mükafatı üçün necə çalışır: münaqişəni həll etməyə cəhd göstərir. Lakin ortada heç bir əməli nəticə yoxdur. Çünki nə Putin, nə Tramp Ukrayna torpaqlarının sahibidir. Putin görüş ərəfəsində 2021-ci ilin noyabrından Qərbə qarşı təqdim etdiyi iddialarının heç birində güzəştə getmədi.

İndi Ukraynanın Amerikadan aldığı yardımların hamısı Bayden dövründə qəbul edilmiş qərarların əsasında həyata keçirilir. Tramp hakimiyyətə gələndən sonra, onun hakimiyyəti Ukraynaya bir güllə, bir dollar belə verməyib. Hazırda Tramp elan edilmiş mövqeyini dünyaya göstərir. Yəni deyir ki, “Biz Ukraynaya kömək etməyəcəyik”. Ukrayna ordusu isə cəbhədə döyüşür, Avropa ölkələri vəd veriblər ki, Ukraynaya yardım edəcəklər.

Bu gün bu mövqeyi tutan Tramp Alyaskada Putinlə görüşür və deyir ki, biz sülh üçün çalışırıq, irəliyə doğru addımlar var. Amma bu konkret hansı addımdır? Heç bir addım yoxdur.

Çünki Rusiyanın tələbi məlumdur. Ukrayna etiraf etməlidir ki, Krım, Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətlərini itirib. Həmçinin bu ərazilər Rusiya torpaqları kimi tanınmalıdır.

Ümumilikdə Alyaska görüşü böyük bir siyasi gurultu qopartdı, amma onun əməli nəticəsi sıfıra bərabərdir. Hərçənd ki, Amerika ilə Rusiya arasında həllini gözləyən bir çox mühüm problemlər var. Ukrayna müharibəsi bu siyahıda birinci yeri tutmur. Birinci yeri nüvə silahlarına nəzarətin bərpası, yaxın və orta məsafəli raketlərin Avropadan yığışdırılması və digər təhlükəsizliklə bağlı məsələlərdir.

Amma hazırda bütün dünya Trampın Nobel mükafatı alması üçün qurduğu tamaşaların hay-küyünə qulaq asmaqla məşğuldur.”

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar