Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna ilə atəşkəs iddialarına cavab verərkən Rusiyanın əsas şərtini açıqlayıb.
Bakupost.az xəbər verir ki, Peskov yeni il atəşkəsinin yalnız müharibəyə son qoyacaq sülh anlaşması ilə mümkün olduğunu bildirib. O vurğulayıb ki, Rusiya Ukraynaya “nəfəs alma” fürsəti verəcək qısamüddətli atəşkəsi qəbul etməyəcək.
Peskov Berlində baş tutan görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskinin xüsusilə enerji infrastrukturu ilə bağlı hücumların dayandırılmasına çağırışlarını şərh edib. Kremlin sözçüsü deyib ki, atəşkəs çağırışları qalıcı sülh danışıqlarına bağlıdır və qısamüddətli planlarla kifayətlənmək Rusiya üçün qəbuledilməzdir.
Kreml rəsmisi həmçinin bildirib ki, Berlində AB və NATO liderləri ilə keçirilən görüşdə Ukraynaya təqdim edilən təhlükəsizlik zəmanətləri təkliflərini hələ rəsmi olaraq gözdən keçirməyiblər.
Berlindəki görüşdə Avropa liderləri, Trampın nümayəndələri, AB Komissiya və AB Şurasının sədrləri, NATO baş katibi iştirak edib. Görüşün yekununda Ukraynanın suverenliyinin qorunması və Avropada davamlı barışın təmin olunması üçün birgə işləmək barədə razılıq əldə olunub. Liderlər həmçinin Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək göstərmək məsələsində anlaşıblar.
Cavid, BakuPost