Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol barəsində ölüm hökmünün çıxarılması tələb olunub.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, ölkənin xüsusi prokurorluğu 2024-cü ildə hərbi vəziyyət elan edərək hakimiyyəti güc yolu ilə möhkəmləndirməyə cəhddə təqsirli bilinən sabiq prezidentə verilmiş ömürlük həbs cəzasının ağırlaşdırılmasını istəyib.
Oktyabrın 29-da Seul Ali Məhkəməsində keçirilən apellyasiya iclasında prokurorluq Yun Sok Yolun ölkənin konstitusiya quruluşuna və demokratiyasına ciddi təhlükə yaratdığını bildirib. İttiham tərəfi onun ömürlük həbs cəzasını həddindən artıq yüngül hesab edir.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etmişdi. Hərbçilər parlament binasına göndərilmiş, lakin deputatların müqavimətindən sonra qərar təxminən altı saat ərzində ləğv olunmuşdu.
2025-ci ilin aprelində Konstitusiya Məhkəməsi onu prezident vəzifəsindən kənarlaşdırıb. 2026-cı ilin fevralında isə məhkəmə sabiq dövlət başçısını üsyana rəhbərlik etməkdə təqsirli bilərək ömürlük həbsə məhkum edib.
Prokurorluq hərbi vəziyyətin elan edilməsinin əvvəlcədən planlaşdırıldığını və ölkədə demokratik idarəetməni aradan qaldırmaq məqsədi daşıdığını bildirir.
Keçmiş prezidentin vəkilləri isə ittihamları rədd edərək Yun Sok Yolun avtoritar hakimiyyət qurmaq niyyətində olmadığını müdafiə edirlər.
Diqqətçəkən məqam odur ki, Cənubi Koreyada ölüm hökmü qanunvericilikdə saxlanılsa da, 1997-ci ildən bəri heç bir edam hökmü icra edilməyib.
Cənubi Koreyada mülki şəxslər barəsində ölüm hökmü dar ağacından asılmaqla icra edilir. Bu, ölkənin Cinayət Məcəlləsinin 66-cı maddəsində açıq göstərilib. Edam cəzaçəkmə müəssisəsində həyata keçirilir.
Hərbi cinayətlərə dair xüsusi qanunvericilikdə isə güllələnmə üsulu da nəzərdə tutulur.
Seul Ali Məhkəməsi yekun qərarını hələ açıqlamayıb. Sabiq prezidentin noyabrın 5-də məhkəmədə son sözünü deməsi gözlənilir.