Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MAMA – “Ana təbiət” Beynəlxalq İncəsənət Sərgisində azərbaycanlı rəssam Ceyhun Abdullayev də əsəri ilə təmsil olunur.
Bakupost.az xəbər verir ki, oktyabrın 20-də açılan və noyabrın 30-dək davam edəcək sərgi incəsənətlə təbiətin vəhdətinə, ətraf mühitin qorunmasına həsr olunub.
İlk dəfə 2024-cü ildə Bakıda təşkil edilən MAMA layihəsi sonradan beynəlxalq miqyas qazanaraq Panama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə, Riqa və Madrid şəhərlərində nümayiş etdirilib.
Sərginin Aşqabadda keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib, nümayiş olunan sənət əsərləri ilə tanış olub.
Sərgi ilə bağlı təəssüratlarını Bakupost.az-la bölüşən rəssam Ceyhun Abdullayev belə beynəlxalq layihələrdə iştirakın yaradıcı insanlar üçün böyük əhəmiyyət daşıdığını bildirib:
“Bu sərgidə iştirak etmək mənim üçün həm böyük sevinc, həm də məsuliyyətdir. Müxtəlif ölkələrdən olan rəssamların bir araya gəlməsi, fərqli yaradıcılıq yanaşmaları ilə tanışlıq olduqca maraqlıdır. İncəsənətin ən gözəl xüsusiyyəti odur ki, dilindən və mənsubiyyətindən asılı olmayaraq, insanları ortaq dəyərlər ətrafında birləşdirə bilir.
Təbiət hər bir rəssam üçün sonsuz ilham mənbəyidir. Biz əsərlərimizlə təkcə onun gözəlliyini göstərməyə deyil, həm də qorunmasının vacibliyini insanlara çatdırmağa çalışırıq.
Xüsusilə qeyd etmək istəyirəm ki, Leyla xanım Əliyevanın və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun sərgidə şəxsən iştirakı bu layihəyə verilən böyük əhəmiyyətin göstəricisidir. Onların sənətə və yaradıcı insanlara göstərdikləri diqqət biz rəssamlar üçün böyük fəxr və mənəvi dəstəkdir. Buna görə hər ikisinə dərin təşəkkürümü bildirirəm.
Sevindirici haldır ki, Bakıda əsası qoyulan bu layihə artıq dünyanın müxtəlif şəhərlərində təqdim olunur. Aşqabadda belə bir sərginin keçirilməsi Azərbaycanla Türkmənistan arasında mədəni əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan rəssamı kimi bu beynəlxalq layihədə iştirak etməkdən qürur duyuram”, – deyə Ceyhun Abdullayev bildirib.