Ru
13:50 / 05 Avqust 2026

ATƏT sədrini Azərbaycana gətirən səbəblər…

ATƏT sədrini Azərbaycana gətirən səbəblər…
Eye

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər üzrə federal naziri İnyatsio Kassisin avqustun 4-5-də Azərbaycana rəsmi səfəri geniş diqqət mərkəzində olub.

Avqustun 4-də ATƏT sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və regional məsələlər müzakirə predmeti olunub. Kassis Bakının ardınca Türkmənistana səfər edəcək.

Maraqlıdır ki, o Cənubi Qafqaz ölkələri arasında yalnız Bakıya səfər edib. Yəni bu dövrdə Gürcüstan və Ermənistana səfəri gözlənilmir. Məlumata görə həmin ölkələrə yalnız payızda səfər etməyi planlaşdırır.

Görəsən, ATƏT sədrini Bakıya gətirən səbəblər nədir?

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Bakupost”a bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri ilk növbədə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional təhlükəsizlik məsələləri və Azərbaycanla təşkilat arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətlidir:

“44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi beynəlxalq təşkilatların da fəaliyyət prioritetlərinə müəyyən düzəlişlər etməsini zəruri edib. Bu gün regionda əsas gündəm sülh sazişinin imzalanması, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və davamlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır”.

Deputat qeyd edir ki, ATƏT sədri Bakıya səfər etməklə məhz bu prosesləri yerində qiymətləndirmək, Azərbaycanın mövqeyini birbaşa öyrənmək və təşkilatın gələcək fəaliyyət istiqamətlərini yeni reallıqlara uyğun müəyyənləşdirmək məqsədi güdür.

Onun fikrincə, bu səfər həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və etibarlı tərəfdaş statusunun daha bir göstəricisidir:

“Son illər ölkəmiz təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi gündəliyinə təsir göstərən mühüm aktora çevrilib. Bu səbəbdən beynəlxalq təşkilatlar Azərbaycanla dialoqu davam etdirməkdə maraqlıdırlar. Düşünürəm ki, görüşlər zamanı Ermənistanla normallaşma prosesi, sərhədlərin delimitasiyası, humanitar məsələlər, regional əməkdaşlıq perspektivləri və etimadın möhkəmləndirilməsi kimi mövzular da geniş müzakirə ediləcək. Bununla yanaşı, Azərbaycanın ATƏT-dən əsas gözləntisi təşkilatın regiondakı yeni siyasi reallıqları qəbul etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən obyektiv mövqe nümayiş etdirməsi və gələcək fəaliyyətini məhz bu reallıqlar əsasında qurmasıdır. Bu, həm təşkilatın nüfuzunun qorunmasına, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar