Ru
21:21 / 25 May 2019

AYB-də Anara rəqib çıxdı – TANINMIŞ TƏNQİDÇİ SƏDR OLMAQ İSTƏYİR

9233

 

Tənqidçi Əsəd
Cahangir son dövrlər gündəmdə olan məsələlərlə bağlı Bakupost.az-a müsahibə
verib.
 


- Əsəd müəllim,
hazırda nə üzərində işləyirsiniz?
 
- Gənc
yazarların antologiyasını hazırlayıram. Antologiyalarda adətən janr təsnifatı
olmur. Mənim ədəbi gənclər haqda ön sözümlə açılan bu antologiya isə şeir,
nəsr, dramaturgiya və tənqid olmaqla, 4 bölümdən ibarət olacaq. Adətən
antologiyalar şeirlə açılır. Mən bu stereotipi də qırmaq istəyirəm. Bu
antologiyada ön sözdən sonra Günel Eyvazlının "Postinsan" essesi
gələcək.
- Niyə belə?

- Məncə, dövrün
ümumi fəlsəfi-estetik mənzərəsində ədəbiyyat daha aydın görünür. Günelin son
dövrün aparıcı fəlsəfi anlayışlarından biri olan postinsan barədə yazısı bu
mənzərəni yaratmağa xidmət edir. Bu, kinematoqrafik dillə desək, bir növ ümumi
plandır. Sonra konkret planlar - yəni ayrı-ayrı yazarların bədii materialları
gələcək.

Antologiyalarda
adətən əruz vəznində yazılan şeirlər yer almır. Bu, klassikaya ögey yanaşan
sovet dövründən, hətta proletkultun "daloy qəzəl"indəın qalan arzuolunmaz ənənədir. Bu kəsiri aradan
qaldırmaq üşün Ağasəlim Əmri, Nicat Nəsri, Kamal Hüseyn, Vəlixan Abdullayev,
Kamal Hüseyn, Tahirə Bərraq, Zaur Rəxşan kimi istedadlı əruz şairləri
antologiyaya daxil edilib. İndiyə qədər antologiyalara bölgələrdə yaşayanlar
daxil edilmirdi. Bu antologiyada Cəlilabaddan Xəttat Kilimçi, Qazaxdan Nuranə
Təbrizin də şeirləri yer alıb. Amma antologiyaya daxil olan yazarların çoğrafi
konturları sadəcə Azərbaycanla məhdudlaşmır. Moskvada yaşayan Nilufər Şıxlı,
Türkiyədə yaşayan Ziyad Quluzadə də antologiyaya daxil olan yazarlar
sırasındadır.
- Nə əcəb ön
sözü Anar müəllim yazmadı?
 

- Mən də elə
istəyirdim. Çünki Anar müəllimin Leyla Əliyevanın təşəbbüsü ilə işıq üzü görən
ədəbi gənclər antologiyasına yazdığı ön sözü hələ də unutmamışam. Ona görə bu
barədə ona sən deyən təklifi etdim. İşinin çox olduğunu bildirib, bu işi mənə
həvalə etdi.

 

- Antologiyada
tanınmış gənc yazarlardan kimlər yer alıb?
- Antologiyaya təxminən 60 gənc yazar daxil
olacaq. Bunlar arasında Pərvin Nurəliyeva, Fərid Hüseyn, Qismət Rüstəmov, Cavid
Zeynallı... var. Nə dərəcədə tanınırlar, bunu artıq oxucu deyə bilər.

- Antologiyanın
bir vəzifəsi də tanınmayanları üzə çıxarmaqdır.
 

- Bahəddin
Salmanı geniş oxucu kütləsi hələ tanımır. Antologiyada onun "Qozbelin son
duası" hekayəsi yer alıb. Məncə, oxucuların diqqətini çəkəcək. Yaxud
Savalan Talıblını hamı jurnalist kimi tanıyır. Antologiyaya daxil olan
"Qəza" hekayəsi isə onun nasir potensialından xəbər verir.

 

- Əsəd müəllim,
Kəramət Böyükçölü yazıçı kimi necə qiymətləndirirsiniz?
 
- Kəramət Böyükçöl diqqəti çəkən statuslar
yazır. Amma status ədəbiyyatdırmı? Və yaxud qalmaqallı müsahibələr alır.
Müsahibə ədəbiyyatdırmı? Onu kimsə aldadıb ki, sən yazıçısan, yanlış məcraya
salıblar. Ordan nə qədər tez geri dönsə, bir o qədər faydalı olar, özünə də,
başqalarına da. Və yaxud elə sənin özün.
 

- Bəs deyirlər
tənqidi yazılarımı siz yazırsınız. Niyə məni öyrədirsiniz?

- Bunun günahını
səndə görürəm. Çünki bir dəfə də olsun yazmırsan ki, bu yazıları mənə heç kim
diqtə etmir, özüm yazıram. Mənə aydın deyil ki, öyrədilən adam imici sənin
nəyinə lazımdır? Şəxsən, mənə öyrədən adam imici lazım deyil. Üstəlik, əgər bu
böhtandırsa.

 
- Bəs, siz niyə
buna etiraz etmirsiniz?
- Əvvəla, bir
dəfə elə sənin aldığın müsahibədə bu böhtanı təkzib etmişəm. İkincisi isə bəzi
adamlar məni intiriqaya çəkmək, başımı
qatmaq istəyirlər. Mənim onlara alət olmaq fikrim yoxdur. Kim nə yazırsa,
deyirlər ki, guya mən öyrədirəm. Özüm öz gücümə heyran qalıram. Belə çıxır ki,
ədəbiyyatı gizli surətdə mən idarə edirəm. Bir nəfər, iki nəfər yox, çoxları
belə düşündüyündən bunu cəmiyyətin gizli şüuraltı istəyi kimi başa düşürəm.
Odur ki, bu şüuraltı sosial sifarişi gerçəkləşdirmək, növbəti qurultayda
sədrliyə namizədliyimi irəli sürmək fikrindəyəm.

 
- Sizcə, qalib
gələ biləcəksiniz?
- Şərt qələbədə
yox, ədəbiyyatın durğunluqdan çıxması üçün göstərilən cəhddə, yeniləşmədədir.

 
- Sizcə, Anar
müəllim AYB-ni idarə edə bilmir?

- Bunu bir dəfə
demişəm, təkrar olsa da, bir də deyim. Anar nəinki AYB, hətta ABŞ-ı da idarə
edə bilər. Amma özü gedəcəyi barədə dəfələrlə açıqlamalar verib.

 

- Deyirlər
yazıçı, jurnalistləri ev alandan sonra itiririk.

- Əgər ucuz
çayxana və kafelərdə görünməməkdən söz gedirsə, bu fikirlə razıyam.
Prezidentimizin bizə ev bağışladığı il yarımda yazdığım məqalələri toplasan,
bir kitab eləyər. Üstəlik, müntəzəm teleçıxışlar, görüşlər, təqdimatlardakı
aparıcılıq. Son vaxtlar Fərid Hüseynin təklifi ilə "Artkaspi.az"
saytı nəzdində videodərs layihəsinə başlamışam. İlk dərs "Dantenin
"İlahi komediya"sına həsr olundu və çox da yaxşı qarşılandı. Son
yazılarımdan biri - Yekaterina Qabaşvilinin Cəlil Məmmədquluzadəyə təsiri
xüsusunda İsa Həbibbəyliyə yazdığım açıq məktub idi. Onun necə qarşılandığını
deməyə, məncə, ehtiyac yoxdur. Təkcə elə "Analoq.az" saytında yazını
6 mindən çox adam oxudu. Daha bundan artıq neyləməliyəm ki?


- Heç nəyi
bəyənməyən Əsəd Cahangir Elçinin "Baş romanını niyə çox bəyəndi?
 

- Elçin özünün
"Baş" romanı ilə ədəbiyyatımızda yeni mərhələ başladır. Ən qısa
şəkildə bunu belə formulə etmək olar: 1920-50-ci illərin sovet yazıçı-şairləri
deyirdi ki, bircə həqiqət var, partiyanın həqiqəti; 60-70-ci illərin yazıçıları
Anarın Təhminəsinin diliylə dedi ki, bircə həqiqət var, qəlbin həqiqəti;
Muğanna "İdeal"da dedi ki, bircə həqiqət var, sözün həqiqəti; Elçin
isə "Baş"da deyir ki, bircə həqiqət var, ruhun həqiqəti.

 

- Siz bu
həqiqətlərdən hansına inanırsınız?
- Partiyanın
həqiqətindən danışmaq gülünc olardı. Qəlbimiz bizi aldada bilər. Söz təhrif
oluna bilər. Yeganə həqiqət ruhun həqiqətidir.

- Daim gündəmdə
olan yazarlar haqqında nə deyə bilərsiz? Məsələn, Kamal Abdulla.


- Məncə, Kamal
Abdulla gündəmpərəst adam deyil. Sadəcə, umacağı olan bir sürü adam onun adını hallandırır.

 - Bir ara
aranızda qalmaqal yaşandı.
- Düzdür, axıra
yaxın polemika sərhədlərini aşmışdı. Amma o, qalmaqaldan daha çox, əslində,
"Yarımçıq əlyazma" romanı ətrafında gedən polemika idi. Mən onun
romanını necə yazıbsa, elə şərh etmək istəyirdim. Çünki onun əsərlərini adətən
düzgün şərh eləmirlər.

- İndi
münasibətiniz necədir?


- Bizim onunla
münasibətimiz yazıçı-tənqidçi münasibətləri çərçivəsini aşmayıb. İndi də bu
münasibətlər qalır. Bütün ad-sanına, yaşına, vəzifəsinə baxmayaraq, Kamal Abdullanın içində bir uşaq
var, mənim üçün o uşaq maraqlıdır. Çünki ədəbiyyatı yaradan o müdrik uşaqdır.
Danışıb razılığını almışam, bu yaxınlarda onunla postmodernizm barədə bir
videosöhbət eləyəcəm. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Bir neçə
şair-yazıçı var, mənə elə gəlir ki, onları ən yaxşı mən çözə bilərəm. Onlardan
biri də Kamal Abdulladır. Eqoist səslənmədi ki?

 

- Bir az...

- Amma bu,
gəlişigözəl söz deyil. Məsələn, Füzulini heç bir tədqiqatçı düzgün çözmür.
Çünki Füzuli özü istəməyincə, heç kəs onu çözə bilməz. Bizdəki füzulişünaslıq
mənə biletin ətrafında danışmaq təsiri bağışlayır. Bircə Sabir Əliyev
yaxınlaşmışdı, amma o da mətəyə çatmadı. Alimlər ədəbiyyaşünaslıq terminlərini,
dağ kimi qalaqlanmış füzulişünaslıq trafaretlərini yarıb, birbaşa sözün içinə
girə bilmirlər. Söz gözəli niqabını açıb, camalını onlara göstərmir. Onların
gördüyü elə bu niqab olur. Kamal Abdulla
haqqında yazılanlar da eləcə.
"Unutmağa kimsə yox" haqda min məqalə yazılıb, amma biri də ordakı
məhəbbəti "Leyli-Məcnun"dakı məktəb səhnəsi ilə müqayisə etməyib. Bir
dəfə "Yarımçıq əlyazma" barədə Kamal Abdullaya bir-iki söz dedim,
gördüm ki, bəzi şeylər onun özünə də aydın deyil, şüuraltı yazıb. Onda qalmış,
başqaları ola. Yeri gəlmişkən, Kamal Abdulla bu gün Xalq Yazıçısı adına layiq
görülüb. Onu da, digər ad alanları da təbrik edirəm. 


 

Hamısı bu adlara
çoxdan layiq idi. Sadəcə, Vaqif Bayatlı da Xalq şairi adı alsa, daha yaxşı
olardı. Sözün qədrini bilən cənab Prezidentimizə ədəbiyyat adamları adından
çoxlu-çoxlu təşəkkürlər.

 

- Bu gün, sizcə,
sıçrayışlı istedad var?


- 2000-ci ildən
sonra beləsi olmadı, amma 90-larda varıydı - Həmid, Murad, Salam, Fəxri,
Qulu... Onlar özlərini nə dərəcədə realizə etdilər, bu başqa söhbətdir. Amma
potensial olaraq bu sıçrayış onlarda var idi.

- İndi də
Qismət, Aqşin var.

- Bu adamlar
haqda fikirlərimi dəfələrlə demişəm. Özünütəkrara yol vermək istəmirəm.


-
"Azərbaycan" jurnalında işləyirsiz. Jurnalın keyfiyyətindən
razısınız?


 - Jurnal barədə
fikrimi də dəfələrlə bildirmişəm. Ordakı inzibati islahatı isə artıq mən etməli
deyiləm. Bu gün hansı jurnal, qəzet normal çıxır ki, "Azərbaycan" da
çıxsın? Sadəcə, Azər və Qulu cavan adamlar olduqlarından ən azı dizayn yeniliyi
edə bildilər. Səksəni haqlayan İntiqam Qasımzadədən bunu tələb etmək
insafsızlıq olardı. O nə bacarırsa edib, indi sadəcə, estafet təzələnməlidir.


- Sizcə, bugünkü
ədəbiyyatın ən böyük problemi nədir?
 

- Elə bu dediyim
məsələ. Yaşlılar estafeti gənclərə vermək istəmir. Bütün problemlər burdan
qaynaqlanır. Bu problem təkcə ədəbiyyat yox, ictimai həyatın digər sahələrində
də yaşanır. Əgər bu problem yuxarıdan sivil qaydada çözülməsə, yaxın bir neçə
ildə kortəbii nizamlanmaya səbəb ola bilər.

 

Elşad Barat
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər