Ru
15:12 / 14 İyun 2024

4 min diplomlu savadsız: Onların oxuduğu ali məktəblərin adı açıqlansın! - Rəylər

50953
Xəbər verdiyimiz kimi, iyunun 8-də keçirilən müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-nun test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməməsi geniş rezonansa səbəb olub.

Qeyd edək ki, keçid balını toplaya bilməyən müəllimlərdən 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Müəllimlərin sertifikasiya imtahanında zəif nəticə göstərib, müvafiq keçid balını toplamaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hamı bu fikirdədir ki, özü imtahandan kəsilən müəllim övladımıza nə öyrədəcək?



Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, imtahan suallarının asan olmasına baxmayaraq, müəllimlər tərəfindən doğru cavablandırılmaması və ya boş qoyulması vəziyyətin doğurdan da acınacaqlı olduğunu göstərir:

“Müəllimlərin sertifikasiya imtahanında verilmiş ikinci cəhddən də kəsilməsi təəssüf doğurur. Onların arasında həm ali təhsil müəssisələrini, həm də orta ixtisas müəssisələrini bitirənlər var. Orta ixtisas müəssisələrini bitirənlərin əksəriyyəti ibtidai sinif müəllimləridir. Onların zəif nəticə göstərməsinin əsas səbəbi öz ixtisasları ilə bağlı müfəssəl informasiyaya sahib olmamalarıdır. Həmin müəllimlər öz ixtisasları ilə bağlı bilik və bacarıqlarını formalaşdıra bilməyiblər. Bu sahədə sadəcə pedoqoji təcrübə əsas deyil. Əsas şərt ondan ibarətdir ki, sən öz bilik və bacarıqlarını şagirdlərə nə qədər ötürə bilmisən. Digər bir məsələ odir ki, bu müəllimlərə ikinci şans verilməsinə baxmayaraq, onlar öz peşələrinə həddindən artıq məsuliyyətsiz yanaşırlar”.




Təhsil eksperti Elşən Qafarov bildirib ki, müəllim insan kapitalını yetişdirir. Onun peşəkarlığı ən üst səviyyədə olmalıdır:

"Müəllimin tədris etdiyi fənlə bağlı ən elementar sualı bilməməsi təəssüf doğurur. Onların bu prosesdən şikayət etməsi, sualların çətin olduğunu deməsi absurddur. Sertifikasiya müəllimlərin hazırkı peşəkarlıq səviyyəsini ölçən prosedurdur. Bu gün müəllim işləməyə yararlı deyilsə, ona qaydalara əsasən, bir il yenidən şans verilir. O, növbəti şansdan doğru istifadə etmədikdə, ikinci imtahandan da keçə bilmədikdə əmək müqaviləsinə xitam verilir. Hesab edirəm ki, bu, ən doğru qərardır. Müəllim işləməyə yararlı olmayan insan tədrisdən kənarlaşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, bu gün məktəblərdə xarici dil çox zəif tədris olunur. Bu səbəbdən də şagirdlərin çoxunun dil bilgisi, danışıq bacarığı aşağıdır:

“Xarici dil üzrə müəllimlər əsasən, Azərbaycan Dövlət Pedoqoji, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində hazırlanır. Amma sözügedən universitetlərin məzunlarının çoxu 4 il təhsil almalarına baxmayaraq, nəinki xarici dildə tədris aparmaq, hətta normal danışmağı bacarmırlar. Belə müəllimlər şagirdlərə necə xarici dil tədris edə bilər? Ən başlıcası, sertifikasiya imtahanında necə yüksək nəticə göstərə bilər?”
Ekspert qeyd edib ki, sinifdə şagirdlərin yarıdan çoxu imtahandan aşağı qiymət alanda bunun günahı müəllimdə görülür:

"Deməli, 3909 təhsilverənin test imtahanından müvafiq keçid balını toplaya bilməməsinin də günanı vaxtilə universitetdə onlara dərs deyən müəllimlərdədir. Müəllim kadrları universitetlər yetişdirir. İllərdir ki, universitetlərdən yüzlərlə pedaqoji təhsilli kadr məzun olur. Bu məzunlar içərisində bu peşəyə böyük maraq, sevgi göstərən, bilikli məzunlarla yanaşı, diplom xatirinə ixtisasa yiyələnənlər də az deyil. Belə "kadrlar"a qiymət yazıb, diplom verib onların təhsil mühitinə ayaq açmasına şərait yaratmaq ölkənin təhsil sisteminə ağır zərbə vurmaqdır".




Təhsil eksperti Nadir İsrafilovun fikrincə, burda təkcə müəllimlərin üstünə getmək lazım deyil, günahı bir az datəhsil müəssisəsində axtarmaq lazımdır:

“Biz həmişə müəllimlərdən danışırıq. Amma hansı ki, müəllim hazırlığı ilə məşğul olan ali və orta ixtisas məktəblərimiz var. Bir dəfə ali məktəbin adını çəkmirik ki, o, niyə belə zəif kadr buraxıb? Onun məzunu niyə müsabiqə imtahanında sıfır bal toplayır? Ona görə də yanaşma tərzi dəyişməlidir. Aydındır ki, bu sertifikasiyada müəyyən məsələlər ortaya çıxacaq. Amma bunun gələcəyi var axı. İndi bir az da bu ali məktəblərlə məşğul olaq”.




Millət vəkili Etibar Əliyev deyir ki, ali məktəblər savadlı müəllim hazırlaya bilmirsə, buna imthan yolu ilə nail ola bilmərik. İndiyə qədər müəllim hazırlayan ali məktəblərin nüfuzu o qədər yüksək olmalı idi ki, onların məzunları imtahansız işə qəbul olunmalı idilər:

“Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalışırlar. Çünki ona dərs deyən müəllimlər də belə ediblər. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlayırlar. Başqa qsim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təəssüf ki, bizdə birinci tip müəllimlər daha çoxdur. Bilmək-problemi tədqiq etmək, onu savadlı və aydın şəkildə aşkara çıxarmaq, materialı interpretasiya etmək və gəlinən nəticəni ciddi-cəhdlə müdafiə etmək bacarığıdır”.




Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, asan imtahan suallarına cavab verə bilməyən, hansısa sözü düz yazmağı bacarmayan müəllimlərin hansı universitetlərin məzunları olduğu ictimaiyyətə açıqlanmalıdır:

“Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda nazirlik desin görək, bu müəllimlər hansı universitetləri bitiriblər? Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır. Bu gün bir tərəfdən universitetlərdən tələbələri məzun edirik, diplom veririk, digər tərəfdən təkrar onları sertifikasiyaya cəlb edirik. Buna həm vaxt, həm enerji, həm də dövlətin vəsaiti gedir. Fikrimcə, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılmalıdır. Ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın”.

Sevinc,
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər