Özünü xeyriyyəçi kimi təqdim edərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.
"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.
Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gələrək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.
"Bakupost"un əldə etdiyi məlumata görə, Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Qeyd edək ki, Namiq Kəlbiyev "TikTok"da ehtiyacı olan şəxslərlə bağlı videolar paylaşır və izləyicilərini onlara maddi yardım etməyə çağırır.
Lalə Novruz, BakuPost