Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəməsi keçirilib.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, prosesin ilkin mərhələsində İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev müdafiə çıxışı zamanı vəsatətlə çıxış edərək mövcud cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və yenidən hadisə yerinə baxış keçirilməsini istəyib.
Prokuror isə öz növbəsində bu vəsatətə etirazını bildirərək vəsatətin təmin olunmamasını təklif edib.
Məhkəmə yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.
Vəkillərin müdafiə çıxışlarından sonra İlduzə Hacıyevaya son söz üçün söz verilib.
İlduzə Hacıyeva çıxışı zamanı özünü təsirli bilmədiyini deyərək səbəbsiz yerə 6 ay azyaşlı övladlarından ayrı qaldığını bildirib.
Müşavirədən sonra hökm elan edilərək İlduzə Hacıyeva 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı İlduzə Hacıyevanın 5 il 9 ay azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalından həbs olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Onu da qeyd edək ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
"Arzum 9999" ləqəbli bloger qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.