Ru
09:22 / 15 Yanvar 2022

Asqırmaq... - Firidun Ağazadənin yazısı

4581
Firidun Ağazadə



Aydındır ki, bu günlər COVID-19 həyatımızı o qədər qapsamış ki, hər bir insan bunun çarəsini aramaqda. Mən bunun çarəsini asqırmaqda görürəm. Asqır, amma maskanı tez-tez dəyiş, vəssalam.


Xəbərlərdə deyilir ki, bu andır virus ən çox şəhərlərdə yayılır, yəqin, ona görə ki, şəhər insanı asqıra bilmir... Görmürsüz, yoluxmaların azı 50 faizi Bakı və Abşeronun payına düşür? Heç fikir vermisiz, bu şəhər adamları necə asqırır: “Hi..t.hi..”.


Asqırmaqdan utanırlar, a kişi! Bilirəm, “şəhərdə əlini əlinə vurub gülmək olmur”... Amma asqırmaq da təbii reaksiyadır, gəldi, gərək boşalasan..., “bu, hökmüdür təbiətin...”


Görək tibb nə deyir: “Asqırmaq - ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. İnsan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Daha sonra, toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər”.

Asqırma zamanı beynin siqnalı ilə ani nəfəs boşalması baş verir. Lap ildırım boşalması kimi. Kim bilir, asqırmanın gücündən istifadə etməyi öyrənsək, hansı fiziki təzahürləri kəşf etmək olar... Necə ki, küləyin gücündən istifadənı öyrənmişik.

Bəs, əgər asqırmanı süni surətdə yaratmaq olsa?.. Süni zəlzələlər yaratmaq ideyası yoxmu?.. Əgər asqırmanı sifariş etmək olsa? Lap siyasi sifariş kimi. Məclisdə çoxluq elə bərkdən asqırar ki, korrupsiyaçı azlıq tufan ağzında ilim-ilim itər... O üzdən baxanda, asqıraq ki, mikroblar canımızdan çıxsın da...

İslam alimi, böyük hədis bilicisi Əbu İsa ət-Tirmizi deyir: “Asqırmaq Rəhmandan, əsnəmək şeytandandır.” Əsnəməklə işimiz yox, biz rəhman olan asqırmaqdan bəhs edəcəyik, çünki bu pandemiya günlərində hamıya rəhm, şəfqət və mərhəmət diləyimiz var.
Amma bilmirəm, asqırdığımız zaman gözlərimizi niyə açıq tuta bilmirik. Asqırmaq insanın özündən asılı olmadan baş verən prosesdir. Onun qarşısını almaq isə mümkün deyil. Asqırmaq bəzi xəstəliklərin əlaməti olmaqla yanaşı, həm də ətrafa mikroblar yayır. Bax, bunun qarşısını almaq olsa...

Təbabət deyir ki, asqırma prosesinin bir neçə faydası var. Bu proses orqanizmi qoruyur və immun prosesinin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyaların və yad cisimlərin qovulmasını təmin edir. Yadıma düşür ki, Alışan kişi asqıranda deyirdi: “Oxxay! Dincəl, canım, dincəl!” Deyirdi ki, a bala, asqıranda elə bil quluncumu tuturlar, rahatlanıram... Kişinin asqırması qarşı yamacda əks-səda verərdi. Böyük Məmməd Arazın belə misraları var:

“Babamın gur səsi vardı,
Babam bəzən
Elə bərkdən danışardı –
Az qalardı taxçadakı
çıraq sönə...”.

Mən bu misraları həmkarlarıma hərdən belə deyirəm:

“Babam bəzən
Elə bərkdən asqırardı –
Az qalardı taxçadakı
çıraq sönə...”.

Babaların danışması da, asqırması da hərbə-zorba idi. Alışan kişinin sözləri yadıma düşəndə ümidlənirəm: bəlkə bu onurğa yırtığı (qrija) deyilən zəhrimarı da bərkdən asqırmaqla sağaltmaq olar.

İctimai yerlərdə bəzən olur ki, şəxs asqırma zamanı güclə də olsa özünü saxlamağa çalışır. Ancaq bunun ziyanlarından xəbəri olmur. Hətta belə vəziyyətdə ürək dayanması, ölüm hadisələri baş verə bilər. Öyünüz tikilsin, asqırın da!.. Yoxsa qulaq pərdəsi zədələnər, burunda qanaxma olar, görmə itər, qan damarları partlayar... Amma şəhərdə bərkdən asqırmaq olur ki?.. Rayona da qoymurlar... gedək, dağda-dərədə azman-azman asqıraq...

Mənbə deyir ki, “asqıran zaman bir çox insanlar burunlarını tutub asqırır. Bu hərəkət yanlışdır. Çünki ciddi problemlər yarana bilər. Asqıranda hava burundan saatda 150 km sürətlə çıxır və 40 minə qədər selik damcısı xaric edir. Bu fizioloji reaksiya təxminən 90 trilyon qan hüceyrəsinin qan içərisində bir axınla davam edən vəziyyətidir”.

Alimlər qeyd edirlər ki, əgər havanın 100%-i insan bədənində olduğu təsirdə qalsaydı, bir insanı 4 metrə havaya qaldıra bilərdi”. Həkimlər bildirir ki, asqırma yaranarsa, onun qarşısını almaq lazım deyil, bu, üzün emfizeması, boğazda diskomfort hallarına gətirib çıxara bilər, həmçinin insan səhhətində ciddi fəsadlar da yaranar.

İmam Sadiq (ə) buyurur: “Çoxlu asqırmaq insanı bir çox şeydən amanda saxlayar: adamı cüzamdan qoruyar, başda və üzdə olan pis havanı bayıra qovar, gözdən suyun axmasının qarşısını alar, burun tutqunluğunu açar”.

P.S. İnternetin qarşıma çıxardığı, amma tamamən doğru olduğunu yoxlaya bilmədiyim bu qeydləri də diqqətinizə çatdırıram: “Asqırmaq demək olar ki, hər dildə eyni səslənir. Rus dilində “апчхи”, ingilis dilində “achoo”, fransız dilində “atchoum”, alman dilində “hatschie”, ispan dilində “achu”, italyan dilində “etchiu”, polyak dilində “apshik”, yapon dilində “hakushon” kimi səslənir. Hər ölkədə asqırmağa bir cür qarşılıq verilir. Rusiyada bu, “Будь здоров!”, ingilislərdə “God Bless You!”, Türkiyədə “Çok yaşa!”, Azərbaycanda isə “Sağlam ol!” şəklində deyilir”.

P.P.S “İşıq asqırma refleksi” deyilən bir sindrom haqqında da sizə bilgi verim. Ani asqırma fenomeni olan bu refleks parlaq işıq zamanı, daha çox Günəş işığına gözlərin ani qıcığı, reaksiyasıdır. Latın dilində: “photoptarmosis”. Dünya əhalisinin 18-35 faizində bu sindrom var. Təsəvvür edin: pilotun gözünü birdən-birə üfüqdə Günəş işığı qamaşdırır... və o asqırmağa başlayır...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər