Ru
21:48 / 07 İyun 2025

Ata həbs olunursa, aliment borcu silinir? - Hüquqşünas açıqladı

Ata həbs olunursa, aliment borcu silinir? - Hüquqşünas açıqladı
Eye

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub. Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Bakupost.az xəbər verir ki, Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib.

O, bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib.

Maraqlıdır, qeyd edilən şəxsin timsalında ata həbs olunarsa, yığılmış aliment borcu silinirmi?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Vəliyev Bizim.Media-ya bildirib ki, şəxs aliment ödəyə bilmədiyinə görə deyil, məhkəmənin qərarını icra etmədiyinə, ödənişi gecikdirdiyinə görə həbs olunub. Ata öz cəzasını çəkdikdən sonra həmin borcu artıqlaması ilə ödəməlidir.

Vəkil həmçinin vurğulayıb ki, şəxs (ata ya ana – aliment ödəyən) qarşı tərəfin müraciəti ilə məhkəmə qaydasında valideyn hüququndan məhrum edilə bilər.

"Bu o deməkdir alimenti ödəməyən valideyn uşağın vərəsəsi ola bilməz. Yəni uşağın adına hər hansı əmlak varsa və uşaq atadan əvvəl vəfat edərsə, bu əmlakdan ona pay düşməyəcək. Yaxud valideyn yaşlananda gələcəkdə ona baxılmadığına görə övladından aliment tələb edə bilməyəcək”.

Əgər valideyn həbsdən çıxdıqdan sonra da alimenti ödəyə bilmirsə, o zaman yığılmış məbləğ onun adına olan əmlakdan tutula bilər. Əmlak satılır, alimentin məbləği çıxılır. Yaxud aliment nikah zamanı alınan ümumi əmlakdan tutula bilər. Ümumi əmlak məhz alimenti ödəməyən tərəfin payından tutulur.

Vəkil həmçinin bildirib ki, şəxs alimenti ödəyə bilmirsə, bunu digər yolu da alimentin həmin şəxsin valideynlərinin (uşağın nənə-babasının) gəlirlərindən tutulmasıdır.

"Atanın hansı səbəbdən ödəniş edə bilmədiyi ilə bağlı məhkəmə qərarı varsa, həmin sənədləri əsas götürərək uşağın nənə-babasından aliment tələb oluna bilər. Əgər bu şəxslər də nəzərdə tutulan məbləği ödəmirsə, istənilən halda o aliment borc olaraq yığılıb qalır, silinmir və valideyn hüquqlarından məhrum edilmək üçün əsas kimi götürülür. Valideyn hüququndan məhrum edildikdən sonra belə həmin aliment ödənilməlidir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar