Xəbər verdiyimiz kimi, Bakı və İrəvan Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.
Bakupost.az -a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu razılaşmanı müsbət qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, Ermənistanın da Azərbaycanla kommunikasiyaların açılmasına böyük ehtiyacı var:
"Digər tərəfdən Amerika aktiv şəkildə Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istiqamətində müəyyən addımlar atır. Hələlik o proses tam başa çatmayıb, ona görə də qeyri-müəyyənlik var. Yəni mən elə bilirəm ki, sülh müqaviləsinin əsas baza prinsiplərinin razılaşdırılması vacibdir”.
S.Cəlaloğlu Azərbaycan və Ermənistan arasında kommunikasiyalar, vurulan zərərin ödənilməsi kimi problemlərin olduğunu və sonrakı dövrlərdə iki dövlət arasında bununla bağlı müzakirələr aparılıb qərar verilə biləcəyini deyib:
“Xüsusən də nəzərə almalıyıq ki, indi Qafqazda olduqca riskli bir vəziyyət yaranıb. Ona görə də sülh müqaviləsinin imzalanması qədər vacib olan ikinci bir amil yoxdur. Çünki müharibə vəziyyətində istənilən vaxt hadisələr nəzarətdən çıxıb aktiv fazaya girə bilər. Bu da hər iki dövlətin, eləcə də Qafqazın maraqlarına uyğun deyil”.
S.Cəlaloğlu son günlər Azərbaybaycanın böyük sürətlə strateji müttəfiqlərindən uzaqlaşaraq Rusiyaya yaxınlaşdığını bildirib:
“Bu elə bilirəm ki, Sergey Şoyqunun səfəri İsrail-İran arasında münaqişə yaranacağı təqdirdə Azərbaycanın mövqeyini müəyyənləşdirməyə xidmət edən səfər idi. Bu səfər zamanı maraqlıdır ki, Şoyqu vaxtilə baş verən Osmanlı-Rusiya müharibəsindən danışdı”.
ADP sədri ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsinin nə İranın, də Rusiyanın xeyrinə olmadığını bildirib:
“Azərbaycan indiki mürəkkəb situasiyada mövqe nümayiş etdirməsə, birmənalı şəkildə Rusiyanın yanında mövqe tutsa, bu, ölkənin gələcəyi üçün heç nə vəd etmir”.
S.Cəlaloğlu sədri qeyd edib ki, Azərbaycanın xarici siyasətinin başlıca strateji istiqaməti Türkiyəylə qardaşlıq və əməkdaşlıq olmalıdır:
"Ancaq son vaxtlar bu münasibətlərdə soyuqluq yaranıb. Bu soyuqluq təcili aradan qaldırılmazsa, Azərbaycan çox böyük təhdid altına düşə bilər. Rusiya heç vaxt Azərbaycan üçün Türkiyə ola bilməz. Bunu birdəfəlik yadda saxlamaq lazımdır”.
Vasif Əlihüseyn
BakuPost