Ru
12:04 / 17 Mart 2023

Azərbaycanda şirin su böhranı: Bakıdakı anbar niyə gizlədilir? - Araşdırma

35485
İçməli su insana verilən ən qiymətli nemətdir. Amma unutmaq olmaz ki, hər şeyin sonu olduğu kimi, su ehtiyatı da tükənə bilər. Hazırda mütəxəssislər dünyada şirin su ehtiyatının tükənməyə doğru getdiyini bildirilər. Onların fikrincə, 2050 -ci ilə qədər hər il 5,7 milyard insan ən azı bir ay təmiz su qıtlığı yaşaya bilər.


Hesablamalara görə, 2100-cü ildə Azərbaycanın su ehtiyatlarının 40 faizi azalması təhlükəsi ilə üz-üzə qala bilərik. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.


Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 faiz azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 faiz azalacağı gözlənilir. Ölkəmiz adambaşına düşən su ehtiyatlarına görə 90-cı yerdədir. Ümumi su ehtiyatları üzrə isə hətta 140-cı yerdəyik.




Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, professor Əmir Əliyev deyir ki, Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkədir:


“Azərbaycanın su ehtiyatı toplam 31 milyard kubmetrdir. Ölkədəki çayların böyük əksəriyyəti tranzit çaylar olduğu üçün ehtiyatların təxminən 80 faizdən çoxu kənar dövlətlər hesabına formalaşır. Ən böyük çayımız olan Kür başlanğıcını Türkiyədən götürür və gəlib Mingəçevirə tökülür. Son illərdə xüsusilə atmosferdə gedən qlobal istiləşmələr və digər proseslər bu ərazilərdə yağıntıların miqdarını azaldıb. Ona görə də Kür çayının suyu azalıb. Əvvəllər su o qədər çox olurdu ki, Mingəçevirdəki anbarın suyunu buraxırdılar və nəticədə Salyan rayonunu su basırdı. İndi su o qədər azdır ki, Mingəçevir Su Elektrik Stansiyasının işləyə bilməsi üçün anbarı dolu saxlamaq mütləqdir. Azərbaycanın içməli su ehtiyatı azalır. Son vaxtlar Samur çayının suyu iki dəfə azalıb. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülürdü. Su o qədər azalıb ki, artıq anbarlara su yığılmır. Əlbəttə, bütün bunların hamısı qıtlıq yaradacaq. Gərək sudan səmərəli istifadə edilsin”.


Əmir Əliyevin sözlərinə görə, dünyada gedən su qıtlığı prosesi Azərbaycandan yan keçməyəcək:


“Əbəs yerə deyilmir ki, Üçüncü Dünya Müharibəsi su üstündə baş verəcək. Azərbaycanda su ehtiyatı azdır. Təklif edərdim ki, kənd təsərrüfatında müasir suvarma sistemlərinə keçilsin. Damcı ilə suvarma sistemləri geniş tətbiq olunmalıdır. Suyu qənaətlə işlədən müasir texnologiyaların ölkəmizdə istifadəsi genişlənməlidir. İsraildə şirin su ehtiyatı demək olar ki, yoxdur. Buna baxmayaraq, onlar müasir texnologiyadan istifadə edərək dəniz suyunu şirin suya çevirə biliblər. Bu kimi ölkələrin təcrübəsindən yararlanmaq və əlavə su mənbələri tapmaq lazımdır. Son 20 ildə Azərbaycanda antisiklonlar üstünlük təşkil edir. Yəni günəşli hava hökm sürür, yağıntı azdır. Bu proses hər yerdə gedir. Kür çayının suyu, Xəzər dənizinin, eləcə də Volqa çayının səviyyəsi kəskin azalıb. Bu qış düşən yağıntının nəticəsi ola bilsin ki, özünü bir qədər göstərsin. Təxminən may, iyun aylarında Kürdə suyun bir az artmasını ehtimal etmək olar. Amma ümumi tendensiya suyun azalmağa doğru getdiyi yönündədir. Qışda düşən yağıntı demək olar ki, Kür çayına gəlib çıxmayıb. Əsas göstərici düşən yağıntının miqdarındadır. Volqa çayının hövzəsinə düşən yağıntının miqdarı da azalıb. Ölkəmizin ərazisinə Qafqazın şərq yamacından tökülən xırda çayların suyu o qədər azalıb ki, gedib dənizə çatmır. Bu suyun qarşısını alıb Şabranda Taxtakörpü su anbarı tikdilər ki, yığılan su Bakıya verilsin. Məlum olub ki, hazırda anbarda su ehtiyatı 50 milyon kubmetrədık azalıb. Bu isə Azərbaycan üçün problem deməkdir. Qeyd edim ki, əvvəlki illərlə müqayisədə sudan israfçılıq halları çoxalıb. Buna yol vermək olmaz. İndi əhalinin sayı artıb. Təxminən iki min əvvəl Yer üzərində cəmi 250 milyon əhali olub, indi bu say 8 milyarddır. Yəni əhali sayında 40 dəfəyə qədər artım var”.


Professor bildirib ki, Xəzərdə müasir texnalogiyaya uyğun stansiya tikilsəydi, bu və ya digər məqsədlər üçün dəniz suyundan istifadə olunardı:


“Xəzərin suyunu şirin suya çevirmək mümkündür. Çünki o, okean suyuna nisbətən daha az duzludur. Belə ki, Xəzərin hər 1 litrində 12 qram, okeanlarda suyun hər litrində 40 qram duz var. Ona görə Xəzərin suyunu az enerji sərf edərək daha asanlıqıa şirin suya çevirmək olar. Xəzərin şərq sahilində - Qazaxıstanda 60-cı illərdən başlayaraq atomla işləyən stansiya işləyir. Həmin sudan həm içməli su kimi, həm də texniki məqsədlər üçün istifadə olunur. Azərbaycanda isə Qəbələdən və digər rayonlardan paytaxta su çəkirlər. Amma Bakıda avtoyuma məntəqələrində, kanalizasiya sistemində bu sudan istifadə olunur. Halbuki Xəzərdə bir stansiya tikilsəydi, bu və ya digər məqsədlər üçün dəniz suyundan istifadə olunardı”.

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması müşahidə olunur. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir.




Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin dediyinə görə, əvvəlllər bu vaxtlar Kürün suyu daşardı:

“İndi iqlim dəyişikliyi, quraqlıq amili var. Azərbaycanda yayda pambığın, digər təsərrüfat sahələrinin suvarılması da buna təsir edən amillərdəndir. Əvvəl ölkədə 50 min hektar sahədə pambıq əkilirdisə, indi 100 min hektarda əkilir. Ölkədə taxıl əkilən sahə isə 1 milyon hektardır. Əhali də sürətlə artır və onların da öz təsərrüfatı var. Bundan başqa, sudan qənaətlə istifadə etmirik, suvarma texnologiyası tətbiq edilmir, çiləmə üsulundan istifadə olunmur. Digər amillərdən biri budur ki, bizdə iri təsərrüfatların yaradılması baş vermir. Hərənin 3 hektar sahəsi var, istəyir özü əksin, özü biçsin. Belə olanda torpağın becərilməsi və suvarılmasında çətinliklər ortaya çıxır. Qardaş, əmioğlu, dayıoğlu torpaqlarını birləşdirməlidir. Kənd təsərrüfatında müəyyən çətinliklər var. Bu, məhsuldarlığın aşağı düşməsinə də səbəb olur”.




Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyevin sözlərinə əsasən, son illərdə Kür çayının suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır:

"İqlim dəyişikliyi son 30 ildə çaylarımızda suyun 15 faiz azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır. Qonşu ölkələrdə sudan aşırı istifadənin də bu azalmada rolu var. Qanıx çayı Kürün əsas qoludur, Gürcüstan ərazisindən daxil olur. Oradan 30 faizə qədər su gəlir. Amma artıq qar əriyir, yaz yağışları yağır və son günlərdə Kür çayının yuxarı axarında, Qanıx çayının suyunda artım müşahidə edilir. Ehtimallara görə, yazda Kürün suyunun artması gözlənilir".





Sosioloq Elçin Bayramlı bildirib ki, 10 ildən artıqdır ki, mütəxəssislər həyəcan təbili çalır. Lakin nə “Azərsu”, nə də digər qurumlar buna əhəmiyyət vermir:

"Vəziyyəti görməzdən gəlirlər. Məsələni ciddiyə almırlar. Bu gün ölkə su böhranı ilə üz-üzədir. Çaylar, göllər quruyur, su ehtiyatı minimuma düşüb. Qlobal quraqlıq və istiləşmə dünyanın qapısını kəsib, ən ağır vəziyyətdə olan ölkələrdən biri də bizik. Çünki biz hər kv/kilometrə və hər min nəfərə düşən su ehtiyatına görə Qafqazda ən axırıncı yerdəyik. İkincisi, əksər ölkələr əvvəldən preventiv tədbirlər həyata keçirib, biz isə yatıb gözləmişik. Üçüncüsü, bu gündən başlasaq belə, vəziyyətdən çıxmağa illərlə vaxt tələb olunacaq”.




AMEA-nın vitse-prezidenti İradə Hüseynova deyir ki, Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq. Su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir. Hər il artan səhralaşma böyük narahatlıq doğurur:

“Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməlidir”.

Mütəxəssislər hesab edir ki, Bakıda yeraltı sulardan istifadə etməklə vəziyyətdən müəyyən qədər çıxmaq olar.




Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, Bakıda böyük həcmdə yeraltı suların olması hələ sovet illərindən məlumdur:

"Xanlıqlar dövründə Bakının su ilə təchizatı iki kəhriz sistemi ilə olub. Birinci kəhriz sistemi indiki parlament binasından "İçərişəhər" metro stansiyasının arxasında yerləşən Şah ovdanına daxil olub və oradan qala divarları arasındakı quyulara paylanıb. İkinci kəhriz xətti isə indiki Kömürçü meydanı tərəfindən Qoşa qala qapısına qədər gəlib. Hazırda yalnız Şah ovdanına gələn kəhriz xəttində su var. O vaxt bütün Bakı sakinləri bu ovdanların suyunu içirmiş".

Sahib Məmmədov deyir ki, indi Bakının qrunt sularını içmək məsləhət deyil, amma suvarma, küçələrin yuyulması və istehsalat məqsədləri üçün tam yararlıdır:

"Yəni böyük xərc çəkərək Bakıya gətirilən içməli suyu bu məqsədlərlə istifadə etməyə dəyməz. Metro tikintisi və digər işlər zamanı ortaya çıxan qrunt sularından istifadə daha əlverişli olar. Şəhərin yerli su mənbələri dedikdə yalnız metro tikintisi zamanı yaranan su mənbələri ilə kifayətlənməmək lazımdır. 1980-ci illərdə bu istiqamətdə ilk addım atılıb və şəhərin fors-major hallarda su ilə təmini üçün yerli mənbə yaradılıb. Uzun müddətdir qapalı saxlanan bu su mənbəyinin işlədilməsinin vaxtı çatıb. Bu avtonom su mənbəyi əslində mürəkkəb mühəndislik qurğusudur. Diametri 5,5 metr olan quyu şaquli istiqamətdə 60 metr dərinliyə qədər enir və ona perpendikulyar şəkildə üfüqi istiqamətdə 8-ə yaxın yan qol birləşir. Bu qolların hər birinin uzunluğu 100 metrə qədər uzanır. Yəni bu avtonom su mənbəyinin yaradılması üçün sovet dövründə ciddi araşdırma və layihələndirmə işləri aparılıb. Əslində bu praktikanın şəhərin digər sulu zonalarında - Badamdarda və Yasamalda, yaxud Əhmədli və Günəşli zonalarında da tətbiqi yararlı olar. Həm Bakının yerli su imkanları dəfələrlə artar, həm də bu zonalarda müşahidə olunan sürüşmə riski aşağı düşər”.

Hüquqşünas bildirib ki, ölkədə su idarəçiliyi düz qurulmayıb. Belə ki, bölgələrdən müxtəlif kəmərlərlə Bakıya axan içməli suyu texniki məqsədlər üçün istifadə edirik:

"Sonra da deyirlər ki, suyu maya dəyərindən aşağı satırıq. Ölkənin suvarma sistemi bərbad gündədir. Aqrar sektor susuzluqdan çökür. Amma rasional istifadə mexanizmi qurulsaydı, su kifayət edərdi. Mən dəfələrlə yazdım. Amma xeyri olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələnin üstünü ört-basdır etməklə məşğul oldu. Bir daha deyirəm, Sovet İttifaqının süqutu ərəfəsində Bakı şəhərində, İkinci Paralel küçəsində yeraltı su anbarı tikilib. Yeraltı çayların hesabına anında dolur. Eyni vaxta yüz minlərə kub metr su toplanır. Mən vaxtilə onun tərkibini yoxladım. Bir az fenol qatışığı çox idi. Bəlkə buna görə içmək məsləhət deyildi (amma biz tikinti zamanı o suyu məmuniyyətlə içirdik). Həmin su texniki məqsədlər - yaşıllıqların suvarılması, küçələrin yuyulması üçün istifadə edilə bilər. İndi həmin anbarın üstünü örtüblər ki, bir müddət sonra orada bina tiksinlər. Kimsə on-onbeş milyon pul qazanacaq deyə anbarı gizlədirlər. Halbuki o anbar indi tikilsəydi, ən azı 150 milyona başa gələrdi. Bizim hay-küydən sonra yalandan bir dərinlik nasosu qoyub kiçik bir çənə yığırdılar suyu. Adını da belə qoydular ki, guya bu, "Nizami" metrosunun tunelindən toplanan sudur. "Nizami" metrosu həmin anbardan 500 metr məsafədədir, həm də nisbi olaraq aşağıdadır”.




Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.

Bugünlərdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə içməli suyun qiymətinin yenidən artırılmasını təklif edib:

“Gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər. Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.

Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır:

"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".



İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, ölkədə fəaliyyət göstərən dövlət inhisarçı kommunal xidmətləri maya dəyəri haqqında danışarkən bunun həlli yolunu tariflərin artırılmasında görürlər.

İqtisadçı iddia edir ki, bu, kökündən yalnış yanaşmadır. Çünki hər bir abonent istifadə etdiyi kommunal xərcə görə pul ödəyir. Buna görə də abonentlərin ehtiyaclarından artıq su, işıq, qaz işlədib israfçılığa yol verməsi mümkün deyil.

N.Cəfərlinin dediyinə görə, hətta içməli sudan kommersiya məqsədilə istifadə edənlər də tarifə uyğun pul ödəyirlər:

"İçməli suyun qiyməti onsuz da yüksəkdir. Qeyri-əhali abonentləri üçün suyun tarifində fərq var. İçməli su sənayedə istifadə olunduğu üçün bunu əhaliyə yükləmək doğru deyil. Əgər maya dəyərinin yüksək olduğunu deyirlərsə, onun aşağı salınmasının yolları tapılmalıdır. Xərclər azaldılmalıdır. Çox təəssüf ki, kommunal xidmət göstərən heç bir qurum maya dəyərinin hesablanması ilə bağlı ictimaiyyətə detallı bilgi vermir. Amma iddia edirlər ki, maya dəyəri yüksəkdir. Maya dəyərinin yüksək olması üçün xərclərin şişirdilib-şişirdilmədiyini bilmirik. Qurumlar xərclərin şişiridilməsinin qarşısını almaq üçün hansı addım atdıqlarını bildirmirlər. Bütün bu suallar açıq qaldığı halda maya dəyərinin yüksək olmasını bəhanə edib kommunal haqları artırmaq cəhdi əhalinin çiyninə əlavə yük qoymaqdır. Suyun qiymətinin bahalaşmasının üstündən çox müddət keçməyib. "Azərsu" araşdırma edibmi ki, qiymət artımı su israfının qarşısını nə qədər alıb? Əhali sayğac olduğu halda suyu israf edə bilməz. "Azərsu" özü su itkisinin qarşısını almaq üçün addımlar atmalıdır. Qiymət artımı heç vaxt su israfının qarşısını almaq üçün çıxış yolu deyil. Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur. İqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üşün ilk növbədə xərcləri azaltmaq lazımdır".




İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə dövlət xidmətləri və məhsulu ortaya çıxaran əmək qüvvəsinin qiyməti çox yuxarıdır:


"Azərbaycanda iqtisadi faktorlar əsasında maya dəyərini hesablamağa və müqayisə etməyə başlasaq, əmək qüvvəsi həmin ölkərə nisbətən qat­qat aşağıdır. Eyni zamanda suyun keyfiyyəti və onun təmin edilməsinə çəkilən xərclər də aşağıdır. İnkişaf etmiş ölkələrin çox ciddi standartları var. Bu standartlar çərçivəsində suyun təmizlənməsi və başa gəlməsi xərcli bir prosesdir. Azərbaycanda isə bu, yoxdur. Əgər olsa belə, bu, demək olar ki, çox aşağı səviyyədədir".

Xatırladaq ki, ötən il yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda "Azərsu" ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




Şərhlər
  • t.ədalət

    Qorxmaz Hüseynov SOCAR-ın nəzdində olan bir ərzaq təminatı sahəsindən fetoçu olduğuna görə "Azərsu"ya rəhbər gətirildi.Yəni su mütəxəssisi deyildi.Ona görə də talama ustası kimi yaddaşlarda qaldı.İndi meliorasiya və su təsərrüfatı idarəsinə də bir "bravoçu"nu rəhbər qoyublar.Öz vəzifəsini azad olunmuş ərazilərdə yol çəkilişi ilə məşğul olub dolanmaqda görür.Kadrları düzgün seçməyəndə illər sonra faciəmiz başlayır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər