Filologiya elmləri doktoru, professor, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş Tərlan Novruzov vəfat edib.
Bakupost.az xəbər verir ki, Yardımlı rayonunun Bürzümbül kəndində doğulan alim 78 yaşında dünyasını dəyişib.
Tərlan Novruzov 1947-ci il yanvarın 20-də Yardımlı rayonundakı Bürzümbül kəndində kolxozçu ailəsində doğulub. Yardımlı rayonundakı M.F.Axundov adına orta məktəbi ,sonra isə həmin rayonda birillik pedaqoji kursu bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirib (1965-1969). İnstitutun Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim vəzifəsində işləyib (1969-1974). Orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1974-1983), M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş müəllim olub(1984). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim, dosent vəzifələrində çahşıb (1985-1993).
1993-cü ildən həmin kafedranın professoru olub. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas kimi elmi tədqiqatla da məşğul olub.
O, bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə. Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.
Allah rəhmət eləsin!
Aysel,
BakuPost