Ru
15:44 / 10 Noyabr 2026

Azərbaycanda tələbə qızların fotolarını rüsvayedici yazılarla paylaşaraq pul tələb edirlər

Azərbaycanda tələbə qızların fotolarını rüsvayedici yazılarla paylaşaraq  pul tələb edirlər
Eye

Sosial şəbəkələrdə universitet tələbələrinin fotolarından istifadə etməklə onları şantaj edir, paylaşımların silinməsi müqabilində pul tələb edirlər.

"Bakupost" xəbər verir ki, naməlum şəxslər müxtəlif universitetlərdə təhsil alan qızların fotolarını sosial şəbəkə hesablarından oğurlayaraq saxta profillər vasitəsilə "TikTok", "Instagram" və "Telegram" platformalarında paylaşırlar.

Həmin səhifələrdə gənc qızların fotoları təhqiramiz və alçaldıcı ifadələrlə paylaşılaraq onların şəxsi həyatına və nüfuzuna xələl gətirilir. Zərərçəkənlər paylaşımların silinməsini tələb etdikdə isə bu dəfə onlardan pul istəyirlər. Belə ki, saxta səhifələrin arxasında dayanan şəxslər fotoların silinməsi müqabilində 10, 25 manat tələb edirlər.

Fotolar "TikTok"da "Telebeler_az", "İnstagram"da isə "Telebemdi" adlı hesablar vasitəsilə yayılır.

Məlumatlarda xüsusilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin adları hallanır.

"Bakupost"un məlumatına görə, "Instagram"da mövcud olmuş "Telebemdi" səhifəsi bağlansa da, "TikTok" platformasında oxşar hesablar yaradılıb və həmin hesablar vasitəsilə tələbə qızlara qarşı şantaj cəhdləri bu gün də davam etdirilir.

Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, təhsil ocağı baş verən hadisədən xəbərdardır:

"Tələbələr tərəfindən fərdi müraciətlər edilməsə də, ali təhsil müəssisəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda məsələ ciddi nəzarətdə saxlanılır".

"Bakupost" Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Lalə Novruz, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar