Xəbər verdiyimiz kimi, Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. Mediada yayılan iddialara görə, imtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir.
Rəsmi Bakının bu addımından sonra Azərbaycan-Rusiya münasibətləri daha da kəskinləşə bilərmi?
Mövzu ilə bağlı
Bakupost.az-a danışan politoloq
Elçin Xalidbəyli bildirib ki, artıq Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskinləşə biləcək son həddə çatıb:
“Rusiyanın Azərbaycana qarşı bundan da artıq kəskinləşmə ehtimalı yoxdur. Digər tərəfdən, Azərbaycanın MDB-nin tədbirinə qatılmaması da doğru addımdır. Çünki, birincisi, MDB formal xarakter daşıyan bir qurumdur və ancaq Rusiyanın siyasi iradəsinin təmin olunmasına xidmət edir. Digər tərəfdən, əgər Azərbaycan-Rusiya arasında münasibətlər kəskindirsə, belə bir situasiyada Azərbaycanın həmin tədbirə qatılmaması daha doğru addımdır”.
Elçin Xalidbəylinin sözlərinə görə, tədbirin məhz Moskvada keçirilməsi də xüsusi önəm daşıyır:
“Belə bir vaxtda Moskvaya səfər edib həmin tədbirə qatılmaq doğru olmazdı. Bundan əvvəl də Azərbaycan nümayəndə heyəti belə tədbirlərə qatılmaqdan imtina etmişdi. Eyni zamanda, Rusiyanın da təmsilçilərinin Azərbaycana səfərləri ləğv edilmişdi. Yəni bu, mövcud qarşıdurmanın və eyni zamanda qarşılıqlı addımların davamı kimi də dəyərləndirilə bilər. Hesab etmək olar ki, Azərbaycan və Rusiya arasındakı bağlar qopma həddinə çatıb”.
Lalə,
BakuPost