Ötən gün tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdiyeva Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Hamını sarsıdan bu faciə paytaxtda motosiklet və ümumilikdə iki təkərli nəqliyyat vasitələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ki, Bakıda qaydaları tez-tez pozan sürücülərin çoxluğu motosiklet istifadəçiləri üçün riski daha da artırır. Mütəxəssislərin fikrincə, sürücülər avtomobillə müqayisədə daha az qoruyucu imkanlara malik olan bu minik vasitəsindən istifadə edərkən maksimum diqqətli olmalıdırlar.
Fərhad Mehdiyev də
qəza ilə bağlı bildirib ki, hadisəyə Bakı-Sumqayıt yolunun sol zolağında dayanmış nasaz avtomobil səbəb olub:
“Həmin avtomobilin sağ zolağı da dolu idi. Həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”.
Bəs Bakı yollarında təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər motosikletçilər üçün qəza riskini nə dərəcədə artırır? Təhlükəsizliyi artırmaq üçün hansı praktik tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Bakupost.az-a danışan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhim bildirib ki, avtomobillərin çox sıx olduğu Bakıda təkcə motosikletlər deyil, ümumilikdə iki təkərli nəqliyyat vasitələri üçün ciddi təhlükələr mövcuddur:
“İki təkərli nəqliyyat vasitələrinə motosikletlər, mopedlər, skuterlər və velosipedlər aiddir. Burada hər iki tərəfin günahı ola bilər. Həm avtomobil sürücülərinin, həm də iki təkərli nəqliyyat vasitələrinin sürücülərinin səhvləri böyükdür. Avtomobil sürücüləri yalnız digər avtomobillərə yol verməyə çalışır, lakin iki təkərli nəqliyyat vasitələrini görməzlikdən gəlir, bəzən onları sıxışdırır və diqqətsiz davranırlar. Buna görə də qəzalar baş verir”.
A.Rəhim qeyd edib ki, iki təkərli nəqliyyat vasitələrinin sürücüləri də çox vaxt yüksək sürətlə hərəkət edirlər:
“Onlar başa düşməlidirlər ki, Bakı kimi avtomobillərin sıx olduğu şəhərdə yüksək sürətlə hərəkət etmək olmaz. Qanun motosiklet sürücülərinə 60-90 km/saat sürətlə hərəkət etməyə icazə versə də, bu sürəti hər küçədə tətbiq etmək mümkün deyil. Ona görə də onlar da diqqətli olmalı və bilməlidirlər ki, iki təkərli nəqliyyat vasitəsi təhlükəlidir.
Skuterlər isə bəzən qarşı zolağa çıxır, avtomobillərin yoluna daxil olur, piyadaların üstünə sürülür, velosipedçilər isə qarşı zolaqla hərəkət edirlər. Motosiklet sürücüləri də həddindən artıq sürətlə hərəkət edirlər. Ona görə də həm iki təkərli nəqliyyat vasitələrinin sürücüləri, həm də avtomobil sürücüləri bir-birinə qarşılıqlı hörmət göstərməlidirlər”.
Lalə Novruz,
BakuPost