"İsrailin 13 iyun gecəsi İrana hücumu zamanı inteqrasiya naziri Ofir Sofer Azərbaycanda - İrandan cəmi bir neçə yüz kilometr məsafədə olub. Bu andan etibarən dövlət məmurunun təhlükəsizliyini təmin etmək üçün qeyri-adi əməliyyat başlayıb və bu, 15 iyunda onun İsrailə qayıtması ilə başa çatıb".
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Bildirilir ki, Sofer "Soxnut" Agentliyinin nümayəndə heyəti ilə birlikdə gənc yəhudilərin seminarında iştirak etmək üçün Azərbaycana gəlibmiş, ancaq İsrailin hücumu ilə əlaqədar proqram dəyişdirilib - o, 13 iyunda yəhudi icması ilə cəmi bir tədbir keçirə bilib.
Təhlükəsizlik xidmətləri ona hoteli tərk etməyi qadağan edib, gecə isə o, təyyarə ilə Afinaya göndərilib.
Yunanıstan paytaxtından Sofer Larnakaya uçub, daha sonra Limasola gedib, oradan isə 15 iyun gecəsi agentliyinin nümayəndə heyəti ilə birlikdə yaxta ilə İsrailə qayıdıb.
Xatırladaq ki, 13 iyuna keçən gecə İsrail "Oyanan şir" adlı əməliyyata başlayaraq İranın nüvə obyektlərinə zərbələr endirib. İran cavab olaraq İsrail ərazisinə doğru raketlər buraxıb. Hərbi əməliyyatlar artıq dörd gündür ki, davam edir.