Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:34 / 12 Yanvar 2024

Bakının Baş Planı: 16 ildə paytaxtda nələr və necə dəyişəcək?

22929
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş plan Arxitektura Komitəsinin saytına yerləşdrilib. Planda paytaxtda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Sənəd paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.


Belə ki, burada əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis- kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb.


Baş Planın ölkə üzrə uzunmüddətli əhali proqnozlarına görə, Azərbaycan əhalisinin sayının 2045-2050-ci illər arasında azalmağa başlayacağı gözlənilir. Eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı proqnozlaşdırılır. Aparılan təhlillərə görə 2040-cı ildə şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib. Əhali artımı, demoqrafik dəyişikliklər və istifadəçi üstünlüklərinin dəyişməsi tələb olunan sosial xidmətlərin növləri və sayında da dəyişikliklərin edilməsini tələb edəcək. Nəzərdə tutulan iqtisadi dəyişimlərin təsiri ilə eyni zamanda müəyyən sahələrdə işçi qüvvəsinə olan tələbatın təmin edilməsi üçün peşəkar təhsil və bu sahədə biliklərə olan tələbat da artacaq. Demoqrafik dəyişikliklər həmçinin əhalinin yaşlı təbəqəsinin də sayının artacağını vəd edir. Bu isə səhiyyə və spesifik sosial xidmətlərə olan tələbatın artacağı deməkdir. Ona görə də, yeni Baş Planda Bakı şəhərinin sosial təyinatlı müəssisələr üzrə tələbata dair icmalı hazırlanıb.


Baş Planda nəzərdə tutulan digər məqam iqtisadiyyatın şaxələndirilməsdir. Sözügedən sənədə görə, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir. Bu çoxsahəli iqtisadi strategiyanın tətbiqi Baş Plan çərçivəsində Bakı şəhərində 372 375 yeni iş yerinin açılmasına imkan verəcək.





Prioritet hədəflərə görə, Bakıda metro sistemi genişləndiriləcək, şəhərətrafı yerlərin cəlbediciliyi artırılacaq, köhnəlmiş mənzil fondu modernləşdirilərək yenidən qurulacaq, infrastruktur və xidmət təminatı yaxşılaşdırılacaq, çirklənmiş ərazilər bərpa olunacaq, ictimai yaşıllıqların sayı artırılacaq. Həmçinin piyada gəzinti, velosiped yolları genişləndiriləcək, memarlıq abidələri və təbii landşaft ərazilər qorunacaq, bərpa olunan enerji təsərrüfatları, turizm genişləndiriləcək. Bütün bunların nəticəsində yaxın 20 ildə paytaxta investisiya qoyuluşları və turist sayı artacaq, ev və iş arasındakı orta səfər müddəti azalaraq 45 dəqiqəyə enəcək və s.


Baş Plana görə, çoxmərkəzli inkişaf strategiyası iki əsas məqsədə nail olmağı hədəfləyir - mərkəzi Bakının yüklənmədən azad olunması və şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, mənzil fondunun müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi.



Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsi yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Baş Planda Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur.




Baş Plana əsasən, digər layihə Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turizm fəaliyyətinin şaxələndirilməsi və genişləndirilməsinə xidmət edəcək. Baş Planda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb. Baş Plan çərçivəsində sahil xəttinin qorunması tədbirləri nəzərə alınmaqla ictimai çimərliklərə çıxış imkanlarının gücləndirilməsi təklif edilir.


Baş Planda ən diqqət çəkən elementlərdən biri də yeni yol qovşaqlarının inşası, nəqliyyat infrastrukturunun genişləndirilməsidir. Baş Plana görə, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km artırılması planlaşdırılıb.



Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun dediyinə görə, əhali sayı artdıqca, iqtisadiyyat böyüdükcə nəqliyyat sisteminin genişləndirilməsi, böyüməsi vacib olur.


"Yol qovşaqlarının da mükəmməlləşdirilməsinə, sayının artırılmasına, ictimai nəqliyyatın gücləndirilməsinə də tələbat böyükdür. Həmçinin ictimai nəqliyyatın şaxələndirilməsi də lazımdır: “Fikrimcə, mərhələ ilə bu layihələri həyata keçirmək olar”.




Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov vurğulayıb ki, yol-nəqliyyat infrastrukturu normal olmayan şəhərdə sağlam mühitdən, səmərəli və dayanıqlı sosial-iqtisadi inkişafdan danışmaq yersizdir:

“Baş Planda kifayət qədər ciddi hədəflər qoyulub. Onlara nail olunması paytaxtın və Abşeron aqlomersiyasının mobillik mühitini əsaslı şəkildə dəyişə bilər”.


Baş Plana əsasən, 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması da nəzərdə tutulur. Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları(yolları) şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.



Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, əksər şəhərlərdə olduğu kimi, Bakıda da tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir:

"Tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür. Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, xətlərinin kənarlarını hasarlamaq daha yaxşı olar”.

Lahiyəyə görə, Bakı hava limanına dəmir yolu xətti də çəkiləcək. Bununla yanaşı, 2027-ci ilədək mövcud tələbata uyğun olaraq şəhər mərkəzində yeni parklanma yerləri yaradılacaq, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.




Baş Planda Bakı bulvarının genişləndirilməsi də öz əksini tapıb. Belə ki, sənəddə Bakı bulvarının cənubda Bibiheybətə və şərqdə Zığa qədər mərhələli şəkildə genişləndiriləcəyi qeyd olunub. Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək. Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər.



Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, Bakı o qədər yüklənib ki, hər hansı yeni şəhər planı hazırlanırsa, onun reallaşması üçün kütləvi söküntülər getməlidir:


"Bu isə büdcəyə milyardlar hesabına başa gələr. Bu gün Bakıda sökülməli olan xeyli sayda çoxmənzilli köhnə binalar var. Bu binaların ara məsafəsi onların hündürlüyünə və sakinlərin sayına uyğun hesablanıb. Amma sökülən binaların yerində yeni binalar tikiləndə artıq ara məsafəsini, infrastrukturu nəzərə almaq olmur. Zamanla Baş plan Bakının müxtəlif rayonları üzrə hazırlanmalı idi ki, o rayonlarda hər hansı tikinti işləri aparılarsa, bu plana uyğun olsun, bununla da bugünkü problemlər ortaya çıxmasın. Bu problemlərdən biri də tıxacdır və onun səbəbi Baş planın olmamasıdır".


Bakı şəhərinin Baş Planının əsas inkişaf hədəflərindən biri Abşeronda 2040-cı ilədək tələblərə tam cavab verən kanalizasiya sisteminin təmin edilməsidir. Bütün ev təsərrüfatlarının kanalizasiya sisteminə qoşulması, yağış və məişət kanalizasiyasının bir-birindən ayrılması, tullantı sularının təkrar emalı və istifadəsi, düzgün işləyən və yüksək səviyyədə texniki qulluq olunan TSTQ-lərin təmin edilməsi nəzərdə tutulur.





2040-cı ilədək Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur.


Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.



Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakının Baş planı üçün ayrılan vəsaitin 2040-ci ilə qədər xərclənməsi nəzərdə tutulub:


“Kifayət qədər böyük məbləğdir. Amma Bakının böyük bir şəhərə çevrilməsi, infrastruktur olaraq formalaşması üçün çox ciddi işlər görülməlidir. Ona görə də, qeyd olunan vəsaiti o qədər də böyük görməməliyik".


Onun sözlərinə görə, təxminən, 20-dən artıq metrostansiyanın, 2 böyük deponun tikintisi, 28 May stansiyasının yenidən qurulması nəzərdə tutulub:

"Əlavə olaraq, yeni yol infrastrukturu, köhnə yaşayış fondunun tamamilə sökülüb sıradan çıxarılması, yeni yaşıllıq zolaqlarının, meşələrin salınması, sənaye subyektlərinin yaradılması və s. bu kimi məsələlər də Baş plana daxildir. Düşünürəm ki, ayrılan vəsait səmərəli və şəffaf sərf olunsa, 2040-ci ildə Bakı bambaşqa bir şəhər olacaq”.




Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyir ki, Bakının Baş planı hazırlananda həm beynəlxalq ekspertlərdən, həm də bu sahədə təcrübəsi olan xarici və yerli qurumların təkliflərindən istifadə olunub. Baş plan ortamüddətli dövrü əhatə edir, xərclər də müasir çağırışlar nəzərə alınaraq hesablanıb. 2040-cı ilədək 93,6 milyard manat vəsaitin bu istiqamətə yönəldilməsi nəzərdə tutulub. Burda söhbət sərmayənin cəlb edilməsi, infrastrukturun genişləndirilməsi, dövlət və özəl sektorun tərəfdaşlığı fonunda daha çox vəsaitin Bakının inkiafına yönəldilməsindən gedir:

“Nəzərə alasaq ki, söhbət qarşıdakı 16 il üçün nəzərdə tutulan plandan gedir, sözsüz, növbəti dövrün çağırışlarına uyğun olaraq vəsaitlərin həcmində dəyişikliklərin olmasını müşahidə edə bilərik. Məqsəd planda nəzərdə tutulan hədəflərin reallaşmasıdır. Müəyyən hədəflərin müəyyənləşməsi, planda qeyd edilməsi də imkan verəcək ki, həmin hədəflərə çatılması daha asan və məqsədli olsun”.




Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar