Rusiya ilə Azərbaycan arasında ciddi gərginlik yaranıb. Niyə? Azərbaycan, Türkiyə və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılığa gəlib. Bu razılaşmanın nüansları bəlli deyil. Bəlli olan odur ki, Rusiya oyundan kənar vəziyyətdə qalıb. Üstəlik, ABŞ bu dəhlizə nəzarət edəcək...
Bakupost.az xəbər verir ki, bu iddianı mühacir jurnalist
Elbəyi Həsənli irəli sürüb.
Onun fikrincə, Rusiyanın Azərbaycana qarşı demarşının arxasında dayanan əsas amil Zəngəzur dəhlizi ilə bağlıdır:
“İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatının sonuncu - 9-cu bəndində belə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir...”
10 noyabr 2020-ci il Qarabağ atəşkəs bəyanatına əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməliydi. Ancaq edə bilmədi. Niyə? Çünki Ermənistan Qərbin dəstəyi ilə Rusiyaya belə bir səlahiyyət tanımaq istəmir. Azərbaycan da, Türkiyə də ilkin mərhələdə Rusiyaya belə bir səlahiyyət verilməsinə müsbət yanaşıb. Sonra nə oldu? Rusiya Ukraynaya qarşı müharibəyə başladı. 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi aktiv fazaya daxil oldu. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı yenidən işğal etməyə başladı. 3 il 4 aydan çoxdur ki, bu müharibə davam edir. Təbii ki, Qərbdən dəstək alan Ukrayna Rusiyaya ciddi müqavimət göstərir. Bu müqavimət ona gətirib çıxardı ki, Rusiya əvvəlki sanbalının ciddi bir hissəsini əldən verdi. Ona görə də Qərb Rusiyanı daha da zəiflətmək üçün Zəngəzur dəhlizini də onun əlindən almaqda qərarlıdır...
Rusiya istəyir ki, Azərbaycan Zəngəzur dəhlizinə nəzarət məsələsində Rusiyanın yanında olsun. Ermənistana müharibə elan etsin. Mustafası o ki, Rusiya Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq istəyir. İstəyir ki, Azərbaycan Rusiyaya xatir Qərb ilə düşmən olsun. Azərbaycan hansı ağılla Qərblə düşmən olmalıdır ki? Özü də Rusiyaya görə.
44 günlük müharibə zamanı Azərbaycan öz suveren torpaqlarını geri almaq üçün vuruşurdu. Bu məsələdə beynəlxalq hüquq da Azərbaycanın yanında idi. Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisinə daxil olmaq isə tamam fərqli bir şeydir. Yəni işğalçılıqdır. Siz Ermənistana baxmayın. Azərbaycana belə şeyi bağışlamazlar...
Azərbaycana və Türkiyəyə, bütövlükdə Türk Dünyasına dəhliz lazımdır. Ermənistan da bu dəhlizi verir. Ancaq deyir ki, dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Əlbəttə, Türkiyə və Azərbaycanın gücü çatsa, dəhlizə özümüz nəzarət edərdik. Ancaq Rusiyaya baxanda dəhlizə Amerikanın nəzarət etməsi daha yaxşıdır. Ən azı ona görə ki, Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsi Rusiya və İranın Cənubi Qafqazda təsir imkanlarını sıfra endirəcək. Bu isə Türkiyə və Azərbaycanın, eləcə də Ermənistan və Gürcüstanın maraqlarına uyğundur...”
Aygün,
BakuPost
Rusiyanın kecmiş İttifaq dövlətlərinə müasir "münasibəti" elə öz başlarında çatlayacaq.Dövr dəyişib.