Ru
00:01 / 21 Avqust 2023

BMT-də Ermənistana sarsıdıcı zərbə: Ağdam-Xankəndi yoluna “yaşıl işıq” – Təhlil

20607
Xəbər verdiyimiz kimi, avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında guya Azərbaycanın Qarabağ bölgəsində yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası keçirilib.





Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran”ı əsassız və sübutu olmayan iddialar adlandırıb:



“Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda - bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı”.





Y.Əliyevin fikrini türkiyəli həmkarı Sədat Önal da dəstəkləyib. O bildirib ki, Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır.


Türkiyədən başqa, iclasda Albaniya və Braziliya nümayəndələri də Azərbaycanın mövqeyini dinləməyə çağırış ediblər. Diplomatlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar. Vurğulayıblar ki, əgər İrəvanın “humanitar tələbatı” varsa, Azərbaycanın təklif etdiyi yolu seçməlidir.







Xüsusilə Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına, Ermənistanın ciddi- cəhdlərinə baxmayaraq, Şura tərəfindən gözlənilən anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat qəbul olunmadı. Ümumən tədbir iştirakçıları sadəcə olaraq “Ermənistanın adına üzülməyi” seçdilər və bununla da iclas başa çatdı.



Azərbaycanın Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrə dair bəyanatında qeyd olunub ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.


Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır:


“BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatlarını yüksək qiymətləndiririk.
Müzakirələr, Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi”.





Politoloq İlqar Vəlizadənin sözlərinə görə, "Aclıq", "TIR" şousu kimi pozucu planları ilə istədiyi nəticəni əldə edə bilməyən Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına üz tutub və təcili iclasın çağırılmasını tələb edib:


“İrəvan ilk dəfə deyil ki, Azərbaycana qarşı belə addım atır. İkinci Qarabağ müharibəsinin gedişində də belə cəhdlər edilib. Amma hər dəfə uğursuzluğa düçar olub. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan bu məsələlərdə tam haqlıdır və beynəlxalq hüquqa zidd olan hansısa addımı atmayıb. Ona görə də Təhlükəsizlik Şurasına getməkdnsə, ermənilər bağladıqları Ağdam-Əsgəran yolunu açıb, Yevlaxda dialoqa gəlsəydilər, daha yaxşı olardı”.



İ.Vəlizadə hesab edir ki, Paşinyan hökuməti İrəvanda seçkilər ərəfəsində seçicilərə Qarabağ erməniləri üçün əllindən gələni etdiyini göstərməkyə çalışır:


“Laçın postunun girişindəki humanitar karvan, BMT Təhlükəsizlik Şurasına müraciət də bu planın tərkib hissəsidir. Eyni zamanda, İrəvan Qarabağdakı qeyri-qanuni erməni qüvvələrinin tərk-silah edilməsi üzrə antiterror əməliyyatını təxirə salmaq üçün beynəlxalq ictimaiyyətin diqqətini regiondakı vəziyyətə yönəltməyə çalışır. Xarici siyasətdə Paşinyan və komandasının diplomatik və informasiya hiylələri çətin ki, dividend gətirsin, lakin onlar daxili siyasi məqsədlər üçün işləyə bilərlər. Heç bir, hətta ən səmərəli təşkil edilmiş informasiya səs-küyü Ermənistan-Azərbaycan münasibətlərinin aktual problemlərinin həllində əməli hərəkətləri əvəz edə bilməz. BMT TŞ-dəki müzakirələr Ermənistan diplomatiyasının tam iflasa uğradığını göstərdi. Ermənistanın, erməni diasporu və lobbisinin səyləri bu dəfə nəticəsiz qaldı. BMT tribunasından belə müzakirələrə ehtiyac olmadığı bir daha təsdiq olundu”.





Politoloq Zaur Məmmədov bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı etnik təmizləmə siyasətində, soyqırımında, həmçinin guya Qarabağda yaşayan erməniləri “blokada” şəraitində saxlamaqda günahlandırmaq istəyirdi. Ancaq Azərbaycan tərəfi oz prinsipial mövqeyini ortaya qoydu, faktlar göstərdi, qarşı tərəfin haqlı olmadığını, deyilənlərin böhtan olduğunu bəyan etdi və qələbə qazandı:


“Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı dünyanın koalisiyalardan ibarət olduğunu bir daha sübut etdi. Belə ki, ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsir gücünə malikdir. Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən də səsləndirildi. Ermənistan üçün isə gözlənilməz məqam Braziliyanın və Albaniyanın Azərbaycanı dəstəkləməsi idi. Tirananın Kosovo məsələsinə görə Bakı və İrəvan arasında bitərəf qalacağını düşünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının Balkanlarla siyasi, iqtisadi və strateji müttəfiqliyini nəzərə almamışdı. Həm Braziliyanın, həm də Albaniyanın “Xankəndi”, “Azərbaycanın ərazi bütövlüyü” ifadələrini işlətməsi təqdirəlayiq idi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin insan hüquqları məsələsinə məhz ərazi bütövlüyü prizmasından yanaşmalarını yüksək qiymətləndirmək olar. O ki qaldı, ABŞ nümayəndəsinin nitqinə, gözlənildiyi kimi, həmin çıxış Laçın yolunun açılması, amma, eyni zamanda, alternativ yollarla bağlı da kompromisin üzərində qurulmuşdu. O, ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunmadı. Beləliklə, Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasına ümidləri boşa çıxdı, separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi də baş tutacaq”.





Siyasi ekspert Elçin Mirzəbəylinin dediyinə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın qaldırdığı məsələnin müzakirə olunması birbaşa olaraq Azərbaycana qarşı aparılan çirkin kampaniyanın göstəricisidir. Amma ermənilər unudurlar ki, nə Azərbaycan dövləti, nə də xalqı 1988-ci ildəki deyil. Eyni zamanda, beynəlxalq ictimaiyyəti də ölkəmizə qarşı yönəlmək mümkün olmayacaq. Digər tərəfdən saxta blokada, soyqırımı, etnik təmizləmə kimi ifadələrin səsləndirilməsi də həqiqətə uyğun deyil:



“Ermənistan və himayəçiləri növbəti dəfə BMT Təhlükəsizlik Şurasında rüsvayçı məğlubiyyətə düçar oldular. Son bir neçə ay ərzində İrəvanda və bəzi ölkələrin paytaxtlarında sinxron şəkildə hazırlanan təxribat ssenariləri, o cümlədən “humanitar yük” şouları iflasa uğradı. Avropa İttifaqının Ermənistandakı missiyasının bəzi nümayəndələrinin yaşmaqlanaraq verdikləri ikiüzlü, simasız açıqlamalar sabun köpüyü kimi havaya uçdu”.



E.Mirzəbəyli bildirib ki, ermənilərin bir ətək pul töküb Beynəlxalq Ədalət Məhkəməsinin çirkli əməlləri ilə ifşa olunan sabiq prokuroruna yazdırdıqları “hesabat”, heç bir işə yaramadı.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib ki, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır: “BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların açıq olması ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının iclasından heç bir nəticə ala bilməyən Ermənistan növbəti dəfə fiaskoya uğradı. Azərbaycan isə ədalətli və haqlı mövqeyini bir daha beynəlxalq tribunadan ifadə etdi. Bu, həm də Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi”.



Sevinc
BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;” mövzusunda hazırlanıb.







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər