Ru
18:15 / 16 May 2025

Çay istehsalı azalıb? - AÇIQLAMA

Çay istehsalı azalıb? - AÇIQLAMA
Eye

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 602 ton çay istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır. Mayın 1-ə olan hazır məhsul ehtiyatı isə 48,5 ton təşkil edib. Cari ilin birinci rübündə 2 485,8 ton çay istehsal edilib.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisaçı ekspert Xalid Kərimli bildirib ki, çay istehsalının azalmasına səbəb satışın aşağı düşməsidir:


““Çay istehsalı azalıb” o demək deyil ki, plantasiyalarımızda yığım aşağı düşüb. Burada qablaşdırma da nəzərdə tutulur. Çünki çayı əsasən, idxal edirik. İstehsalın azalmasının səbəbi satışın aşağı düşməsidir. Bu, ixrac rəqəmlərində də öz əksini tapır. Anbara yığmaqla iş bitmir ki... Qablaşdırıb harasa göndərmək lazımdır. İdxal olunan çay olmasa, biz çaysız qalardıq və öz çayımız da kəskin bahalaşardı.”

Ekspert qeyd edib ki, Azərbaycanda çay əsasən, Lənkəran və Astara bölgələrində becərilsə də, bu, ölkənin tələbatlarını ödəmək üçün yetərli deyil:

“Əhalinin tələbatı daha yüksəkdir. Ona görə də ölkəyə daha çox çay idxal olunur. Ölkəmizin məhsullarından olan çay həm də xarici bazarlara ixrac olunur. Bu da, təbii ki, həm ölkədə yetişdirilən, həm də idxal edilmiş çayın qablaşdırılaraq Azərbaycan şirkətlərinin brendləri altında xaricə ixracı deməkdir.”

Ekspertin sözlərinə görə, ölkəmizdə ötən ilin I rübü ilə müqayisədə 2025-ci ilin I rübündə həm həcm, həm də məbləğ baxımından daha çox çay ixrac olunub:

“Əgər ötən ilin I rübündə 156 ton (1,5 milyon dollarlıq) çay ixrac edilmişdisə, bu ilin I rübündə 173 ton (1 milyon 530 min dollarlıq) çay məhsulu ixrac edilib. İdxalda isə kəskin artım müşahidə olunur. Keçən illə müqayisədə I rübdə çay məhsulunun idxalı xeyli artıb. Əgər ötən ilin I rübündə 2367 ton (11 milyon 711 min dollarlıq) məhsul idxal edilmişdisə, bu ilin I rübündə 4134 ton (25 milyon 400 min dollarlıq) məhsul idxal edilib.Təbii ki, bu dövrdə ixracın həcminin cəmi 20 ton artması, amma idxalın həcminin isə təqribən 1800 ton artması sual yarada bilər. Bu, sahibkarların anbar qalıqları, gələcək sifarişlərin icrası və ümumiyyətlə, öz ehtiyatlarının planlaşdırılması çərçivəsində ola bilər. Çünki ölkəmizdə əhalinin çaya olan tələbatı kəskin artmayıb.

Çayın istehlak norması bəllidir, burada ciddi istehlakçı davranışı dəyişmir. Sadəcə bu, sahibkarların öz anbar ehtiyatlarını tənzimləmək cəhdləridir və bu məhsullar növbəti dövrlərdə həm ölkə daxilində bazar tələbatının ödənməsinə, həm də ixraca yönəldilə bilər. Təbii ki,ilkin olaraq I rübdə məhsul idxalı kəskin artıb, amma yəqin ki, növbəti rüblərdə biz idxalın azalacağını və rəqəmlərin təqribən ötən ilki həcmlərdə formalaşacağını müşahidə edəcəyik.”

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar