Xəbər verdiyimiz kimi, Hindistanla Pakistan arasında yerləşən beynəlxalq sərhəddə silahlı toqquşmalar baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ağır artilleriyanın səsi eşidilir. Bildirilir ki, döyüşlər Cammu bölgəsində beynəlxalq sərhəd xəttində aparılır.
Qeyd edək ki, böhran başladığından bəri ilk dəfədir ki, qarşıdurmalar nəzarət xəttində deyil, məhz rəsmi beynəlxalq sərhəddə baş verir.
Hindistanın Baş naziri Narendra Modi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri "Cammu və Kəşmir bölgəsindəki terror aktına cavab olaraq fəaliyyət istiqaməti, vaxtı və məqsədi müstəqil şəkildə müəyyən etmək" səlahiyyətinə malikdir. O, hind hərbçilərinin peşəkarlığına da tam inandığını bildirib.
Bəs bu toqquşmalar bölgədə geniş müharibəyə səbəb ola bilər mi?
Siyasi ekspert Zərdüşt Əlizadə
Bakupost.az -a açıqlamasında bildirib ki, baş verən terror aktı ilkin olaraq hüquqi müstəvidə araşdırılmalıdır:
“Bu, dərin təəssüf doğuran faciəvi hadisədir. İki nüvə dövlətinin hərbi qarşıdurmaya başlamaq qərarı yanlış olardı. Terror aktı terror aktıdır. İlk növbədə bunu araşdırmaq lazımdır. Bunun üçün kəşfiyyat, istintaq orqanları, məhkəmə var. Araşdırsınlar, tapsınlar səbəbini, kökünü və s. Bunun əvəzinə ordunu, əsgəri yığıb çayın suyunu kəsmək və s. kimi səfeh hərəkətlər etmək yalnız və yalnız hansısa qara kütlənin rəğbətini qazanmaqdır”.
Z.Əlizadə hesab edir ki, tərəflər nüvə müharibəsinə getməyəcək:
“Hindistan və Pakistan arasında nüvə müharibəsinin olması ehtimalını çox aşağı hesab edirəm. Düşünmürəm ki, bu iki dövlət nüvə müharibəsinə başlaya bilər. Hər ikisi bir-birinə ölümcül zərbə endirmək gücünə qadirdir. Çoxları deyir ki, Hindistan Pakistandan güclüdür, amma nüvə bombası partlayanda, 100 minlərlə, bəlkə də milyonlarla insan məhv olanda, ərazilər zəhərlənəndə soruşmurlar ki, birinin bombası böyük idi, o birisinin kiçik".
Z.Əlizadə qeyd edir ki, prosesin irimiqyaslı müharibəyə çevrilməməsi üçün əsas ümid siyasi liderlərin ağlına və fərasətinə qalır:
“Hər halda ona ümid edirəm ki, iş irimiqyaslı müharibəyə gedib çatmayacaq. Düzdür, indi Quttereş bəyanat verib, barışığa çağırıb, amma onu kim sayır? Dünyada samballı, hörmətli siyasi xadim var, o da Si Cinpindir. Si də qarışmır, səbirlə gözləyir, görək qarşıdurma hansı həddə çatacaq. Nəzərə alaq ki, Hindistan və Çin arasında münasibətlər gərgindir. Pakistan isə Çinin yaxın müttəfiqidir. Belə olan halda heç kəs qarışmaq, barışdırıcı rolu üzərinə götürmək istəmir. Ümid qalır dövlət rəhbərlərinin ağlına, fərasətinə. Azərbaycan üçün bu qarşıdurma xoşagələn deyil. Biz istəməzdik ki, dünyanın hansısa bir hissəsində münaqişə olsun. Pakistan doğma dövlətdir, Hindistan da yad dövlət deyil. Biz hind xalqına, mədəniyyətinə hörmətlə yanaşırıq. Heç ağlıma gəlməzdi ki, qardaş Ukrayna və rus xalqları müharibə aparacaq, amma bu, baş verdi. Heç ağlıma gəlməzdi ki, Amerikada Tramp kimi səviyyəsiz adam gəlib prezident olacaq və bütün dünyaya meydan oxuyacaq, amma baş verdi. Dünyanın işlərindən baş açmaq çətindir, vallah”...
Lalə Novruz,
BakuPost