Ru
16:15 / 06 Dekabr 2022

Danadişi

27310
XEYBƏR GÖYYALLI

Hekayə


Əbdülqədir Xəzərin cənubundan gün-güzəran qurmaq üçün Bakıya köçmüş, İçərişəhərin dalanlarının birində məskunlaşmışdı. Bu boyda Bakıdan İçərişəhəri təsadüfən seçməmişdi. Dünyaya Xəzərin sahilində gəlmişdi, göz açıb dəniz görmüşdü. Ata-baba evləri Xəzərin beş-on addımlığında idi. Dənizin çörəyi ilə böyümüşdü, dədə-babası əhli-əyalını dənizin hesabına saxlamışdı. Əbdülqədir öz-özünə fikirləşir, götür-qoy edirdi ki, dənizdə bir iş tapıb işləyər, İçərişəhərdən dənizə gedib-gəlmək də asan olar, dəniz səxavətlidir, ailə-uşağı ac qalmaz. Zənni onu aldatmadı.


Bakıya düşdüyü gün iş tapdı. İçəri şəhərdən əl uzatdıqda çatan dənizin qırağına endi. Ora-bura var-gəl elədi. Axırda sıra ilə düzülmüş gəmilərin yanına getdi. Gəmilərdə heç kəs yox idi. Gəmilərlə üzbəüz bir oturacaqda əyləşdi. Gün əyiləndə üç-dörd nəfərin gəmilərə yaxınlaşdığını görəndə yerindən qalxıb onlara tərəf getdi. Sanki nədənsə qorxurdu, müti bir görkəm alaraq salam verdikdən sonra zəif səslə dedi: “Dədə-babam da dənizdə işləyib, bir iş olsa, sizinlə işləyərdim. Təzə gəlmişəm şəhərə, nə iş olsa, işləyərəm”. Gəmilərin yanında durmuş üç-dörd nəfərdən bir anlıq səs çıxmadı. Əbdülqədir də susmuşdu, boynu yana düşmüşdü, lal sükutla cavab gözləyirdi. Səhərdən Əbdülqədiri başdan-ayağa süzən gəmiçilərdən boyu ilə uzaqdan seçilən biri dilləndi: ”Atan-baban dənizdə işləsə də, sən işləməmisən, sən dənizdə işləyənə oxşamırsan”. Uzunboylu gəmiçinin sözü ağzından qurtarmamış Əbdülqədir: “İşləməsəm də, dəniz mənə yad deyil, çörəyimiz dənizdən çıxıb, dənizin çörəyi ilə böyümüşük. Nə iş desəniz, can-başla yerinə yetirəcəyəm. Təki bir iş olsun”,- dedi. Uzunboylu gəmiçinin Əbdülqədirin aldığı görkəmdən ürəyi yumşaldı, üzünü yanındakı yoldaşlarına tutub- “bəlkə, bunu gəmidə yır-yığış işlərinə baxan götürək, nə deyirsiniz?”. Bu söz uzunboylu gəmiçinin yanında duranların da ürəyincə oldu: ”yaxşı olar”, - deyə hamısı bir ağızdan dilləndi. Uzunboylu gəmiçi, yoldaşlarının bir ağızdan dillənməsini gördükdən sonra üzünü Əbdülqədirə tutub dedi: “get kağız-kuğuzunu hazırla, səhər bu vaxt burda olarsan. Sən, bax bu gəminin təmizlik işlərinə baxacaqsan”,- deyə əlini göy rəngli gəmiyə tərəf uzatdı.

Əbdülqədir düz qırx il gəmidə işlədi, uzun illər gəminin səliqə-sahmanına, təmizlik işlərinə baxdı, sonra işini dəyişdilər. Məclis-mərəkədə özü dediyi kimi, gəminin sükanını ələ keçirdi, böyük-böyük gəmiləri ona etibar elədilər. Ömrünün axırına kimi yana-yana danışdığı bu hadisə olmasaydı, bəlkə də, ömrünü elə gəmidə başa vuracaqdı. Bir gün Əbdülqədir gəminin sükanı əlində olarkən yuxulayır, gəmi Türkmənistana getməli ikən, səhvən gedib İrana çıxır. Növbədə yatmış yoldaşları ayılır ki, İrandadırlar. “Əbdülqədir, sən bizi hara gətirib çıxarmısan ? Sən, nə iş görmüsən?”, - deyə bərkdən qışqıran da Əbdülqədir hələ də yuxudan ayılmamışdı. Yoldaşlarından biri tələsik özünü sükanın üstünə atdı: “Bu nə yatışdır belə, zalımoğlu? Belə də zarafat olar?! Özünü də, bizi də məhv elədin...”,- deyə Əbdülqədirin başından tutub qaldırdı. Heç nə olmamış kimi Əbdülqədir: “Nədir, nə olub, göydən bağlama düşür, Lazıma göndəriblər. Qara bağlamadır, mənə deyirlər sən əl vurma”. Gəmiçi yoldaşı gəminin sükanına əl atıb əsəbi halda dedi : “sənin başın xarab olub, nədir, sən heç bilirsən hara gəlib çıxmısan? Bura İrandır, indi özün cavab verərsən”. Bu sözlərdən sonra Əbdülqədir yuxu gördüyünü anladı. Əlini yuxarı qaldırıb bərkdən başına vurub - mən nə etmişəm ,- dedi. Onun bütün bədəni titrəməyə başladı, ağız açıb bir söz deyə bilmədi. Bu əhvalatdan sonra Əbdülqədir gəmi həyatı ilə birdəfəlik vidalaşmalı oldu.


Əbdülqədirin yuxusu çin olmuşdu. Kor-peşman, məlul-müşkül evə qayıdırdı. Evə yaxınlaşanda qonşu uşaqlarından biri qaranəfəs onun qabağına qaçdı. Uşaq tövşüyə-tövşüyə “Əbdülqədir baba, muştuluğumu ver, Lazım əminin oğlu olub”, - dedi. Heç elə bil uşaq bu sözləri Əbdülqədirə yox, yeddi biyana yad bir adama deyirdi. Əbdülqədir olan bəndənin tükü belə tərpənmədi, əksinə hirsləndi, ürəyindən qara qanlar axdı. Yadına yuxusu düşdü, onsuz da bütün ömrüboyu bu yuxu onun yadından çıxmadı... Lazım, Əbdülqədirin kiçik oğlu idi. Beş il idi evlənmişdi, ancaq övladı olmurdu. Qonşuların üzü Allahda idi ki, Lazımın təki bir şikəst qızı olaydı... Uşaq Əbdülqədirin qabağına qaçdığına peşman oldu, dinməz-söyləməz geri qayıtdı.

Əbdülqədir heç nə olmamış kimi gəldi keçdi evə. Heç kimə heç nə demədən, heç kimdən heç nə soruşmadan gedib öz çarpayısında uzandı. Axşamdan xeyli keçmişdi, ancaq ailə hələ də çay-çörək yeməmişdi. Hamı Əbdülqədiri gözləyirdi ki, durub gəlsin. Hövsələsi daralmış Umnisə ərinə atasını çağırmasını söylədi. Lazımın dalağı sancmışdı, atasına nə isə olmuşdu. O, atasını ömürbillah bu vəziyyətdə görməmişdi. Qorxa-qorxa atasına yaxınlaşıb : “ata , daha gecdir, gedək çörək yeyək”,- sakitcə dedi. Əbdülqədir elə bil himə bənd imiş, tapança kimi açıldı: ”Çörəyimiz zəhər oldu. Yuxum düz çıxdı. Heç Allah o uşağı sənə verməyəydi. Onun gəlişi ilə çörəyimiz kəsildi. Yuxusunu görmüşdüm, gördüyüm kimi də oldu. Gördüm ki, göydən qara bir bağlama gəlir, deyirlər ki, Lazıma çatacaq, amma sən əl vurma. Elə qara gəldi, yatıb qalmışam, gəmi Türkmənistana yox, İrana gedib çıxıb.....Çörəyimiz kəsildi, bu uşağın ayağı qara gəldi...” Lazım qulaqlarına inanmadı, otaqdan çıxdı, ancaq Əbdülqədir hələ də öz-özünə danışırdı: “Bu uşağı Allah bizə bəla göndərib. İndi görəcəksiniz, hələ nələr olacaq”. Lazımın matı-qutu qurumuşdu. O gecə heç kimin boğazından su belə keçmədi.


Lazım çalışırdı ki, atasının gözünə görünməsin, səhərlər evdən çıxır, axşamlar isə gecəyarıdan keçmiş gəlib yatırdı. Uşağın qırxı çıxmışdı, hələ ad qoyulmamışdı. Umnisə dəli olmuşdu, beş ildi uşaq həsrətiylə yanıb-yaxılırdı. İndi Allah bir övlad verib, ona da ağız büzürlər, ad qoymurlar. Axşam-səhər gözünə qayınatası göründükcə qanlı-qanlı baxıb, dilinin altında qarğış yağdırırdı: “Allah bunu dəryada qərq edib, niyə balıqlara yem etmədi. Mənim balamın günahı nədir ki, indiyə qədər adsız qalıb. Allah səni bu dünyadan imansız-quransız aparsın, qoca kaftar. Ölmədi ki, bundan canımız qurtarsın”. Lazıma da deyirdi ki, uşaq bu qədər adsız qala bilməz, Allah etməsin, düşər-düşməzi olar, hünərin çatmır uşağına ad qoyasan? Lazım Umnisənin haqlı olduğunu daxilən qəbul etdiyindən ağız açıb bir kəlmə deyə bilmirdi.


Bir gün Lazım atasına yaxınlaşıb pıçıltıyla dedi : “”ata, uşağın qırxı çoxdan çıxıb, amma hələ adsızdır. İstəyirik ki, babası adını qulağına desin”. Əbdülqədir: “ nə qoymaq istəyirsiniz adını?”,- deyə dilucu soruşdu. ” Ürəyimizdən Sərxan qoymaq keçir, xoşun gəlmirsə, ayrı ad qoy”,- Lazım nəvazişlə söylədi. Əbdülqədir : “ Sərxan deyirsiniz, Sərxan olsun , -deyib oturduğu yerdən ayağa durub uşağın beşiyinə tərəf getdi. Uşağı qucağına alıb qulağına üç dəfə “Sərxan! Sərxan! Sərxan! “,- deyib qışqırdı, uşaqdan heç bir reaksiya görmədiyindən qulağını dartdı. Onu da yavaş etmədi, sanki böyük adamın qulağını dartırdı kimi çox kobudcasına . Körpənin anası Umnisə çığırtıya dözməyib dilinin altında qarğıdı .Uşaq sakitləşəndən sonra atası Lazım da otağa girib uşağın adını qulağına pıçıldadı, o , bunu çox sakitcə edirdi ki, birdən atası eşidər.


Uşaq çox çirkin olduğundan babasının ona heç qanı qaynamırdı, hətta bunu məqam düşəndə büruzə də verirdi. Atası Lazım, Sərxanı bir dəfə atıb-tutub əzizləyəndə Əbdülqədir bərkdən qışqırdı:” bu köstəbəyi nə yaman əzizləyirsən, tərifləyirsən, nə görməmişlik edirsən. O qədər torpaqda eşələndin ki, uşaq da köstəbəyə oxşadı . İş tapdın özünə, torpaq alimi oldun. Bu uşaqdan ağlım bir şey kəsmir, bu bizə əskiklik gətirəcək, təkcə biz yox, bütün camaat bundan ziyan görəcək. Mən ölü, siz diri, dediklərimi yadınızda saxlayın”. Əbdülqədirin yuxusu yadından çıxmırdı. Hər yadına düşəndə beynindən bu sözlər keçirdi: “Ayağı qara qalsın, görəcəkli günlərimiz, dərd-bəla hələ qabaqdadı”.


O gündən Köstəbək adı uşağın ayamasına çevrilib alnına yazıldı. O gündən qonşu arvadları uşağa Köstəbək dedilər. Umnisədən ”Köstəbək nə edir, səni incitmir ki..? , - deyə soruşduqda Umnisə cin atına minirdi. Umnisənin hirslənməyi qonşulara ləzzət edirdi. ”Daha niyə dəmir yeyib göyə püskürürsən, babası qoyduğu addır, burda nə var ki...?!”- qonşular belə deyəndən sonra Umnisə bir az sakitləşərdi. Qonşu arvadları Köstəbək deyə-deyə uşağın adı anasının qulağına yatdı, hətta arada Umnisənin özü də çaşıb Köstəbək deyirdi. Sonralar bütün məhəllə Sərxanı Köstəbək deyə çağırdı.


Sərxanın yeddi yaşı vardı, birinci sinfə gedirdi. Sinifdə heç kimə qaynayıb- qarışmırdı, heç uşaqlar da ona yaxınlaşmırdı. Sərxan axırıncı partada tək otururdu. Amma sinif birincisi idi. Müəllim onun yaxşı oxuduğunu görüb öz stolunun qarşısında olan birinci partadakı oğlanın biri ilə onun yerini dəyişdi, ancaq birinci partada əyləşən hər iki oğlan birlikdə çantalarını götürüb axırıncı partaya keçdilər. Sərxan yenə tək oturdu. Uşaqlar açıq-aşkar ondan iyrəndiklərini deyirdilər. Uşaqlar da onu adı ilə yox, Köstəbək deyə çağırırdılar. Sinif yoldaşı Akif uşaqlara deyirdi ki, ad adama yaraşmaza haramdır, buna Köstəbək adını nə yerində qoyublar, bu adamın gözü elə yerdədir, elə bil yerin altında eşələnir. Akif doqquzuncu sinifdə onlara qoşulmuşdu, rayonların birindən gəlmişdir. Akif hər gün əlini Sərxana tərəf uzadıb :” Allah bu adı sənə qoyana , durursa cansağlığı versin, ölübsə rəhmət eləsin, nə yerində verib bu adı, Köstəbək ki, Köstəbək. Bu adamın işıqlı dünya ilə işi yoxdur, başını qaldırıb yuxarı baxmır. Yeriyir yerə baxır, danışır yerə baxır. Ə, zalımoğlu, nə var bu qədər baxırsan yerə, bəlkə, nə isə var yerdə, biz bilmirik, bir bizə də desənə. Bir başını qaldır yuxarıya da bax. Rəhmətlik babam deyərdi ki, suyun lal axanından, insanın yerə baxanından xəta əskik deyil, özünüzü onlardan qoruyun . Deyirdik ki, niyə, ay baba, sakit adamdan xəta gəlməz. Babam isə lap bərkdən deyərdi ki, yerə baxan naşükür olar, Allahı tanımaz . Vallah , babam düz deyirmiş, bu adamdan xəta əskik deyil”.


Məhəllədə də heç kəs, heç doğma qardaşı da Sərxanla oynamırdı. O, bütün günü ya kitab oxuyardı, ya da pəncərənin qabağında durub dar küçədən yanpörtü keçən adamlara baxardı. Anası onun qolundan tutub evdən çıxarırdı ki, getsin uşaqlarla oynasın. Uşaq olan bəndə ayağını evdən çölə qoymurdu, qoyub nə edəcəkdi. Heç kimi onu yaxına buraxmır, bir adam onu Allah yaratdı sayıb oynamır, bir Allah bəndəsi onu adam bilib bir kəlmə kəsmir. Evdə tək-tənha oturan, pəncərədən gəlib-gedənlərə baxmaqdan bezmiş Sərxan bir gün anasına dedi: “ Mən göyərçin alıb saxlayacam, bu adamlardansa, quşlarla oynamaq yaxşıdır”. Sərxan Qoşa qala qapısının sağında göyərçin saxlayan kişidən iki göyərçin aldı. Hər gün dərslərini yazıb-oxuduqdan sonra vaxtını göyərçinlərlə keçirirdi. Dənini, suyunu verdikdən sonra göyərçinləri əlindəki uzun çubuğun köməkliyi zorla uçmağa məcbur edər, sonra əllərini qoynuna qoyub saatlarla daşın üstündə çömbəltmə oturub gözlərini göy üzünə dikib quşların uçuşuna baxardı. Anası da onu bundan ayırmırdı, əksinə bir az da məmnun olurdu ki, evdən təmiz havaya çıxır, tənhalıqdan uzaqlaşır.


Sərxan doqquzuncu sinifdə oxuyurdu, İçəri şəhərin yox, Bakının adla deyilən quşbazlarından biri kimi tanınırdı. Göyərçinlərinin sayı- hesabı yox idi. Elə bir gün yox idi ki, kimsə gəlib ondan quş almasın. Ancaq xüsusi təlim keçib öyrətdiyi bir cüt göyərçin onu bütün tanıyanların yanında rüsvay etdi. Həmin bir cüt göyərçinə hər axşam-səhər sığal çəkər, əlinin içində dən verər, başlarını ağzına yığıb öpərdi. Sərxan bu göyərçinləri bir neçə dəfə satdı, ancaq quşlar qayıdıb gəldilər. Sərxan hər dəfə quşların qayıtmasından sevinər, əllərini göyə qaldırıb açar , quşlar düz əllərinin ortasına qonar, o da quşları sığallayar və başlarını ağzına yığar, sonra da şaqqanaq çəkib gülərək deyərdi: “Halal mal belə olar, bu quşlar sinif yoldaşlarımdan, məhlə uşaqlarından vəfalıdır”. Bu məsələdən quşbazlar xəbərdar oldular. Hamısı bir-birinə dedilər ki, Sərxan dələduzluq edir. Bu məsələni öz aralarında çək-çevir etdilər. Bu söhbət Balaxanıda yaşayan quşbazlar arasında avtoritet sayılan Hatəmə də çatır. Hatəm gəlib quşları alıb aparır. Quşlar Balaxanıya çatmamış yenidən Sərxanın yanına qayıdır. Hatəm də tənbəllik etməyib dabanqırma İçəri şəhərə, Sərxanın yanına gəlir. Nə yemisən turşulu , o ki var Sərxanı çırpır. Sərxanın qışqırtısına babası Əbdülqədir də gəlib çıxır. Məsələdən hali olan Əbdülqədir : “ Demişəm də, bu uşaqdan hələ çox şey çıxacaqdır. Mərdiməzar doğulub, Allah onu gorazor yaradıb. Get, bala, get ayrı yerdən quş al”, - əsəbi halda demişdir.


Sərxan orta məktəbi yaxşı qurtarıb ali məktəbə qəbul olundu. O, təbiət elmləri üzrə oxuyurdu. Görünür, onun daim gözünü yerə dikməsi, fikir-xəyalının yerdə olması təsadüfi deyilmiş. Uşaqlıqdan torpaqda eşələnər, oradan çıxan cücü -mücünü kibrit qutusuna yıxar, gecə yatanda belə çarpayısının altına qoyardı. İnstitutda da elə bu sahəni bəyəndi. Qurtaranda atası onu elmi-tədqiqat institutunda işə düzəltdi . Elmi işinin mövzusunu da həşəratlardan götürdü. Onun körpəlikdən torpaqda eşələnməsi, cücü-mücü axtarmasının kökündə izaholunmaz nəsə varmış. Atasının köməkliyi ilə elmi iş müdafiə etdi, pillə-pillə irəlilədi, professor oldu. Amma adam olmadı, heç ömrüboyu da adam ola bilməyəcəkdi. Bütün ömrüboyu məkr, hiylə, riyakarlıq, qorxaqlıq, paxıllıq canında-qanında yaşadı, insan və insanlığa zidd nə varsa canında-qanında yaşatdı. İnstitutun direktoru nüfuzlu və kəsərli bir adam idi. Sərxandan zəhləsi gedirdi, görəndə belə üzünü yana tuturdu ki, onu görməsin. Direktorun ona olan münasibətini Sərxan çox yaxşı bildiyindən özü çalışırdı ki, gözünə görünməsin. Direktorun işə gəlib-getmə saatlarını , dəhlizə çıxma vaxtlarını Sərxan əzbərləmişdi, həmin vaxtlar otağından çölə çıxmırdı, tində- bucaqda təsadüfən rastlaşanda belə qaçıb gizlənirdi. Direktor da heç onu arayıb- axtarmırdı, çünki görəndə qan təzyiqi qalxırdı. Direktor adını belə çəkmirdi, hələ bir dəfə olsun belə Sərxan deməmişdi, adını Danadişi qoymuşdu. Əgər Sərxana nəsə bir iş tapşırılmalı olsa işçilərə deyərdi: “ Danadişiyə çatdırın ki... “ İnstitutda əməkdaşlar da öz aralarında Sərxana Danadişi deyirdilər. Danadişi ordan gəldi, Danadişi burdan getdi, Danadişi belə danışdı, Danadişi.....Beləcə, Danadişi deyilə-deyilə Sərxanın adı Danadişi oldu. Bir dəfə ad günü məclisində müavin babat yeyib-içdikdən sonra özündə cəsarət tapıb direktordan Sərxana Danadişi deməyinin səbəbini soruşmuşdu. Direktor dedi ki, bunun rəngi-ruhu eynilə danadişiyə oxşayır, danadişinin də rəngi bununkı kimi qonurdu, bombozdu, danadişi də bunun kimi yerin altı ilə sakit-sakit gedib-gəlir, elə yerin altında da kəsib doğrayır, bunun da izi görünmür, nə edir bilinmir. Direktorun bu izahı məclisdəkilərə ləzzət eləmişdi, hamı bir nəfər kimi çəpik çalaraq alqışlamışdı. Sərxana Danadişi deyilməsi iş yoldaşlarının ürəyincə idi. İş yoldaşlarının da Sərxanın hərəkətlərindən, danışığından xoşları gəlmirdi. Hamısı görürdü ki, Sərxan birtəhər adamdır, özündən başqa heç kəsi görmür. İş yoldaşlarından biri onun üzünə qarşı demişdir ki, səndə insanlıqdan əsər-əlamət yoxdur, sən arayıb-axtardığın cücü-mücü kimi soyuqqanlısan. Sərxan bu sözü soyuqqanlı qəbul etmiş, heç bir reaksiya verməmişdi, heç elə bil ona belə söz deyilməmişdi, amma içində nələri götür-qoy edirdi bir Allah bilir.


Sərxan direktorun qorxusundan gündə , bəlkə də, yüz dəfə ölüb- dirilirdi, ancaq iş yerini dəyişmirdi. Deyə bilmərik ki, ağlı gətirmirdi, huşu kəsmirdi, yoxsa buna cəsarəti çatmırdı... hər nə isə gündə yüz dəfə ölüb-dirilməyə razı idi, amma burdan çıxıb getməyə yox. Direktor yaşlanıb əldən düşəndən sonra könüllü olaraq vəzifədən getdi. Sərxanın çiçəyi çırtladı, ulduzu doğdu. Bəxti açılan qarımış qız kimi sevindi. Hələ bu harasıdı... Onu özünün gözləmədiyi bir tale gözləyirdi. Əli lap yuxarılara çatdı. Onu vaxtilə qoz qabığına soxmuş direktorun köhnə düşmənlərindən birinin qohumu yüksək səlahiyyətlərə yiyələnmişdi. Sərxan onun əli ilə nüfuzlu ali məktəblərdən birinə rəhbər təyin olundu. Yatsa yuxusuna belə girməz idi ki, onu bura rəhbər təyin edələr. Ən azı diplomu, ixtisası bura uyğun gəlmirdi. Bir-iki ayın içərisində özünü kollektivə elə göstərdi ki, onun adını birinci dəfə eşidib, üzünü birinci dəfə görənlər onun politoloq olduğunu güman etdilər, az-çox uzaqdan tanıyanlar isə öz içlərində ironiya ilə qarşıladılar. Sərxan burada siyasi-iqtisadi mövzuda bir yazı da yazdı. Əslində, məqalə gündəmin çeynənən tavtologiyası idi. O, tək bu mövzu ilə düz beş il başını girlədi, nə vaxt bir elmi- praktik mövzuda konfrans keçirilirdi Sərxan tutuquşu kimi eyni cümlələri təkrarlayırdı. Təhsil ocağının əməkdaşlarının qulaqları Sərxanın iylənmiş fikirlərindən yağır olmuşdu. Əməkdaşların qulağına Sərxanın ayaması çatmışdı, öz aralarında ona Danadişi dedilər. Sərxan təzə gələndə bəziləri onun zahirən sakit, dinməz-söyləməz, fağır adam olduğunu güman edir, hətta peşəkar yaltaqlar orda-burda onun elmli, bilikli , yaxşı adam olduğundan danışırdılar. Amma yaltaqlıqdan uzaq olan xadimələr öz aralarında danışırdılar ki, bura hələ belə kəmfürsət və hiyləgər adam gəlməyib. Xadimələr öz aralarında ona “çörəkkəsən” deyirdilər. Sərxan bura gələndən sonra işçilərə ildə bir-iki dəfə bayramlarda verilən mükafatlar azaldıldı, sonradan isə tamam kəsildi. Yalnız özünün yaxın bildiyi bir-iki yaltağı və sözdaşıyanı qoruyub saxladı. O, sözdaşıyanlarına etibar etdiyindən onların söylədiklərini saf-çürük etməzdi, əksinə onların hər kəlməsinə inandığından ağına-bozuna baxmadan xoşu gəlməyən adamlara işdən könüllü çıxmaları barədə ərizə yazdırıb işdən çıxarırdı.


Bir dəfə Sərxanın yaxınlarından biri onun yanında haqq-ədalət, insaf-mürvət barədə nə isə danışıb. Bu sözləri eşidən Sərxan , - haqq-ədalət nə olan şeydir, insanlar olmayan şeylərdən daha çox danışırlar,- deyə gülümsəyir. Sərxanın bu sözlərini eşidən adam yerindəcə donub qalır, ağzını açdığına peşman olur, sözünün dalını gətirə bilmir. Onun kirimişcə dayandığını görən Sərxan şən bir əhval-ruhiyyədə fikrini davam etdirir:


-Bill Qeytsin özünü tanımasan da, adını eşitmiş olarsan. Bilirsən, Bill Qeyts nə deyib, Bill Qeyts də elə belə adam deyil. O deyib ki. haqq-ədalət deyilən bir şey yoxdur. Həqiqətən də, belədir, bu insanların yoxdan yaratdığı bir şeydir. Doğrudan da, elədir, haqq-ədalətin adından başqa nə var ki, göstər mənə onun özünü, onun forması var, şəklini çək, dadını-tamını de. Yoxdur, göstərmək mümkün deyil, sübut edə bilməzsən. İnsanlar haqq-ədalət deyə-deyə bir-birlərini aldadırlar.


Özünü həmişə hamıdan ağıllı və bilikli sayan Sərxanın belə məqamlarda rəngi bilinməyən dodaqları azacıq qaçır, gülümsəyən kimi olurdu. Bununla ətrafındakılara sanki demək istəyirdi ki, siz heç nə bilmirsiniz, siz çox geridə qalmısınız . O, özünə filosof görkəmi verməklə yalnız ətrafındakılardan seçilmək istəmirdi, əslində tabeçiliyində olanlara erudisiyalı, ensiklopedik biliyə malik olduğunu diktə edir, cücü-mücü alimi olduğunu unutdurmaq istəyirdi.
Babası Əbdülqədir rəhmətini sağlığında qazanmışdır. O, həmişə deyərmiş ki, bu uşaq dünyaya şər nişanəsi ilə gəlib, ondan xəta əskik olmayacaq, camaat ondan həmişə ziyan çəkəcək. Sərxanın nişanəsi üzündə, gözünün içində idi. Onun üzü-gözü çox fərqli idi, onun üzünün dərisindən yox idi, üzünün dərisi koramal rəngində idi, gözünün içində isə ilan xalları kimi xallar var idi. O, heç vaxt gülməmişdi, daha doğrusu, gülə bilmirdi, o yalnız gülümsəyirdi. Bəlkə, elə bu səbəbdən idi ki, ürəkdən gülən adamlardan zəhləsi gedirdi, təkcə ürəkdən gülən insanları yox, cümlə bəşəri görən gözü yox idi.


... İçərişəhərlilər danışırdılar ki, Əbdülqədirin qəbri çat verdiyindən başdaşı aşıb qırılıbmiş. Camaat qəbrin çat verməsini Sərxanın qansız-vicdansız adam olması ilə bağlayırdılar.Onu da danışırdılar ki, Əbdülqədiri tanıyanlardan kimsə qəbirin çatlamasını, başdaşının qırıldığını Sərxana çatdırıb. Sərxan isə heç nə olmamış kimi “ çox böyük iş olub, aşıb-aşıb da” deyib.Deyilənə görə, nəinki qəbri düzəltdirmiş, heç ömrü boyu ata-babasının qəbrinin üstünə ayaq basmayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər