Ru
09:53 / 12 Aprel 2022

“Dəstəmaz alıb, şəhadət gətirib, gözlərini özü yumub…” – Şuşa fatehi Orxanın ailəsindən reportaj

84476
Orxan Sədail oğlu Babayev 24 dekabr 1994-cü ildə Astara rayonunun Lovayın kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Ailənin 4 oğul övladından biridir.


2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb.

Vətəninə, torpağına məhəbbəti sonsuz olan Orxan hərbi xidmətdən qayıtdıqdan sonra 2014-cü ildə müddətdən artıq xidmət etmək üçün hərbiyə qayıdıb və baş çavuş rütbəsində atıcı-qumbaraatan vəzifəsində xidmət etməyə başlayıb.




2020-ci ilin sentyabr ayında başlayan 44 günlük Vətən müharibəsində Orxan da bir atıcı kimi döyüşlərdə iştirak edib, Füzuli, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib.


Daha sonra qəhrəman baş çavuş Şuşa uğrunda gedən döyüşlərə qatılıb, düşmənə sinə gərərək adını tarixə yazıb. Qələbəyə bir gün qalmış - 7 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.


Bakupost.az -ın əməkdaşı Şəhid Orxan Babayevin valideynləri ilə görüşüb.


Şəhidimizin atası Sədail Babayev oğlunun həyat yolu barədə söz açıb:




"Vətən uğrunda şəhid olmaq onun arzusu idi. Şəhid oldu, amma ata-anasıının başını ucaltdı. Müharibəyə getdiyini bilmirdim. Çünki müharibədən söhbət belə getmirdi. Təlim keçiləndə də bizə demirdi. Deyirdi ki, yaxşıyam. Karantin olduğu üçün bayramlarda gələ bilmirdi.


Döyüş yoldaşları onun haqqında yaxşı danışırlar. Deyirlər ki, Orxan şəhid olmamışdan əvvəl dəstəmaz aldı. İndi də onun məzarına axın-axın insanlar ziyarətə gəlirlər. İl mərasimində də Daxili İşlər Nazirliyinin müavini gəlib medallarını bizə təqdim edib. Hər bayramda bizi yada salırlar.


Ata-oğul münasibətimiz çox yaxşı idi. Mənim sözümdən heç vaxt çıxmazdı. Uşaqları çox sevər, hər kəsə bacardığı qədər yardım edərdi.

Orxanı 1 dəfə yuxuda görmüşəm. Amma daha sonra yuxuma gəlməyib. Yayda onun şəhid olduğu yerə getmək istəyərəm. Ailə üzvlərimə özüm təsəlli versəm də, bu, bir ata üçün çox çətindir…


O heç vaxt döyüşdən danışmazdı. Döyüş yoldaşları deyir ki, sağ ikən bir-birimizə nur üzlü şəhidlər deyirdik. Şuşaya qalxanda da şəhidliyə getdiklərini deyiblər. Onun ürəyinə damıb. Sonda şəhadətini gətirib, gözlərini özü örtüb.


Bu şəhidlər gələcək nəsillərə Vətən sevgisinin nə olduğunu göstərib. Mən də tövsiyə edirəm ki, cavanlar onlar kimi olsunlar. İndi də bizim vətən uğrunda döyüşəcək, özünü fəda edəcək gənclərimiz var. 44 gün müddətində qələbə qazanmağımız böyük bir möcüzə idi. Şəhidlərimizlə yanaşı Prezidentimizə də minnətdarıq”.




Şəhidimizin anası Maisə Babayeva da Orxanın şəhidlik məqamı haqqında danışıb:


“Müharibə başlayandan sonra zəng edəndə dedi ki, bizi hələ aparmayıblar, Hacıqabuldayıq. Hələ müharibənin başlamadığını deyirdi. 1 il 5 ay idi evə gəlmirdi. Qardaşına zəng edib Şuşaya getdiklərini və bu barədə heç kimə deməməsini tapşırıb. Deyib ki, mənə zəng çatmasa, bil ki, bir şey var. Elə şey olsa, hökm etməzsiniz ki, cənazəm açılsın. Bilin ki, açılmalı deyil. Elə də etdilər. Mənə onun cənazəsini göstərmədilər. Arada onu yuxuda görürəm. “Mən burdayam, niyə ağlayırsan, ana? Sənin yanındayam. Mənim yerim rahatdır. Siz məni görmürsünüz, amma mən sizi görürəm”, - deyə mənə təsəlli verir.


Ona deyirdim ki, evlən. Birini sevirdi. Sevdiyi qız Naxçıvandan cənazəsinə gəlmişdi. Həmin qız 5 ildir bir-birini sevdiklərini dedi. Amma o, 5 ildə bizə heç nə deməyib. Desəydi, evləndirərdik”.





Şəhidimizin qardaşı Elvin Babayev də Orxanla bağlı xatirələrini bölüşüb:


“Şəhid qardaşım haqqında danışmaq çox çətindir, lakin bir o qədər də qürurvericidir. Ailədə 4 qardaş idik, Orxan 3-cü qardaş idi. Sakittəbiətli, mehriban yolagedən biri idi. Hərbi xidmətə yola düşəndən sonra tez-tez əlaqə saxlayırdıq. Vətən müharibəsi başlamazdan əvvəl - sentyabrın 20-si telefonla əlaqə saxladıq. O dedi ki, biz hazırıq, yəni müharibə ehtimalı var. Müharibə başlayanda döyüşlərə qatıldılar. Amma qərara gəldik ki, onun döyüşdə olmağını valideynlərimizdən gizlədək. Atamın 66 yaşı var, xəstədir. Düşünürdük ki, müharibə bitəndən sonra xoş xəbər deyərik. O, mənə hər gün zəng edərdi. 31 oktyabr saat 15:40 radələrində zəng edib Şuşaya getdiklərini və zəng çatmayacağını dedi. Noyabrın 9-u axşam qələbə xəbəri gəldi. O vaxta kimi zəng çatmırdı.


Döyüş yoldaşları Orxanın fiziki cəhətdən daha çox hazırlıqlı olmasından danışırlar. Bütün lazımlı ləvazimatları üstündə aparıb. Noyabrın 3-ü minaatan mərmisi düşüb və onu müəyyən məsafəyə atıb. Amma noyabrın 7-si düşən mərmi 2 metr məsafədə olub. Sol tərəfindən yaralanıb, qolunda və üzündə qəlpə izləri olub. Qumbaraatan olduğuna görə, yoldaşları deyir ki, o olmasaydı, biz də olmazdıq. Müdafiə mövqeyində böyük şücaət göstərib. Noyabrın 10-u ölüm xəbəri gəldi. Bu xəbər nəinki bizi, bütün kəndi sarsıtdı. Heç kim özünə gələ bilmirdi, hətta onun yoxluğuna inanmaq çox çətin idi.


“Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.


Gənclərə tövsiyəm odur ki,vətənpərvər ruhda böyümək üçün şəhidlərin keçdiyi yolu izləsinlər. Bu ölkə hələ çox Orxanlar, Mübarizilər, Poladlar yetişdirəcək. Onların döyüş yollarını özlərinə örnək seçsinlər və bu yolda addımlasınlar”.





Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər