Mayın 25-də keçirilən qəbul imtahanında bəzi test tapşırıqlarının səhv olduğuna dair iddialar sosial şəbəkələrdə həm abituriyentlər, həm də müəllimlər tərəfindən geniş şəkildə müzakirə olunur. Xüsusilə də tarix fənnindən üç test tapşırığının səhv hazırlandığı vurğulanır.
Dövlət İmtahan Mərkəzi (DİM) isə bildirir ki, imtahan nəticələri və test tapşırıqları ilə bağlı hər hansı narahatlıq və ya sual yaranarsa, abituriyentlər apellyasiya komissiyasına müraciət etmək hüququna malikdirlər.
Məsələ ilə bağlı
Bakupost.az -a açıqlamasında
təhsil eksperti Elşən Qafarov bildirib ki, səhv suallar ola bilər, amma bu məsələni çox böyük faciəyə çevirmək lazım deyil:
“Bu, birinci dəfə deyil, insan amili olan yerdə texniki səhvlər daim olur və bundan öncə də olub. DİM bununla bağlı apellyasiya komissiyası yaradıb. Ciddi bir qurumun səhvinin bu cür müzakirə olunması təbiidir. Bundan öncə belə hallar olanda müraciət edilib və həmin suallar araşdırılıb. Nəticə etibarilə bu suallarla bağlı cavablar abituriyentlərin xeyrinə hesablanır. Belə halların olmaması daha yaxşıdır. Çünki DİM böyük resursları və peşəkar qrupu olan bir qurumdur. Bunu faciəyə çevirmək yox, araşdırmaq lazımdır. DİM sualları araşdırmalı, əgər iddialar doğru deyilsə, bunun açıqlamasını verməlidir ki, suallar doğrudur, iddialar doğru deyil. Yox, iddialar doğrudursa, bu zaman həmin suallar bütün abituriyentlər üçün düzgün cavab kimi götürülməlidir.”
Ekspertin sözlərinə görə, əsas diqqət DİM-in test mexanizmindəki problemlərə yönəlməlidir:
“Çox maraqlı cəhət odur ki, DİM-in test mexanizmində əsas problem kənarda qalıb, 1-2 sualın səhv olması böyük rezonans doğurub. Mən çox arzulayardım ki, DİM-in imtahan mexanizmində dəyişikliklər edilsin. DİM qəbul imtahanını qruplar, blok imtahanları üzrə deyil, ayrı-ayrı ixtisaslar üzrə keçirməlidir. Ən böyük problem budur. Fikir versəniz, bu gün Azərbaycan gəncinin hər 100 nəfərindən 5-i ali məktəbə öz arzuladığı ixtisas üzrə daxil ola bilir. Təqribən 150-160-a yaxın ixtisas cəmi 5 qrupda cəmləşir. Bu səbəbdən hansısa bir sahə ,bir ixtisas üzrə təhsil almaq istəyən şəxs orada 15 ixtisas yazdığı üçün tamamilə arzulamadığı ixtisasa daxil olur. Bu, onun gələcək həyatına və karyerasına çox mənfi təsir göstərir”.
Lalə Novruz,
BakuPost