Ru
15:41 / 20 Sentyabr 2022

Dünya nəhənglərinin Zəngəzur qarşıdurması - Kim qalib gələcək? - Şərh

Dünya nəhənglərinin Zəngəzur qarşıdurması - Kim qalib gələcək? - Şərh
Eye

Bölgədəki geosiyasi vəziyyət sürətlə dəyişir. Avqustun 31-də Brüsseldə əldə edilən nəticələr sentyabrın 13-14-də sıfırlandı. Ancaq bu hadisəni sıradan bir hadisə kimi qiymətləndirmək lazım deyil. Çünki indi regionda yeni səhifə açılıb. İdi Azərbaycan heç kimdən öz qoşunlarını öz ərazilərindən çıxarmağı tələb etmir.


Bakupost.az xəbər verir ki, bunu bölgədə son hadisələri şərh edən politoloq Rizvan Hüseynov bildirib.


O qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra Paşinyanın sülh müqaviləsinin hazırlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacağına dair gözləntilər var idi:




“Lakin görünür, Ermənistan rəhbərliyi xarici himayədarları ilə məsləhətləşib və Azərbaycana qəti şəkildə “Yox!” demək qərarına gəlib. Ermənistanın arxasında konkret hansı xarici himayədarların dayandığını uzun müddət müzakirə etmək olar, lakin bəzi ölkələrin reaksiyasını və yüksək rütbəli məmurların regionumuza tez-tez səfərlərini müşahidə edərək, belə qənaətə gəlmək olar ki, ilk növbədə, ABŞ, Fransa, İran, Hindistan və bir sıra başqa ölkələr Zəngəzurdan keçən nəqliyyat marşrutu ilə razılaşmır. Türkiyə, Rusiya, Azərbaycan, bir sıra Mərkəzi Asiya ölkələri və Çin isə bu dəhlizdə maraqlıdlr".



Rizvan Hüseynovun sözlərinə görə, Türkiyə, Rusiya, Azərbaycan, bir sıra Mərkəzi Asiya ölkələri və Çini taktiki maraqlar birləşdirir və bu, mütləq strateji müttəfiqliklə nəticələnməyəcək:


"Bir qrup ölkələr isə dəniz tədarüklərini əhatə edən köhnə, ənənəvi gəmiçilik marşrutlarını müdafiə edir. Əvvəla, ABŞ öz Avroatlantik doktrinası çərçivəsində dənizlərdən və okeanlardan keçən tranzit axınlarına nəzarəti itirmək istəmir. Eyni zamanda sual yaranır: “Böyük Britaniya bu ssenaridə haradadır?” Böyük Britaniya indiki tarixi mərhələdə yuxarıda qeyd olunan kontinental yönümlü ölkələrin (Türkiyə, Rusiya, Azərbaycan, Çin) hesabına formalaşmaqda olan yeni dünya düzənində lider yerini tutmağa qarşı deyil”.



Təhlilçi hesab edir ki, Böyük Britaniya və bir qrup qitə ölkəsi 20-ci əsrdə geosiyasi məğlubiyyətlərin və ərazi itkilərinin qisasını almaq əzmindədir:


“Ancaq bu, heç də o demək deyil ki, onlar başqa məsələlərdə bir-birinə qarşı durmurlar. Maraqlar toqquşması olan yerdə bir-biri ilə mübarizə aparır, maraqlar üst-üstə düşən yerdə isə qarşılıqlı fəaliyyət göstərirlər. Eyni şey ABŞ və İranın maraqlarının üst-üstə düşdüyü məqamlara da aiddir”, - deyə o vurğulayıb.


Rizvan Hüseynov onu da əlavə edib ki, Vaşinqton Türkiyənin mütərəqqi güclənməsindən və digər qitə gücləri ilə əməkdaşlığından çox narahatdır. Ekspert hesab edir ki, ABŞ bu oyunda İranın güclənməsinə "stavka" qoyur ki, bu da Amerikanın hesablamalarına görə, Türkiyənin xarici siyasətinə xeyli problemlər yaradacaq.


“ABŞ və bir sıra Avropa ölkələrinin nüvə sazişi ilə bağlı razılaşmağa və İrana qarşı bəzi iqtisadi sanksiyaları ləğv etməyə hazır olması məhz bununla bağlıdır. Lakin dünyanın geosiyasi xəritəsində ABŞ görünməzdən əvvəl də uzun əsrlər boyu uğurla fəaliyyət göstərən Avrasiyada Zəngəzur dəhlizinin açılması və qədim nəqliyyat yollarının bərpası Vaşinqton, Paris, Tehran və Dehlini narahat edir”, - deyə o bildirib.


Analitik hesab edir ki, Cənubi Qafqaz Avrasiyanı əhatə edən müxtəlif nəqliyyat marşrutlarının birləşdiriləcəyi ən optimal nöqtədir:


“Azərbaycan Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməlidir və bu, layihədə iştirak edən bütün ölkələr üçün prinsipial məsələdir. Bu nəqliyyat və logistika qovşağı İranın yox, Azərbaycanın ərazisində olmalıdır və bu mıqam sentyabrın 13-15-də Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiyanın səbəblərindən biri olub”.



Təhlilçi vurğulayıb ki, iki gün davam edən sərhəd döyüşlərinin nəticələri Səmərqənddəki görüş və danışıqlarda da öz əksini tapıb. Bu döyüşlərdə Azərbaycanın aşkar qələbəsi ŞƏT dövlət başçılarının Zəngəzurdan keçən nəqliyyat dəhlizlərinin açılması məsələsinə dair mövqeyində həlledici rol oynayıb.


“Lakin bu o demək deyil ki, İran, ABŞ, Fransa və Hindistan iki günlük döyüşlərin və Səmərqənd sammitinin nəticələri ilə barışıb. Bu o deməkdir ki, biz hələ də Ermənistan-Azərbaycan sərhədində münaqişənin mümkün gərginləşməsini gözləyirik. Yuxarıda göstərilən ölkələr qrupunun hər biri üçün Zəngəzur məsələsi prinsipial məsələdir və təəssüf ki, bu məsələ ilk növbədə hərbi-siyasi üsullarla həll olunur”.

Fərid
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar