“Məktəbləlilərin ekskursiyaya aparılması planlaşdırılmış şəkildə həyata keçirilmir. Kim necə istəyirsə, o cür də edir. Buna cavabdeh olan müəssisə də mövcud deyil”.
Bu sözləri
nəqliyyat eksperti Fərhad Eyyubov Bakupost.az -a açıqlamasında Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi ilə bağlı danışarkən deyib.
O, məktəblərdə ekskursiyaların təşkilində təhlükəsizlik təminatının zəruriliyini qeyd edib:

“Bu məsələlərdə məsuliyyəti birbaşa kiminsə üzərinə yıxmaq olmur. Çünki təsadüfi hadisələrdir. Bunların hansı səbəbdən baş verdiyini analiz etmək lazımdır. Belə hadisələr, ümumiyyətlə, yay aylarında çox aktualdır. Heç kim istəməz ki, bunlar baş versin. Amma bizdə məktəblilərin ekskursiyaya aparılması planlaşdırılmış şəkildə həyata yetirilmir. Kim necə istəyirsə, o cür də edir. Buna cavabdeh olan müəssisə də mövcud deyil. Hər bir adam bu məsələləri təşkil edərkən sürücülərin səviyyəsindən, təhlükəsizlik təminatından, təcrübələrindən əmin olmalıdır. Çünki şagird və tələbələri bir yerə aparan şəxs məsulliyyət hiss etməlidir. Sezon hələ yeni başlayıb, amma artıq 2-3 hadisə baş verib. Maarifləndirmə işi aparılmalıdır. Bəzi müəssisələr müəyyən məktəblərdə bu ekskursiyaların təşkilini daha çox istəyirlər. Amma bunun olması üçün müqavilə bağlanmalıdır. Həmin müqavilədə əsas təhlükəsizliyin təminatına diqqət yetirilməlidir. Həmin təhlükəsizliyin təmin olunması məktəb rəhbəri və sürücü tərəfindən qeyd olunur.
Sürücü məsuliyyətsiz yanaşanda, tələsik davrananda, özünü sərbəst aparanda bu cür hallar baş verir. Bağlanan müqavilədən sonra təhlükəsizliyin təmin olunması şərtini hansı tərəf pozarsa, həmin tərəf məsuliyyət daşımalıdır. Səbəb araşdırılmalı, məsul şəxs öz təqsirini bilməli, məsuliyyət hiss etməlidir. Ona görə də maariflənmə və müqavilə məsələsinə diqqət olunmalıdır”.
Ekspert bu məsələlərdə məsuliyyət daşıyan tərəflər haqqında da danışıb:
“Burada məsuliyyət, ilk növbədə, sürücünün üzərinə düşür. İkinci növbədə, həmin sürücünün müəssisəsində olan, bu işə səhlənkar yanaşan adamın üzərinə düşür. Çünki hadisə nəqliyyat vasitəsinin nasazlığı səbəbindən də ola bilər. Bəzi hallarda təhsil müəssisəsinin meneceri müqavilədə müəyyən güzəştlər edir. Məsələn, menecer nəqliyyat vasitəsinin məbləğini 8 manat olaraq razılaşır, amma müştərilərə 10 manat olduğunu deyir. Bu cür öz mənfəətini güdür. Belə halların olub-olmadığı da ekspertlər tərəfindən araşdırılmalıdır”.
F.Eyyubov sürücülərin işinin təşkilinə də diqqət çəkib:
“Əgər məsafə uzun deyilsə, sürücü 8 saatlıq iş rejimini aşmırsa, gedə bilər. Müəyyən nəqliyyat vasitələrində iki nəfər sürücü nəzərdə tutulur. Birbaşa iki sürücünün olub-olmaması mütləq deyil. Amma bəzi məsafələr var ki, sürücü bir gün ərzində 8 saatdan artıq nəqliyyat vasitəsini idarə edirsə, o yorulur. Yola çıxdıqdan 2 saat sonra kiçik, 4 saat sonra isə daha böyük fasiələrlə yol gedilməlidir. Bizdə iki sürücüyə ehtiyac yaranacaq məsafələr yoxdur. Amma sürücü etibarlı olmalıdır. Həmin nəqliyyat vasitəsinə xüsusi göstərici nişanlar vurulmalıdır ki, digər nəqliyyat vasitələri də ehtiyatlı davransınlar”.
Fəridə
Baku Post