Ru
19:58 / 26 Oktyabr 2025

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
Eye

Ana Vətən Partiyasının qurultayında baş verənlər, partiyanın qurucusu, siyasi quruma uzun illər rəhbərlik etmiş Fəzail Ağamalının sədrliyi deputat qızı Günay Ağamalıya ötürə bilməməsi, oğlu Elçin Ağamalı ilə aralarında yaşanan qalmaqal ətrafında müzakirələr davam edir.

Bakupost.az xəbər verir ki, Fəzail Ağamalının deputatlıqdan geri çəkilib, “yerini” qızına verməsindən sonra partiyanın sədri postuna da G.Ağamalını gətirmə istəyi oğlu Elçinin dirənişi səbəbindən alınmayıb. Maraqlıdır ki, Elçin Ağamalının qurultay üzvlərinin səsini qazandığını əks etdirən görüntülər də var.

Bununla paralel olaraq digər YAP-çı deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirovun birinci nikahdan olan qız övladının sosial şəbəkədə müraciət yayması və atasını ittiham etməsi də müşahidə edildi ki, bəziləri bu hadisələr arasında artıq “ümumi əlaqə” tapmağa çalışırlar.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə suçlanması və barəsində ev həbsi qərarı verilməsindən sonra onun əleyhinə ən çox danışan Fəzail Ağamalı oldu və bu da təsadüfi deyil. Çünki Fəzail Ağamalı hələ 2000-ci illərdən, Ramiz Mehdiyevin faktiki olaraq ölkənin ikinci adamı statusunda olduğu vaxt ona qarşı mübarizə aparmış və ictimai şəkildə PA rəhbərini kəskin tənqi etmişdi. Fəzail Ağamalı nadir şəxslərdən idi ki, R.Mehdiyevi öz komandasına və xidmət etdiyi liderə xəyanətdə də ittiham etmişdi.
Bütün bu çıxışlar hazırda “Ramiz Mehdiyev əleyhinə danışmaq haqqına sahib olan azsaylı şəxslərdən biri” kimi bütün diqqəti Fəzail Ağamalının üzərinə yönəldib və AVP sədri də bundan qətiyyən imtina etmir, bir çox məqamları, yaxın tarixdə baş verənləri yenidən xatırladır.

Elman Nəsirovun isə əksinə, Ramiz Mehdiyevin birbaşa dəstəyi və yardımı ilə siyasi karyera qurduğu haqda müəyyən iddialar mövcuddur. Elman Nəsirov həmçinin YAP-dan seçilən deputatlar arasında hazırlıqlı, polemika qabiliyyəti ilə seçilən şəxsdir və buna görə də Ramiz Mehdiyev ətrafında gedən müzakirələrdə istər-istəməz sualları və ittihamları cavablandırmalı olur.

Baxmayaraq ki, E.Nəsirov indiyə qədər R.Mehdiyev haqda sərt ifadələr işlətməyib, bəzi konspiroloji yanaşmalar artıq sosial şəbəkələrdə də yayılmaqdadır. İddia edilir ki, həm Fəzail Ağamalı, həm də Elman Nəsirovla bağlı baş verənlər qəsdən seçilib və bu, hər iki “düşərgəyə” - həm Ramiz Mehdiyevlə uzun müddət mübarizə aparan və hazırda da sözü üzünə deyənlər, həm də Ramiz Mehdiyevin sayəsində karyera quran, ancaq indi siyasi konyekturaya uyğun olaraq PA-nın sabiq rəhbəri haqda sərt ifadə işlədənlərə dolayısı xəbərdarlıqdır.

Bildirilir ki, bu, Ramiz Mehdiyevin pulu ilə fəaliyyət göstərən komandasının ilk hücumudur. Məqsəd hər iki tərəfə onlara aid kompromatlara sahib olmasını və yaxud hazırda da onların siyasi fəaliyyətinə təsir etmək gücünü nümayiş etdirmək, beləliklə də onların R.Mehdiyev haqda danışmasına imkan verməməkdir.
Fəzail Ağamalı ilə bağlı baş verənlərin timsalında hallanan ehtimal bir qədər şübhəli görünə bilərdi, çünki “opponent” öz oğludur. Ancaq Fəzail Ağamalının 1996-cı ildə parlamentdə Sankt-Peterburqa səfər heyətindən çıxarılmasına etiraz etdiyi çıxışının tapılması, “7 gün” qəzetinin 29 ildən sonra həmin informasiyanı dərc etdiyi hissəsinin paylaşılması sanki bu proseslər arasında konspiroloqlara yeni fürsət və imkan verir. Bu şübhəyə sovet illərində MK-nın ideoloji katibi olan Ramiz Mehdiyevin Gəncəyə səfəri zamanı onu Fəzail Ağamalının qarşılamasını əks etdirən fotonun indi yenidən gündəmə gəlməsini də əlavə etmək olar.

Ona görə də bəziləri bu “ifşa”ların davam edəcəyini də istisna etmir.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar