Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri görülüb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, işə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.
Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesində Z.Qəhramanovu 9 vəkil müdafiə edib.