"Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan son addımlar təqdirəlayiqdir. Bu sülh prosesinin tərkib elementləri kimi də qəbul edilir. Azərbaycan üzərindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, həmçinin vətəndaş cəmiyyətinin üzvlərinin İrəvanda keçirdiyi görüş bu mənada müsbət haldır".
Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
Ekspert hesab edir ki, Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımdır: “Bu amil Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasına da müəyyan mənada təsir göstərəcək. Ümumilikdə kommunikasiyaların açılması məsələsi son illərdə sülh prosesinin ən vacib istiqamətlərindən biri olub. Təbii ki, burada irəliləyişin baş verməsi olduqca əhəmiyyətlidir” .
Mətin Məmmədliyə görə, rəsmi Bakının vermiş olduğu bu qərar onun sülh prosesində nə qədər maraqlı olduğunu göstərir:
“Azərbaycan yalnız sərt bəyanatlar, ritorika ilə deyil, atdığı praktiki addımlarla da sübut edir ki, bölgədə sülhün əsas lokomotividir. Sözsüz ki, davamlı sülhün əldə edilməsi o qədər də sadə məsələ deyil. Dövlətlərlə yanaşı, cəmiyyətlər də sülhə hazır olmalıdır. Bunun üçün münbit zəmin formalaşmalı, ilk növbədə etimad mühiti yaranmalıdır. Uzun onilliklər iki cəmiyyət arasında düşmənçilik hökm sürüb. Bunu qısa zamanda aradan qaldırmaq çətindir. Vətəndaş cəmiyyətləri arasındakı təmaslar etimad mühitinin formalaşmasına müsbət təsir göstərəcək”.