Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Türk Evində bir araya gəlib və özünün müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” adlı kitabı bağışlayıb.
Türkiyə prezidentinin Paşinyana bu hədiyyəsi diqqət çəkib. Ermənistanda isə bu məsələ Paşinyan hakimiyyətinin tənqid olunması üçün əlavə arqumentə çevrilib.
Bakupost.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, erməni rəsmiləri bu məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıblar.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Paşinyanın Ərdoğanla görüşü və ondan Türkiyə prezidentinin müəllifi olduğu kitabı hədiyyə almasını düzgün addım hesab etdiyini bildirib.
Hökumətin iclasından sonra keçirilən brifinqdə nazir deyib ki, hakimiyyət tərəfindən atılan bütün addımlar regionda sülhün və iqtisadi rifahın təmin olunmasına yönəlib:
“Bəs, siz nə təklif edirsiniz? Deyirsiz ki, Ermənistan qonşuları ilə diplomatik əlaqələr qurmasın? Öz siyasəti ilə yeni problemlər və düşmənçilik yaratsın?”, - deyə nazir əsəbi şəkildə jurnalistlərə xitab edib.
O, keçmiş hakimiyyəti Ermənistanı 30 il blokada və təcrid şəraitində saxlamaqda ittiham edib və bildirib ki, bunun mənfi iqtisadi nəticələri olub.
Xatırladaq ki, Ermənistan və Türkiyə liderlərinin görüşü sentyabrın 24-də Nyu Yorkdakı Türk Evində baş tutub. Danışıqlardan sonra sosial şəbəkələrdə Paşinyanın “Daha ədalətli dünya mümkündür” kitabını Ərdoğandan hədiyyə olaraq aldığına dair foto yayılıb. Ermənistanda çoxları baş naziri tənqid edərək xatırladıblar ki, Azərbaycan Türkiyənin fəal iştirakı və köməyi ilə guya Ermənistana təcavüz edib.
Zaur
BakuPost