Ru
13:33 / 04 Noyabr 2021

“Erməniləri Gorusa qədər qovduq” - Tağım komandirindən ilginc açıqlamalar - FOTOLAR

74188

Mais Məmmədov Məmməd oğlu 1974-c ildə Astara rayonunun Sım kəndində anadan olub. BDU-nun coğrafiya fakültəsini və həmin universitetin hərbi kafedrasını Leytenant rütbəsilə bitirib. Daha sonra Astara rayonun Pəlikəş tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 2 il Milli Ordunun N saylı hərbi hissəsində əvvəl taqım komandiri, sonra bölük komandiri kimi xidmət edib və baş leytenant rütbəsi alıb. Hazırda isə ehtiyatda olan kapitandır.


Vətən Müharibəsində böyük qəhrəmanlıq, şücaət, mərdliklə vuruşan Mayis Məmmədov Bakupost.az -a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:

- Mais müəllim, müharibəyə getməyiniz necə oldu? Ailəniz bunu biləndə necə reaksiya verdi?



- Torpaqlarımızın işğal altında olması daim məni narahat edir və buna son qoymaq üçün əvvəl-axır vuruşmalı olacağımıza, qalib gələcəyimizə inanırdım. Tovuz döyüşləri və General Polad Həşimovun şəhid olmasından sonra cəbhəyə könülü getmək istədim. Lakin o zaman alınmadı. Nəhayət, 27 sentyabrda ordumuz əks hücum əməliyyatına keçəndən sonra Ali Baş Komandan qismən səfərbərlik elan etdi. Mən də ehtiyatda olan zabit kimi orduya çağırıldım və böyük həvəslə, ruh yüksəkliyi ilə bu çağırışa qoşuldum. Ailəm buna təəccüblənmədi. Çünki onlara demişdim ki, zabit olduğum üçün məni hər zaman müharibəyə çağıra bilərlər, buna hazır olun. Cəbhədə döyüşlər gedən vaxt evdə otura bilmərəm. Vicdanım və zabit şərəfim bunu qəbul etməz. Yoldaşım mənə dedi ki, yaşın bir az çoxdur. Mən də “belə zamanda yaşlı və təcrübəli zabitlər, əsgərlər döyüşə getməlidir” dedim. Yoldaşıma da dedim ki, əgər şəhid olsam, uşaqlarımı oxut və onlardan muğayat ol. Gedəndə anama demədim, xəstə olduğuna görə istəmədim narahat olsun. 29 sentyabrda səhər tezdən evdən çıxdım səfərbərlik idarəsindən 5 nəfər zabit və 15 nəfər əsgərlə birlikdə avtobusla cəbhəyə yollandıq. Evdən çıxanda hamıya dedim ki, inşallah gedirəm vuruşmağa, amma qələbə ilə dönəcəm!

- Döyüşlərə haradan başladınız?

- Məni Ağcabədidəki N saylı hərbi hissənin 1-ci taborun 1-ci bölük komandiri təyin etdilər. Tabor komandiri isə Astaradan olan şəhid polkovnik leytenant Nail Orucov idi. Biz oktyabrın əvvəlindən Füzulidən Cəbrayıl istiqamətində ağır gedən döyüşlərə başladıq. Cəbrayıla daxil olanda orada mühasirəyə düşdük. Çünki düşmən minamyotlarla hər tərəfimizi vururdu. Bu döyüşdə taborumuz ilk şəhidini verdi. Astaradan olan həkimimiz Nurlan Fərəməzov şəhid oldu. Bütün taborda qisas hissi o qədər çoxalmışdı ki, elə həmin gün biz mühasirəni yarıb irəli gedib strateji əhəmiyyətli bir neçə yüksəkliyi düşməndən azad etdik. Cəbrayıldan sonra Qubadlıya daxil olduq. Artıq düşmənin belini qırmışdıq, hər yerdə qabağımızdan qaçırdılar. 25 oktyabrda ağır döyüşlərdən sonra Qubadlı şəhərini işğaldan azad etdik. Sonra düşməni qova-qova Ermənistanla sərhədə, yəni Gorusa çatdıq.

- Döyüş meydanında baş verənləri düşünmək belə çətindir. Siz bunları yaşayan bir müəllim, komandir kimi o anları bizə təsvir edərdiniz…

- Komandir olduğuma görə döyüş zamanı soyuqqanlı və təmkinli olmalıydım. Bölüyümün döyüşü, tabeliyimdəki zabit və əsgərlərin müqəddəratı verəcəyim qərardan asılıydı. Hisslərə qapılmaq ölümə bərabər idi. Ona görə də insan bir növ robotlaşırdı. Daha çox düşmən öldürmək və irəli getmək istəyirsən. Əvvəl bir az qorxu və həyəcan olsa da, sonra döyüşlər qızışdıqca bunlar tamamilə yoxa çıxır. Biz komandirlərin işi daha çətin idi. Həm döyüşürsən, həm də ölüm-itimə baxmayaraq, döyüşü idarə etməlisən. Bəzən qışqıra-qışqıra komanda verməkdən səsim batırdı. Amma tapşırığı uğurla yerinə yetirib bir yüksəkliyi və ya yaşayış məntəqəsini azad edib “Allahu-Əkbər” deyib qışqırmağımız isə bizə başqa hisslər yaşadırdı.

- Döyüşlərdə şəhid olan əsgərlərinizi görəndə hansı hissləri keçirirdiniz? Komandanı yenidən döyüşə necə ruhlandırırdınız?

- Döyüşlərdə şəhid olan yoldaşlarımız olanda çox böyük acı hisslər keçirirdim. Lakin mən zabit olduğum üçün həmin an təmkinli olmalıydım. Döyüşçülərimə deyirdim ki, yoldaşlarımız borclarını yetirərkən şəhid oldular. Biz isə onların qanını yerdə qoymamaq üçün irəli gedib daha çox düşmən öldürməli, onları məhv etməliyik. “Ətrafa baxın, düşmən torpaqlarımızı necə viran qoyub. İndi qisas zamandır, irəli!”.



- Sizin üçün müharibədə ən çətin, ən ağır döyüş hansı istiqamətdə oldu?

- Cəbrayılda mühasirəni yararkən çox çətinlik çəkdik. Çox şükür itkimiz olmadı. Qubadlı istiqamətində Mahmuzlu kəndi ətrafında Milli Qəhrəman Polkovnik Şükür Həmidovun şəhid olduğu yerdə çox ağır və şiddətli döyüşlər getdi və şəhidlər verdik. Amma bu, əməliyyatı da uğurla başa çatdırdıq. Növbəti ağır döyüşlərimiz isə Gorusla sərhəddə yüksəkliyi ələ keçirərkən baş verdi. Həmin döyüşlərdə əvvəlcə taqım komandiri baş leytenant Qurbanov Emil, sonra tabor komandirinin müavini mayor Zeynalov Müseyib, 3-cü bölük komandiri baş leytenant Bayramov Ramin, tabor komandiri polkovnik leytenant Orucov Nail və çoxlu əsgərimiz şəhid oldu. Minomyotun dalğası məni bir neçə metr aralıya atdı. Təqribən 1 saatdan sonra ayıldım. Sonralar həkimlər mənə dedilər ki, beynin tərpənib kontuziya olmusan. Sağ qulağım hələ də zəif eşidir. Şəhidlərimizin qanı-canı bahasına bu döyüşlərdən də uğurla çıxdıq.

- Son sözünü sizə deyən əsgəriniz və yaxud hərbçi yoldaşlarınız oldumu?

- Bəli, bir həkimimiz vardı, o, ölümündən qabaq dedi ki, mən öləcəyəm amma evdəkilərdən nigaranam. Onlardan muğayat olun, komandir. Bir əsgərim isə hətta ölüm ayağında belə, məni buraxın irəli gedim deyirdi. Nə deyim? Belə igid oğullarımız vardı. Şəhidlərimizin hər birinin arxasınca gözüyaşlı valideynləri, yoldaşları, övladları, qardaş-bacıları qaldı. Amma Vətən uğrunda döyüşlər itkisiz olmur.


- Düşmənlə üz-üzə gəldiyiniz anlar olubmu? Düşmənlə aranızda ən az məsafə nə qədər olub?

- Dəfələrlə düşmənlə üz-üzə gəldiyimiz anlar olub. Bir-iki dəfə lap yaxın məsafədə döyüşmüşük. Onların səngərlərinə hücum etdiyimiz vaxtlarda çox yaxın məsafədən döyüşmüşük. Onlar bizi görəndə silahını atıb geri qaçırdılar. Bizim əsgər və zabitlərdən çox qorxurdular.

Cəbrayılda bir dəfə açıq döyüşdə düşmən bizi minomyotdan və toplardan atəşə tutdu. Bu vaxt mən, tabor komandiri və bir əsgərimiz yanımıza düşən mərmilərdən necə sağ çıxmağımıza hamı təəccüblə baxırdı. Qubadlıda gedən döyüşlərdə isə güllə gödəkçəmin kürəyini bir yerdən, sağ qolumu isə iki yerdən cızıb keçdi. Həmin anlar şəhid olan silah yoldaşlarımız çox oldu. Amma qismətdən biz sağ qaldıq. Ən ağır anlarda yalnız Allaha yalvarıb ondan səbr və imdad diləyirdim.

- Əməliyyatlar zamanı minalanmış əraziyə düşmüsünüzmü?

- Biz çox vaxt qaçan erməni əsgərlərin arxasınca getdiyimizə görə minalanmış əraziyə düşmürdük. Həmçinin dağlıq ərazilərdə minalanmış ərazi az olur.

- Ölüm-dirim savaşında olarkən ağlınıza ilk nələr gəlirdi?

- Həmin anlarda fikirləşirdim ki, artıq ölümlə üz-üzəyəm. Buradan sağ çıxmaq çətindir. Bəzən də fikirləşirdim ki, ölüm yaxşıdır. Təki şikəst və əsir olmayım. Çünki zabitin əsir düşməsi ayrı fəlakətdir.

- Döyüşlərdə cəsarətlə vuruşan tabor komandiri polkovnik-leytenant Nail Orucuvun qəhrəmancasına şəhid olandan sonra döyüşləri siz aparmsınız...

- Polkovnik leytenant Nail Orucov tabor komandiri kimi bacarıqlı, yoldaş kimi səmimi və cəsur döyüşçü idi. O, çox vaxt səngərlərdə bizimlə çiyin-çiyinə döyüşür, bizimlə və əsgərlərlə bir qabda yemək yeyirdi. Onun şəhid olması hamımızı hədsiz üzdü. Eyni zamanda bütün tabor Nail Orucovun qisasını almaq çox irəli əmrini gözləyirdilər. Ondan sonra döyüşləri idarə etmək üçün tabor komandiri vəzifəsini mənə həvalə edildi. Mən də taboru toplayıb həmin mövqedə möhkəmləndik və yüzlərlə düşmən əsgərini məhv edib onları geri otuzdurduq. Azərbaycan əsgərində elə bir qüvvət, şücaət, qəhrəmanlıq var idi ki, bəlkə dünyanın heç bir ordusunda belə əsgərlər yoxdur.

- Qələbə xəbərini eşidərkən hansı hissləri keçirdiniz? O anları necə xatırlayırsız?

- Qələbə xəbərini Qubadlıda eşitdim. Biz növbəti döyüşlərə hazırlaşırdıq. Gecə yarısı silah səslərini eşidib düşündüm ki, yəqin, düşmən hücuma keçib və bizə yaxınlaşıb. Tez əlimi silahıma atıb hazırlaşmağa başladım. Daha sonra gülüş səsləri, sevinc sədalarını eşidib yanımdakı əsgərə dedim ki, get bax nə məsələdir. Əsgərim qayıdıb dedi ki, komandir müharibə qurtardı. Düşmən təslim oldu. Biz qələbə qazandıq. Həmin an əllərimi qaldırıb dedim ki, sənə çox şükür, Allah! Bu günü görməyi bizə nəsib etdin. Daha sonra hamı bir-birini bağrına basıb sevincdən ağlayırdı. Avtomat və pulemyotlardan havaya atəş açırdılar. Bəli, o anı yaşamaq böyük xoşbəxtlik idi.


- Döyüşdən yadigar saxladığınız nəsə varmı?

- Bəli, döyüş paltarlarım və digər şəxsi ləvazimatlarım. Hər dəfə onlara baxanda döyüş xatirələrimi, şəhid əsgərlərimi, döyüş yoldaşlarımı və qələbə günümüzü xatırlayıram.

- Qalib ölkənin qalib kapitanı kimi ailənizin yanına qayıtdınız. Müharibə sizin həyatınızda nələri dəyişdi?

- Evə qayıdanda demək olar ki, bütün rayon bizi qarşılamağa çıxmışdı. Biz xalqın sevgisini, birliyini gördük. Qalib ölkənin rəşadətli ordusunun qalib zabiti kimi bu şərəfə nail olmaq böyük qürurdur. Müharibə həyatıma çox şeyi dəyişdi. Ən azından döyüş xatirələrim ömrüm boyu mənimlə olacaq.

- Döyüşü canlı-canlı yaşayan kapitan olmaqla bərabər həm də bir müəllimsiz. Müəllim kimi indiki duyğularınızı bilmək istərdik..

- İndi rahatam. Çünki 30 illik işğal ləkəsini alnımızdan sildik. Bizim dövrdən qalan problemi kökündən həll edib, gələcək nəslin əmin-aman yaşamasına şərait yaratdıq. 3 əsrə yaxın idi ki, torpaq itirirdik. İndi isə xalq, ordu və dövlət birləşərək “Dəmir yumruğu” düşmənin başına endirib torpaqlarımızı işğaldan azad edərək şanlı tarix yazdıq. Hər dəfə coğrafiya dərsində işğalda olan rayonlar haqqında ürək ağrısı ilə danışırdım, indi isə tam əksinə qürurla danışıram.

- Döyüşdən sonra hansı medallarla təltif olunmusuz?

- Müharibədən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşam.

- Gənclərimizə, əsgər və zabitlərimizə tövsiyəniz...

- Gənclərimizə deyərdim ki, Vətənimiz və dövlətimiz üçün təhlükə olanda şəxsi maraqlarını bir kənara buraxıb, Vətənin xidmətinə hər zaman hazır olmalıyıq! Birlik olmanın gücünü bu şərəfli müharibədə bir daha gördük! Çağırsalar yenə döyüşməyə hazıram! Bu qələbəni bizə qanı-canı bahasına bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmasını diləyirəm!



Fəridə Söhrabqızı
Baku Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər