Məlum olduğu kimi, Bakı Dəmir Yolu Vağzalının yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Qiymətlər parklanma müddətinə görə təyin edilib: 15-30 dəqiqə - 1 manat, 30-60 dəqiqə - 2 manat, 1-2 saat - 4 manat, 2-3 saat - 6 manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat.
İlk 15 dəqiqə isə pulsuzdur.
Mövzu ilə bağlı Bakupost.az -a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, sözügedən ərazi kiçikdir. Lakin orada tətbiq olunan parklanma qiymətləri heç də ədalətli deyil. Xüsusilə də parklanma müddətinin 1 saatadək 2 manat, əlavə müddətin 4 manat, sutkalıq qiymətin isə 30 manat olması doğru sayıla bilməz. Çünki sürücülər həmin 30 manatı yanacağa sərf etsələr, çatacağı ünvana öz avtomobili ilə gedərlər:
“Çox güman ki, qiymətlər müəyyənləşdirilərkən bu kimi məsələlər araşdırılmayıb. Tariflər arasında uyğunsuzluq çoxdur. Düşünmürəm ki, bu tarif uzun müddət davam edəcək”.
Sevinc
BakuPost