Ru
12:21 / 04 Fevral 2023

Gələcəyin ən yaxşı ixtisasları: mütəxəssislər nə tövsiyə edir? - Rəylər

42372
XXI əsr bütün sahələrdə texnoloji inkişaf əsridir. Bu dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir.

Mütəxəssilərin fikrincə, gələcəyin ən çox tələb olunan ixtisasları kibertexnika və biotexnikadır. Biomühəndis, bioəczaçı, robototexnika üzrə mütəxəssis ixtisaslarına indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Mütəxəssislər tələbat olan peşələrdən kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, neyropsixoloq, virtual reallıq dizayneri, 3D çap mühəndisliyinin də adlarını çəkirlər. Qeyd edək ki, bu sahələr üzrə kadrların hazırlanması uzun müddət və xeyli maliyyə xərcləri tələb edir.

Dünyanın aparıcı universitetlərində artıq neçə illərdir ki, sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Azərbaycanın ali təhsil müəsisələrinin isə bəzilərində bir neçə ildir ki, gələcəyin ixtisasları tədris edilməyə başlayıb. Özü də bütün ixtisaslar deyil, yalnız bir neçəsi.



Mövzuya münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az-a deyib ki, gələcəyin ixtisasları informasiya texnologiyaları və təhlükəsizliyi, yaşıl enerji, alternativ enerji mənbələri, ekologiya ilə bağlı olan ixtisaslardır. Ölkə universitetlərinin bəzilərində sözügedən ixtisasların bir neçəsi - kibertəhlükəsizlik, informasiya texnologiyaları və təhlükəsizliyi üzrə mütəxəssislər hazırlanır:

“Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları nəinki bu günün, gələcəyin ixtisaslarıdır. Bu ixtisaslara bu gün çox ehtiyac var, gələcəkdə də olacaq. Hazırda beynəlxalq arenada karyera quran azərbaycanlıların yarısından çoxu bu ixtisasa yiyələniblər. Azərbaycanda da bu mütəxəssislərə tələb hər il artır. Kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir. Abuturiyentlər bu ixtisasın bakalavr pilləsini Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xarici universitetlərdən geri qalmayacaq səviyyədə oxuya bilirlər. Ancaq ali təhsil müəssisələrimizin heç birində gələcəyin ixtisasları sayılan yaşıl enerji və ekologiya ilə bağlı ixtisas yoxdur".

Elçin Əfəndinin sözlərinə görə, kosmik texnologiyalar ixtisası yalnız Milli Aviyasiya Akademiyasında var:

"Yaşıl enerji və alternativ enerji mənbələri, ekologiya ilə bağlı ixtisaslar ölkə universitetlərinin heç birində yoxdur. Ekologiya adlı ixtisas var, ancaq tədris başqa istiqamət üzrə aparılır. Hesab edirəm ki, ali təhsil müəssisələrində gələcəyin ixtisaslarının olması ixtisaslı kadrların hazırlanmasına, formalaşmasına, bu sahədə mütəxəssis ehtiyatının mövcud olmasına gətirib çıxaracaq. Eyni zamanda yeni texnoloji nailiyyətlər sahəsində ölkəmizin də uğur qazanmasına zəmin yaradacaq. Biliklər sürətlə dəyişir, yeni ixtisaslar meydana çıxır, bunlara çevik reaksiya vermək milli iqtisadiyyatın perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Bir neçə il sonra aktual olacaq ixtisaslar üzrə kadrların yetişdirlməsinə xüsusi diqqət ayrılmalıdır. Bu gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə olacaq”.



Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır:

"Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının, dental implantların gücləndirilməsində və digər sahələrdə istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında bu texnologiyadan istifadə olunması gözlənilir. Bəşəriyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır”.

Professorun sözlərinə görə, hazırda lazımsız görünən bir ixtisas 50 il əvvəl çox aktual idi:

"Bu, zamanın çağırışı, inkişaf dinamikasıdır. Amma gələcəyi görmək çox çətindir. İndiki dövrdə isə, ümumiyyətlə, mümkün deyil. Çünki inkişaf gözlə qaş arasındadır. Məsələn, kitab çapı ilə mexaniki saatın ixtirası arasında 300 il fərq var. Radio ilə televiyanın ixtirası arasındakı fərq isə cəmi on ildir. Lakin hazırda, az qala, hər gün yeni nəsə yaradılır. "Texnoloji stimulyarlıq” termini məhz haqqında danışdığımız bu sürətli inkişafı özündə ehtiva edir. Dövrümüz çox sürətlə dəyişir. Bu dəyişməni xarakterizə edən elmi termin - “texnoloji sinqulyarlıqdır”. Min illər əvvəl çox önəmli ixtiralar arasında yüz illərlə fərq vardısa, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda fevral ayını yaşayırıq, amma martda elə güclü ixtira ola bilər ki, bəşəriyyəti tamamilə dəyişə bilər. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə sürücüyə ehtiyac qalmayacaq. Proqram vasitəsi ilə avtomobil sərnişini istədiyi ünvana aparacaq”.

Şahlar Əsgərovun fikrincə, əslində ixtisaslar sıradan çıxmır, biri digərinin içində əriyir:

"Fizika və kimya fakültəsi var, gələcəkdə fizkimya , biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası əlaqə dirənmir, inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orada əhalini qorxudan şey yoxdur. Dediyim kimi bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək”.

Hazırda Azərbaycanln bir çox universitetlərdə gələcəyin əsas ixtisası sayılan informasiya texnologiyaları (İT) ixtisası tədris edilir. Amma həmin fakültələrdən məzun olan gənclərin İT sahəsində peşəkar mütəxəssis olmaları üçün uzun müddət və geniş təcrübə lazımdır.

İT üzrə təhsil alan Maqsud Məmmədovun sğzlərinə görə, kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda öyrənmək mümkündür:

"Ancaq yüksək ixtisaslı mütəxəssis olmaq üçün universitet təhsili mütləqdir. Bunun üçün də gərək ali təhsil müəssisələri xarici universitetlərdən geri qalmayacaq səviyyədə təhsil versin. Xariici universitetlərlə müqayisədə bizdə təhsil zəifdir. Xarici univerisitetlərin maddi-texniki bazası daha geniş, müasir, müəllimləri İT sahəsi üzrə mütəxəssislərdir. Bu səbəbdən də mən təhsilimi xaricdə davam etdirmək istəyirəm. İT sahəsi üzrə sözün əsil mənasında mütəxəssis olmaq istəyirsənsə, xaricdə təhsil mütləqdir”.



“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, universitetlərin informasiya texnologiyalarını tədris edən fakültələrinin məzunları bazarın tələbatını ödəyəcək potensiala, təcrübəyə sahib deyillər. Buradakı problemlərdən biri də tədrisdədir. Belə ki, məzunların əksəriyyəti mütəxəssis kimi yetişmək, əmək bazarında özünə yer tapmaq üçün məcburən universitetdən əlavə kursa gedir. Ona görə də düşünürəm ki, universitetlərdə tədrisin səviyyəsini daha da yüksəltmək lazımdır:

“Bəzi universitetlərdə təhsil imkanları qənaətbəxş deyil. 5-6 il öncənin proqramı tədris olunur. Bu səbəbdən də xarici universitetlərdə təhsil almaq istəyənlərin sayı durmadan artır. Gənclər yüksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün xaricə üz tuturlar. Məsələnin yeganə həlli yolu bu sahəyə dövlət səviyyəsində dəstək göstərilməsidir. Universitetlərin maddi-texniki bazası standartlara uyğunlaşdırılmalı, həm də sözügedən sahə üzrə xaricdə təhsil almış müəllimlər universitetlərə cəlb olunmalıdır”.

O.Gündüz vurğulayıb ki, eyni zamanda, ölkədə informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlayan, onları peşəkar səviyyədə öyrədən bir qurum olmalıdır. Universitet təhsili bu sahədə mütəxəssis olmağa kifayət etmir:

“Ölkədə superkompüterlərlə işləyən, bəzi əməliyyat sistemlərinin yazılması ilə bağlı mütəxəssislər azdır. Elektron tibb sahəsi ilə məşğul olan mütəxəssislər demək olar ki, yox səviyyəsindədir Hesab edirəm ki, bazardakı boşluğu aradan qaldırmaq üçün xaricdə bu sahədə təhsil alan gənclərimizi də müəyyən şərtlərlə ölkəyə dəvət etmək lazımıdr. Onları Azərbaycana cəlb etməliyik. Xaricdə informasiya texnologiyaları üzrə yüksək təhsil alan gənclərin çoxu ölkəyə geri qayıtmır. Yüksək əməkhaqqı ilə getdikləri ölkələrdə qalıb işləyirlər”.



Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun fikrincə, bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır:


“Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmaq, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir. Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Təəssüf doğuran hal odur ki, ölkəmizdə bu ixtisaslara maraq kifayət qədər deyil. Türkiyə və Qərbin ali məktəblərini seçən məzunlar yenə də ənənəvi ixtisaslara üz tutur. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər”.

Rektor bildirib ki, kompüter oyunu dizaynı da əhəmiyyətli məsələləe sırasındadır. Bu sektor artıq 100 milyard dolları əhatə edir. Məzunlar oyun istehsalı, inkişaf etdirilməsi, dizaynı, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyanın istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər. Eləcə də bura ekoloji işlər davamlılıq ixtisasını da daxil etmək olar. Perspektivdə informasiya və virtual təhlükəsizlik də önə çıxır. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqlardan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir:

“Dövrün ən dəbdə olan sahələrindən biri də nanatexnologiyadır. Bu yeni elm sahəsi maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Dünyada nanotexnoloji layihələrə ildə 9 milyard dollardan artıq sərmayə qoyulur. Bu sektorun 2 milyon insanı məşğulluqla təmin etməsi gözlənilir. Beləliklə, günün və gələcəyin tələbi bizlərdən daha çevik olmağı, dünyaya inteqrasiyanı tələb edir. Diplom dalınca qaçmaq yox, sənət, yaxın gələcəyin ixtisaslarına yiyələnmək gərəkdir. Günün tələbi budur”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
  • Adam

    Bunlar adamdan başqa hər nəyə oxşayırlar!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər