Bakupost.az "Gecə pıçıltıları" rubrikasında Əli Kərimin “İki sevgi” adlı şeirini təqdim edir:
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
Kabab üstdən sərin su
pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan
göz işıq sevən kimi…
O isə səni sevir;
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
səs kimi, qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
Şair,axı,Daşkəsənin adını çəkmir."Bakıdan,Migəçevirdən gələn bir səda kimi,səs kimi.."- deyir.