Ru
17:20 / 26 Sentyabr 2022

"İran qadınların cəhənnəminə çevrilib" - Məhsa Mehdili son hadisələri şərh edir

8406
"İran siyasi sistemi siyasi sosial-iqtisadi, xarici siyasət müstəvisində problemlər yaradır. Onların apardığı yanlış xarici siyasət nəticəsində İranın daxilində işsizlik, fahişəlik, narkotikin yayılması, aclıq və məişət problemləri artıq insanları boğaza yığıb".


Bu fikirləri Bakupost.az -a Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili İranda baş verən son hadisləri şərh edərkən deyib.


M. Mehdili bildirib ki, İran heç bir sahədə demokratik dəyişiklikləri qəbul etmir:




"İranın siyasi sistemi diktaturadır. Ona görə də burada hökumət-dövlət ayrımı yoxdur. İranda Prezident məqamı formal xarakter daşıyır. Çünki bütün qüvvələrin əsas başçısı dini liderdir. O, xalq tərəfindən seçilmir və deyir ki, mən Allah tərəfindən göndərilmişəm. Yəni, o, özünü Allahın vəkili olaraq görür. "Mənim əmrim Allahın əmridir" formasında davranır. Eyni zamanda İran heç bir sahədə demokratik məkan tanımır ki, insanlar gedib orada etirazlarını bildirsin. Azad televiziya, azad mətbuat, azad mitinq yoxdur. Sadəcə, Türkiyə və Azərbaycana qarşı propoqanda aparmaq istəyərkən, ermənilər üçün azad mitinq təşkil edirlər. Danışan, etiraz edəni də hərbə-zorbayla ya tutur, ya da asırlar. Yəni, sistem belə işləyir. Belə bir sistemdə insanlar məcburi formada küçələr axın edib. Çünki sözlərini demək üçün ayrı bir məkan yoxdur".


Məhsa Mehdili qeyd edib ki, İran ölkənin bütün qaynaqlarını radikal qrupların silahlanmasına sərf edir:


"Sosial mediada sözünü deyən şəxslərin də axşam evinə tökülür və yox edirlər. Yəni, belə bir sistemdə küçəyə axın etməkdən başqa yol yoxdur. Bir tərəfdən də İran bütün ölkənin problemlərinə, yəni orada yaşayan millətlərin, qadınların, kasıb insanların vəziyyətinə baxmayaraq, xaricdə radikal qrupları silahlandıraraq onların ideoloji cəhətdən güclənməsi üçün ölkənin bütün sərvətini oraya göndərir. Livan, İraq, Yəmən, Əfqanıstan, Suriyada və dünyanın istənilən digər yerində müsəlman-müsəlmanı öldürürsə, yaxud bir savaş varsa, orada radikal qrupları bəsləyir, çiyinlərinə silah verir. Bunun bədəlini də İranda yaşayan millətlər ödəyir. Digər tərəfdən, İranda yaşayan millətlərin fars şovinizmi ilə problemləri var. Yəni hər şeyin fars millətinin mənfəətinin üstünə olması qeyri-fars millətlər üçün problemdir. Eyni zamanda farsların və qeyri-farsların diktatora rejimi, sistemlə problemləri var. Yəni, fərqli din mənsublarının haqları tapdalanır. Düşünün ki, yəhudilərə təhsil haqqı tanımır, onları insan belə saymır. Hətta bu rejim məzhəb ayrı-seçkiliyi belə aparır. İran dinlərin, dillərin, millətlərin, qadınların cəhənnəminə çevrilib. Demək olar ki, hər etiraza da belə hərbə-zorba ilə cavab verir. İnsanlar bir müddətdən sonra artıq boğulurlar. Bu İranda ilk hadisələr deyil, son hadisə də olmayacaq".


Siyasi fəal vurğulayıb ki, İran rejimi xarici siyasətdəki səhvinin cəzasını xalqa ödətdiyi üçün insanlar boğaza yığılıb:


"Bir zamanlar problemlər İran rejimi ilə intellektual insanlar arasında idi. Həmin vaxt niyə qadınlara örtünmə haqqı ilə bağlı hörmət edilmir, ana dili haqqı verilmir kimi məsələlər var idi. İndi isə İran xarici siyasətdəki səhvinin cəzasını ölkə vətəndaşlarına ödətdirdiyi üçün insanlar artıq cana doyub. Təsəvvür edin, onlar süfrələrinə çörək tapa bilmir. Bir vaxtlar İranın siyasəti təkcə müxalifəti narahat edirdisə, indi hamını narahat edir. Çünki millət ac-susuz, işsiz qalıb. Dövlət nə üçün var? Dövlət ölkəsində yaşayan insanların, xalqların iradəsinin məhsulu olmalı və onların problemlerini həll etməlidir. Dövlətin mahiyyəti budur. Ancaq İranda dövlət bu mahiyyətini itirib".





M.Mehdili hesab edir ki, İranda son bir neçə gündə insanların öldürülməsi tam bir qətliamdır:


"Son bir neçə gündə təəssüf ki, 50-yə qədər insan öldürülüb. Nə qədər insanın öldürülməsindən asılı olmayaraq, hər biri bir ananın övladı, bir candır. Ən çox da qadınlar öldürülüb. Bu hadisə məni o qədər üzür ki, hələ də özümə gələ bilmirəm. İnsanların əllərində daş yox, silah yox, onlardan əlavə nəsə istəmirlər. Sadəcə deyirlər ki, geyimə qarşıma, iş ver, ölkənin sərvətini silahlı qruplara paylama. Buna görə onları öldürmək ən böyük haqsızlıqdır. İranda son bir neçə gündə insanların öldürülməsi tam bir qətliamdır. 2006-cı ildə də belə oldu. Güney Azərbaycanlılar küçəyə çıxanda o zaman mən də orada idim, gözümüzün qabağında qadınları öldürdülər. Özəlliklə Orta Şərqdə sadəcə xalqın etirazı olmur, xarici faktorların da müdaxiləsi çox önəmlidir. Sadəcə onların da qaşımıza-gözümüzə aşiq olduqlarını düşünmürəm. Mənim təmənnim budur ki, rejimin rəhbərləri ağıllı-başlı düşünərək, xaos yaratmadan, heç bir müdaxilə olmadan problemləri həll etsinlər. Həll olunmalıdır, çünki bu etirazlar davam edəcək".






M.Mehdilinin fikrincə, belə bir diktator rejimə qarşı mübarizədə xalqa sağlam dəstək lazımdır:

"Açıq desəm, Rusiyanın, Çinin, Ameriakanın bu işlərə müdaxiləsini istəmərəm. Lakin belə bir diktator rejimə qarşı onların verəcəyi sağlam dəstək lazımdır. Amma o da bir formada xaosdur. Bilirsiz, bu sanki iki başlı bıçaq kimidir. İran rejimini heç sevmirəm. Mən bir Güney Azərbaycanlı olaraq o rejimlə heç bir nöqtədə barışmıram. Arzu edirəm ki, həm İranın içindəki müxalif qruplar, həm rejim ağıllı addımlar atsın. Bu mənada ki, həqiqətləri rədd etməsin. Bir problemi rədd, inkar edərək, həll etmək olmaz. Ancaq əminəm ki, bir nöqtədən sonra İran rejimi buna məcbur qalacaq. Ya gedəcək, ya da buna məcbur qalacaq. Çünki artıq millət acdır".


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər